Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir İlkin İzzət/
"Bakıdakı danışıqlar zamanı Azərbaycanda sığorta sahəsindəki təcrübə, dərman istehsalı sahəsində əməkdaşlıq və Qırmızı Aypara Cəmiyyətinin Bakıda yerəşən klinikasının yenidən qurulmasına dair razılıq əldə etmişik. Biz, eləcə də turizm, xüsusən də tibbi turizm sahəsində əməkdaşlığa dair müzakirələr apardıq. Əlillərin müalicəsi və reabilitasiyası, insan resurslarının artırılması, peşə təhsilində müəyyən razılıq əldə etdik".
Trend xəbər verir ki, bunu Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikasının əmək, kooperasiya və sosial təminat naziri Əli Rəbii Bakıdakı görüşlərindən sonra Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Ə.Rəbii qeyd edib ki, ümumiyyətlə, İran və Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir: "İran Azərbaycana mühüm tərəfdaş kimi baxır. İki ölkə müxtəlif sahələrdə əməkdaşlıq edə bilər. Bunun üçün çox geniş imkanlar var".
O, İrana nüvə məsələsində verdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib: "İranın dinc məqsədli nüvə məsələsində uğur əldə etməsi yalnız İranın deyil, bütün region ölkələrinin və xalqlarının hüquqlarının müdafiəsi hesab edilməlidir. Qərb ölkələri İran xalqının hüquqlarını görməzdən gəlirlər, bizə qarşı haqsız sanksiyalar tətbiq etdilər. Lakin nəhayət, onlar bununla razılaşdılar ki, İran dinc məqsədli nüvə enerjisinə sahib ola bilər".
İranlı nazir qeyd edib ki, onun ölkəsi daim Azərbaycanın ərazi bütövüyünü dəstəkləyib və bu mövqe bundan sonra da davam edəcək: "Azərbaycan torpaqlarının azad edilməsi bizim üçün önəmlidir. Biz bunun tezliklə baş verməsini istəyirik".
O vurğulayıb ki, İranda dərman istehsalı texnologiyası dünya standartları səviyyəsindədir: "İstərdik ki, bu təcrübəni Azərbaycandakı qardaşlarımıza da ötürək. İstərdik ki, Azərbaycanda da yüksək səviyyəli dərmanlar istehsal olunsun və satılsın. Düzdür, burada İranda istehsal olunan dərmanlar satılır. Amma istrədik ki, bu daha geniş formada olsun və Azərbaycanda da istehsal təşkil edilsin. Biz istərdik ki, müalicəyə ehtiyacı olan insanların İranda müalicəsini daha yüksək səviyyədə təşkil edək".