...

Ermənilərin böyük yalanlar altında gizlətmək istədikləri gün

Siyasət Materials 30 Mart 2015 19:30 (UTC +04:00)
31 Mart. Bu tarix illərdir ermənilərin cidd-cəhdlə dünyaya "anlatmaq" istədiyi ən böyük yalan günlərindən biridir. Əslində isə ermənilərin millətimizə qarşı törətdikləri vəhşiliklərin, qırğınların, soyqırımların üstünün ört-basdır edilərək əks istiqamətdə yürütdükləri yalanlar günüdür.
Ermənilərin böyük yalanlar altında gizlətmək istədikləri gün

Azərbaycan xəbərlər xidməti

Mətanət Əliyeva - Trend:

31 Mart. Bu tarix illərdir ermənilərin cidd-cəhdlə dünyaya "anlatmaq" istədiyi ən böyük yalan günlərindən biridir. Əslində isə ermənilərin millətimizə qarşı törətdikləri vəhşiliklərin, qırğınların, soyqırımların üstünün ört-basdır edilərək əks istiqamətdə yürütdükləri yalanlar günüdür.

31 mart - bolşeviklərin daşnaqlarla birlikdə millətimizə qarşı həyata keçirdikləri milli qırğın günüdür. 1918-ci ildə martın 30-dan başlayaraq aprelin 3-dək Bakıda və Bakı quberniyasının müxtəlif bölgələrində - Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvanda daşnak erməni silahlı dəstələri bolşeviklərlə birgə azərbaycanlılara qarşı qırğınlar törədiblər. Rəsmi mənbələrin verdiyi məlumatlarda soyqırım nəticəsində 12 mindən çox insanın qətlə yetirildiyi, on minlərlə soydaşımızın itkin düşdüyü bildirilir. Bu hadisələrin baş verməsindən sonra 1919-1920-ci illərdə martın 31-i Azərbaycanda matəm günü kimi qeyd olunub.

1998-ci il martın 26-da ümumilli lider Heydər Əliyev tərəfindən imzalanan sərəncamla ölkəmizdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Mart qırğınının əsas təşkilatçısı olan Stepan Şaumyan 1918-ci il aprelin 13-də RSFSR XKS-ə yazdığı məktubunda etiraf etmişdi: "Biz süvari dəstəmizə birinci silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik... Bizim altı min nəfərə yaxın silahlı qüvvələrimiz var idi...

"Daşnaksütyunun" üç-dörd min nəfərlik milli hissələri var idi ki, bunlar da bizim ixtiyarımızda idi. Milli hissələrin inkişafı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildir. Biz bilərəkdən buna yol verdik".

Erməni diasporu erməni təbliğat maşını vasitəsiylə uydurduqları yalanlarla, yürütdükləri məkrli informasiya siyasətiylə beynəlxalq ictimaiyyətdə "məzlum" obrazlarını formalaşdıraraq əslində tarixdə qara ləkə kimi qalmış mart qırğınlarının üzərinə qalın bir pərdə çəkmək istəyirlər. Bunun üçünsə ermənilər yalan, saxtalaşdırılmış məlumatlarla əks istiqamətdə təbliğat müharibəsi aparırlar. Onlar hətta türklərə qarşı törətdikləri qırğınlarda ermənilərin də öldürüldüyünü iddia etməyə çalışırlar.

Tarixdə türklərin təzyiqlərə məruz qaldıqları, faciələr yaşadıqları günlər çox olub. Amma 1918-ci ildə qırğınların baş verdiyi mart günləri yaşanan faciələrin miqyasına, həcminə görə millətimizin yaşamış olduğu ən dəhşətli günlərdən hesab olunur. Mart qırğınları bir millətin, xalqın soyqırımı, məhv edilməsi istiqamətində aparılan mütəşəkkil, planlı şəkildə törədilən faciə günləri kimi tarixə düşüb. Bu gün ermənilər bütün dünyaya saxta məlumatlar toplusuyla sübut etməyə çalışırlar ki, 1918-ci ildə törədilmiş qırğınlarda faciə qurbanları millətlərinin içərisində ermənilər də olub. Bunun üçünsə tarixi qaynaqlarda olan rəsmi məlumatlar erməni "tarixçiləri" tərəfindən məharətlə saxtalaşdırılır. Saxta tarix yazan erməni təbliğat maşınına sözügedən istiqamətdə fəallaşmasında ən güclü dəstəyi isə erməni kilsəsi verir. Bu iki tərəf illərdir ki, Azərbaycan və Türkiyə əleyhinə vahid nöqtədən qaynaqlanan sifarişlə saxta mübarizələrini aparmaqdadır. Erməni diasporunun güvəndiyi xaçpərəst dünya isə müsəlman aləminə düşmənçiliyini gizlətməyə belə lüzum görmür. Vatikana Roma Papasına son günlərdə uzanan və uğursuzluqla havada boş qalan erməni əlləri dediklərimizə əyani sübutdur.

Pərdələnmiş erməni yalanları dəyişən dünya düzənində artıq bir-birinin ardınca ifşa olunmaqdadır. Bu istiqamətdə həm Türkiyə, həm də Azərbaycan diplomatiyasının apardığı davamlı və ardıcıl diplomatik mübarizə, yürüdülən informasiya siyasəti öz nəticəsini verməkdədir.

Qədim bir atalar sözümüzdə deyildiyi kimi: "Yalan ayaq tutar, amma yeriməz".

Düşünürəm ki, ermənilərin hər zaman söykəndikləri yalan qalaqlarının üzərindəki pərdələr bir-birinin ardınca götürüldükcə, həqiqətləri, gerçəkləri əks etdirən çılpaq tarixi faktların da üzərinə gün düşməkdədir. Bu faktlarda isə erməni vəhşilikləri, millətimizə qarşı törədilən qırğınlar, faciələr, soyqırım anladılır. Ən qısa sözlərlə desək - gerçək erməni simasının əsl üzü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti