...

Texas ştatının Nümayəndələr Palatasında Xocalı anıldı (FOTO)

Siyasət Materials 19 Fevral 2015 04:53 (UTC +04:00)
Fevralın 17-də tarixində Texas Nümayəndələr Palatasının plenar iclası zamanı Texas Parlamentində Xocalı qətliamına həsr olunmuş tədbir keçirildi və Azərbaycanın ABŞ-ın strateji müttəfiqi olduğu qeyd olundu, eləcə də Azərbaycan nümayəndələri rəsmi olaraq salamlandı.
Texas ştatının Nümayəndələr Palatasında Xocalı anıldı (FOTO)

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Fevralın 17-də tarixində Texas Nümayəndələr Palatasının plenar iclası zamanı Texas Parlamentində Xocalı qətliamına həsr olunmuş tədbir keçirildi və Azərbaycanın ABŞ-ın strateji müttəfiqi olduğu qeyd olundu, eləcə də Azərbaycan nümayəndələri rəsmi olaraq salamlandı.

Texasın paytaxtı Ostin şəhərində Texas ştatı Parlamentində nümayəndələr palatasının üzvləri Rafael Ançiya (Rafael Anchia) və Mira Kraunover (Myra Crownover) "Azərbaycanın Dostları Assambleyası" (AFAZ) ilə birgə təşkil olunmuş Xocalı qətliamının ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Texas ştatı Senatı və Nümayəndələr palatasının çoxsaylı üzvləri, onlarının ofisinin təmsilçiləri, həmçinin Amerikada yaşayan Azərbaycan icmasının nümayəndələri iştirak etmişdir.

Tədbirdə çıxış edən Texas Nümayəndələr palatasının üzvü Rafael Ançiya Azərbaycanın ABŞ-ın çox önəmli müttəfiqi olduğunu, ABŞ və NATO-ya Balkan, İraq və Əfqanıstanda əhəmiyyətli dəstəyini, həmçinin Azərbaycanın regionun enerji təhlükəsizliyinə mühüm töhfəsini vurğuladı.

O, Xocalı qətliamından danışaraq, bu kimi faciələrin heç zaman unudulmamalı olduğunu, və Azərbaycan torpaqların indiyədək işğal altında olduğunu bildirib. Dövlət katibi Con Kerrinin sözlərindən sitat gətirərək Azərbaycanın tolerantlıq, müxtəliflik və pluralizmə sadiqliyini qeyd etdi və bu prinsiplər üzrə regionda nümunə olduğunu dedi.

Bundan sonra söz götürən Texas Nümayəndələr Palatasının üzvü və Komitə sədri Cozef Desitel (Joseph D. Deshotel) Azərbaycana səfər etdiyini qeyd edib. Ölkəmizdən olduqca xoş təəsüratlarla döndüyünü deyən Texas millət vəkili ABŞ-ın dostu olan Azərbaycana həmkarlarını səfər etməyə çağırıb.

Yerli demokratların ən fəal nümayəndələrindən olan Roberto Alonso (Roberto Alonzo) bəyan etdi ki, Xocalı qətliamı kimi faciələr hər zaman xatırlanmalıdır və məhz buna görə də biz bu dəhşətli faciənin qurbanlarının xatirəsini anmaq üçün yığışanlara qatılırıq. O, həmçinin ölkəmizin yerləşdiyi regionda ABŞ-ın dostu olan yalnız üç ölkə olduğunu və bunların Azərbaycan, İsrail və Türkiyə olduğunu bilməyin zəruriliyini qeyd etdi.

Azərbaycan Respublikasının ABŞ-da Səfirliyinin müşaviri Məmməd Talıbov tədbirdə çıxış edərək Xocalı qətliamının hər bir Azərbaycanlının qəlbində sızlayan yara və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən qanlı və qara səhifəsi olduğunu bildirdi.

O, Xocalının işğalı zamanı Ermənistan silahlı qüvvələri tərəfindən şəhərin yüzlərlə günahsız sakininin qəddarcasına məhv edildiyini, burada qadın, uşaq və qocaların fərq qoyulmadan qətlə yetirildiyini qeyd etdi. Azərbaycanlı diplomat bu tədbirin vacibliyindən danışaraq Texas ştatının Xocalı qətliamını rəsmi tanıyan ştatlar sırasında olmasına görə təşəkkürünü bildirdi və həmin tədbirdə çoxsaylı Texas rəsmilərinin iştirakının bunu bir daha təsdiqlədiyini bildirdi. O, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında həll olunması məqsədilə səylərin artırılmasının önəmini vurğuladı.

Azərbaycanlı diplomat iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını, Azərbaycanın terrorçuluğa qarşı mübarizə, enerji təhlükəsizliyi və digər sahələrdə ABŞ üçün önəmini qeyd edərək bu kontestdə Cənubi Qaz Dəhlizinin növbəti prioritet layihə olduğunu qeyd etdi.

Eyni zamanda Azərbaycan diplomatı Texas ştatı Nümayəndələr Palatasının üzvü Cin Vuya (Gene Wu) Xocalı qətliamı ilə bağlı bir neçə gün əvvəl verdiyi bıyanata görə təşəkkürünü bildirdi.

Qeyd edək ki, Texas Xocalı qətliamını tanımış on beş ABŞ ştatlarından biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti