...

Litvada 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilib

Siyasət Materials 27 May 2015 21:45 (UTC +04:00)
Litva Respublikasının paytaxtı Vilnüs şəhərində Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən 28 May – Respublika Gününə həsr olunmuş qəbul təşkil edilmişdir.
Litvada 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan, Bakı, 27 may /Trend/

Litva Respublikasının paytaxtı Vilnüs şəhərində Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən 28 May - Respublika Gününə həsr olunmuş qəbul təşkil edilmişdir.

Səfirlikdən Trend-ə verilən məlumata görə, qəbulda Litva Respublikası müstəqilliyini bərpa etdikdən sonra ilk dövlət başçısı olmuş Vitautas Landsberqis, Seym sədrinin birinci müavini Vidas Qedvilas, Seym sədrinin müavini Alqirdas Sisas, nazir və nazir müavinləri, Seymin komitə sədrləri və deputatları, Seymdə yaradılmış Azərbaycanla Parlamentlərarası əlaqələr qrupunun və GUAM-a üzv ölkələrin ərazi bütövlüyü üzrə Parlament qrupunun sədrləri və üzvləri, universitet rektorları və müəllimləri, Litvanın siyasi və ictimai xadimləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, yerli KİV nümayəndələri, Litvada daimi yaşayan soydaşlarımız və təhsil alan tələbələrimiz, Litva Azərbaycanlı Gənclər Təşkilatının (AYOL) üzvləri iştirak etmişlər.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Həsən Məmmədzadə çıxış edərək tədbir iştirakçılarına Respublika Günü haqqında məlumat vermişdir. Səfir öz çıxışında Şərqdə ilk dəfə olaraq Azərbaycanda yaradılmış demokratik respublikanın fəaliyyəti və 1991-ci ildə müstəqilliyin yenidən bərpa edilməsi, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir Azərbaycan dövlətinin regionun qabaqcıl ölkəsinə çevrilməsi haqqında, o cümlədən iki ölkə arasında həyata keçirilən humanitar və mədəniyyət layihələri, dövlətlərarası əlaqələrin inkişafı barədə danışmışdır. Həmçinin, iyun ayında keçiriləcək Bakı-2015 ilk Avropa Oyunlarına dair məlumat verərək, bunun ölkəmiz üçün əlamətdar hadisə olacağını vurğulamışdır.

Litvanın ilk dövlət başçısı Vitautas Landsberqis Azərbaycan xalqını Respublika Günü ilə bağlı təbrik edərək, Azərbaycana Avropada öz mövqeyini möhkəmləndirməyi arzulamış və bu istiqamətdə Azərbaycan tərəfindən xeyli işlər görüldüyünü qeyd etmişdir. O, həmçinin Litva ilə Azərbaycan xalqları arasında mədəni və dini müxtəlifliyin olmasına baxmayaraq, hər iki ölkənin oxşar talelərinin olduğunu vurğulayaraq, ölkəmizə rifah və əmin-amanlıq arzu etmişdir.

Daha sonra Litvada yaşayan gənc müğənni Ülviyyə Cons-Rəhimovanın ifasında caz nümunələri qonaqlara təqdim edilmişdir. Müğənni oxuduqları "Sarı gəlin", "Əlvida" və digər mahnılar qonaqlar tərəfindən böyük maraqla qarşılanmışdır.
Sonda qonaqlara ziyafət verilmişdir.

Bunda əlavə, həmin gün Azərbaycan Respublikasının Litva Respublikasındakı səfiri Həsən Məmmədzadənin Litvanın aparıcı və böyük tirajlı nəşrlərindən biri olan "Lieutos zinios" qəzetində və həmin qəzetin internet səhifəsində 28 May - Respublika Günü münasibətilə geniş müsahibəsi dərc olunmuşdur.

Səfir müsahibəsində Azərbaycanda da Litvadakı kimi, bu il ilk Respublikanın yaranmasının 97-ci illiyinin qeyd edildiyini bildirərək, hər iki ölkənin 20-ci əsrin əvvəllərində və sonunda eyni tarixi talelərin yaşadığını vurğulamışdır. O, 1918-ci ildə şərqdə ilk dəfə olaraq Azərbaycanda yaranmış demokratik respublikanın 23 ay yaşamasına baxmayaraq bir çox uğurlara nail olduğunu, həmin dövrdə də Azərbaycan milli və dini azlıqlara münasibətdə öz tolerantlığı ilə seçildiyini qeyd etmişdir.

Həsən Məmmədzadə Azərbaycan müstəqilliyini yenidən bərpa etdiyi zaman separatizmlə qarşılaşdığını vurğulayaraq, Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionunun və ətrafda yerləşən 7 rayonun işğal edildiyini, bir milyona yaxın insanın öz doğma yurdundan didərgin düşdüyünü bildirmişdir.

Səfir müstəqilliyin ilk illərinin ağır olduğunu, erməni işğalından müdafiə olunan bir dövrdə ölkədə vətəndaş qarşıdurmasının baş verdiyini, yalnız 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə vətəndaş müharibəsinin qarşısının alındığını və hazırda təməli Heydər Əliyev tərəfindən qoyulmuş müasir Azərbaycan dövlətinin regionun qabaqcıl ölkəsinə çevrildiyini qeyd edərək, son illərdə Azərbaycanda iqtisadi, mədəni və sosial sahələrdə əldə olunmuş nailiyyətlərə dair məlumat vermişdir.

Xəbər lenti

Xəbər lenti