...

Davudoğlu: Millət vəkillərinin hakim partiyanın nüfuzuna xələl gətirməsi yolverilməzdir

Siyasət Materials 24 Mart 2015 16:53 (UTC +04:00)
Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib ki, kimliyindən asılı olmayaraq, partiyanın siyasi nüfuzuna xələl gətirəcək hər hansı bir addım atılarsa, qaydalara tabe olmayanlar intizam komissiyasına cəlb ediləcəklər.
Davudoğlu: Millət vəkillərinin hakim partiyanın nüfuzuna xələl gətirməsi yolverilməzdir

Azərbaycan, Bakı, 24 mart l /Trend, müxbir Rufiz Hafizoğlu/

"Hakim partiyada fərqli fikirlər ola bilər, lakin bu o demək deyil ki, millət vəkilləri partiyanın nüfuzunu sarsıdacaq açıqlamalar verə bilər".

Bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib. Bu barədə Trend Türkiyənin "TRT Haber" telekanalına istinadən məlumat verir.

Davudoğlu qeyd edib ki, kimliyindən asılı olmayaraq, partiyanın siyasi nüfuzuna xələl gətirəcək hər hansı bir addım atılarsa, qaydalara tabe olmayanlar intizam komissiyasına cəlb ediləcəklər.

Baş nazir deyib ki, Türkiyədə daxili stabilliyin qorunması ən vacib məsələlərdən biridir.

Xatırladaq ki, baş nazirin müavini Bülənt Arınçın bu günlərdə prezident Rəcəb Tayyib Ərdoğan ilə bağlı verdiyi açıqlama hakim partiya daxilində ciddi qalmaqala səbəb olub.

Arınç deyib ki, Ərdoğan kürd probleminin həlli məsələsinin detalları haqqında yetərincə məlumatlı deyil.

Qeyd edək ki, Ankara bələdiyyə başçısı Melih Gökçe B.Arıncı hazırda ABŞ-da olan və Türkiyə əleyhinə casusluqda ittiham olunan Fətullah Gülənlə əlaqəli olmaqda ittiham edib. Qarşılıqlı ittihamlarla Arınç da M.Gökçeni Gülən hərəkatı ilə əməkdaşlıqda günahlandırıb.

Məlumat üçün qeyd edək ki, B.Arınç və M.Gökçek haqqında cinayət işinin açıldığı iddia edilsə də, hər iki tərəfin millət vəkili toxunulmazlığı olduğu üçün tərəflər haqqında cinayət işi hələ ki açılmayıb. Türkiyə qanunlarına əsasən millət vəkilləri haqqında cinayət işinin açılması üçün prokurorluq parlamentə müraciət etməlidir. Bundan sonra əgər parlament millət vəkilinin toxunulmazlığını ləğv edərsə, bundan sonra cinayət işi açıla bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti