Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir Elçin Mehdiyev/
""Avronest"in Yerevanda keçirilən iclası Avropa İttifaqının (Aİ) Ermənistana münasibətini ölçmək üçün kifayət qədər əsas yaratdı. "Avronest"in bu iclası Aİ-nin Riqa sammitinin bir addımlığında keçirilirdi". Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloqun fikrincə, Aİ-nin Vilnüs sammitində assosiativ müqaviləni imzalaya bilməyən Ermənistan indi Riqa sammitində müəyyən sənəd imzalamağa çalışır:
"Əsas məqsədi Azərbaycan torpaqlarını işğal altında saxlamaq siyasətinə yeni resurs yaratmaqdır. Çünki Ermənistan həm Qərb, həm də Rusiya ilə eyni vaxtda əməkdaşlıq edəndə virtual Ermənistanın rəhbərliyinin manevr imkanları genişlənir. Azərbaycanı həm Rusiyanın, həm də Qərbin adından hədələyə bilirlər. Ermənilərin fikrincə, Aİ və Rusiya heç vaxt bir masa arxasında Dağlıq Qarabağ məsələsini müzakirə etməyəcəklər".
M.Əhmədoğlu qeyd edib ki, "Avronest"in Ermənistan iclasında əsas gündəlikdə olan məsələ Ermənistanın AİB üzvlüyünə verilən reaksiya idi. Onun sözlərinə görə, bu mövzuda irəliləyiş var:
"Nəhayət, ermənilər başa düşdülər ki, AİB-in üzvü ola-ola Aİ ilə assosiativ əməkdaşlıq müqaviləsi imzalamaq qeyri-mümkündür. Aİ-nin nizamnaməsi buna imkan vermir. Ermənistan cəmiyyətində belə fikirləri yaymaq ən təhlükəli işlərdən biridir. Amma avroparlamentarilər bu fikirləri Ermənistan deputatlarına çatdıra bildilər və bəzi erməni deputatları bu fikirləri təkrarladılar. Avroparlamentarilərin Rusiya ilə münasibətlərə görə Ermənistanı tənqid etməsi aysberqin üzdə olan hissəsidir. S.Sərkisyan Rusiyanı avropalıların qarşısında müsbət formada təqdim etməkdə əsas məqsədi Qarabağ məsələsində Qərbin həqiqətdən kənarda durmasına nail olmaqdır".
Politoloq qeyd edib ki, hətta bəzi avroparlamentarilər inanırlar ki, guya Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri və Rusiya ilə Azərbaycan arasındakı 4 milyard dollarlıq silah müqaviləsi Ermənistanı Rusiya tərəfə dönməyə vadar edir:
"Hər halda bu fikrin müəllifi olan avroparlamentarilər mövqeləri üzərində ciddi düşünsələr daha yaxşıdır. Ermənistanda Rusiyanın hərbi bazasının dəyəri 4 milyardla deyil, bəlkə də 40 milyard dollarla ölçülür. Avropalılar üçün Rusiya-Azərbaycan və Rusiya‑Ermənistan hərbi əlaqələri mahiyyət kəsb edirsə, onlar məsələnin bu tərəfinə də fikir verməlidirlər. Azərbaycan və Rusiya qonşu dövlətlərdir. 2 ildə bir dəfə Rusiya prezidentinin Azərbaycana səfərinə irad tutan avroparlamentarilər MDB, KTMT və AİB sammitlərində Serj Sərkisyanın V.Putinlə görüşə yalvarmalarını diqqətdən qaçırırlar".
M.Əhmədoğlunun sözlərinə görə, görünür, avroparlamentarilər hələ də Ermənistanın yalanlarına inanmaq arzusundadırlar:
"Bu, çox təhlükəlidir. Aİ-nin Şərq Tərəfdaşlığı proqramını Ermənistan iflasa uğratdı. Ermənistanla danışıqları aparan, yerli seçkilərdə demokratiyanın pozulduğu gün S.Sərkisyana Aİ adından 60 milyon avroluq çek bağışlayan Ş.Füle də Ermənistana çox inanırdı. Ş.Füle hətta erməni milliətçisi kimi Rusiyanı Azərbaycana silah satdığına görə tənqid etdi. Bazar iqtisadiyyatı modelinin tərəfdarı olan Aİ-nin komissarı Ermənistana qazı dünya bazarındakı qiymətdən 2 dəfə ucuz satmağı Rusiyadan tələb etdi. S.Fülenin belə inamı ermənilərin təhlükə mənbəyi kimi görünməsinə imkan vermədi. Nəticədə, Ermənistan Şərq Tərəfdaşlığı layihəsindən çıxdı, Şərq Tərəfdaşlığı proqramını dağıtmağa Rusiyanın inamı artdı".
Politoloq vurğulayıb ki, bundan başlayan proseslər Ukraynanın parçalanması ilə nəticələndi:
"Aİ bu təhlükəli yolu yenidən təkrarlamaq istəyir. Bu dəfə Ermənistan Aİ-nin Xəzər-Qafqaz regionundakı bütün maraqlarını darmadağın edəcək. Bir əli ilə Xəzər-Qafqaz regionundan qaz almaq istəyənAİ, digər əli ilə bu regiondakı əsas təhlükə ocağını alovlandırır. Genişlənmə üzrə yeni avrokomissar Y.Xanın Ermənistana səfəri zamanı və sonra verdiyi bəyanatlar göstərir ki, Aİ Ermənistanla əməkdaşlıq müqaviləsi imzalamaq üçün variantlar axtarır. Bu baş verməsin deyə Aİ Ermənistanın regional təhlükəsizlik siyasəti ilə ciddi surətdə maraqlanmalıdır".
Politoloqun fikrincə, əgər Ermənistanın regional siyasəti, regional təhlükəsizlik konsepsiyası Aİ-ni qane edəcəksə, o zaman Aİ Ermənistanla yeni əməkdaşlıq üçün hüquqi baza yaratmaqla bağlı qərar qəbul edə bilər:
"O zaman biz də Azərbaycanda Aİ-nin regional təhlükəsizliklə bağlı meyarlarının nə olduğunu başa düşə bilərik. Ermənistan region dövlətlərin ərazi bütövlüyünü tanımayacaqsa, Azərbaycana qarşı işğalçılıq siyasətini dayandırmayacaqsa, Azərbaycan və Türkmənistanın Aİ-yə qaz satması həmişə təhlükə altında ola bilər. Hər şey bu iki dövlətdən asılı deyil. Ona görə Aİ-nin hər iki əli Qafqaz-Xəzər regionunda təhlükəsizliyin möhkəmlənməsi istiqamətində fəaliyyət göstərməlidir".