...

Mövcud beynəlxalq konyunktur fonunda mitinqlər kimlərin marağına xidmət edir?

Siyasət Materials 6 Noyabr 2014 13:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

"İndiki dövrdə mitinqlərin keçirilməsini partiya olaraq məqsədəuyğun hesab etmirik". Bu barədə Trend-ə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Milli Şuranın keçirmək istədiyi mitinqə münasibət bildirərkən deyib.

Onun fikrincə, mitinqlər hər hansı bir ölkə üçün geri qaytarılması mümkün olmayan proseslərlə nəticələnə bilər: "Mən bir-iki gün bundan əvvəl Suriya müxalifətinin liderlərindən birinin Türkiyə televiziya kanalında çıxışına qulaq asırdım. O deyirdi ki, "biz Suriyada demokratik mübarizəyə qalxanda, mitinqlər keçirəndə ağlımızın ucundan da keçməzdi ki, Suriya Əfqanıstandan, Nigeriyadan da ağır duruma düşəcək, biz həm dövlətçiliyimizi, həm bütünlükdə Suriyanı itirəcəyik".

S.Cəlaloğlu hesab edir ki, əslinə baxanda, Suriyadakı bütün bu proseslərin başlanğıcında müxalifətin xoşniyyətli mitinqləri dayandı: "İndiki beynəlxalq konyunkturu nəzərə alıb, Azərbaycana qarşı bəzi böyük dövlətlərin aqressiv davranışını gördüyümüz bir vaxtda, öz fikir və niyyətlərimizi kiməsə çatdırmaq üçün mitinqlər keçirməyi məqsədəuyğun hesab etmirik. Milli Şuranın son mitinqində İŞİD-in bayrağını qaldırdılar. Sabah əgər hər hansı bir qüvvə o mitinqdə bir provokasiya təşkil etsə, mitinq təşkilatçıları onun qarşısını necə ala biləcəklər? Ona görə də hesab edirəm ki, indiki beynəlxalq konyunkturu nəzərə alıb, xalqın küçələrə çıxmasını arxa plana keçirmək lazımdır, daha çox zallarda, örtülü yerlərdə, demokratik mübarizənin xalqın ciddi iştirakı tələb olunmayan digər üsul və vasitələrinə üstünlük vermək lazımdır. Düzdür demokratiya xalqın iştirakını istəyir, amma demokratik mübarizə üsullarının həddən artıq çoxlu formaları var ki, orada kütləvi iştirak tələb olunmur. Mənim fikrim budur. Ona görə də biz mitinqlər keçirmirik və mitinqlərdə də partiya kimi iştirak etməyə o qədər də marağımız yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti