...

Siyavuş Novruzov: Emin Hüseynov kimilərinin "qəhrəman"a çevrilməsi bəzi qüvvələrin antiazərbaycan mövqeyindən irəli gəlir

Siyasət Materials 22 İyun 2015 17:58 (UTC +04:00)
"Emin Hüseynov kimi cinayət törətmiş şəxsin Avropanın nüfuzlu media qurumunda "qəhrəman"a çevrilməsi bəzi qüvvələrin antiazərbaycan mövqeyindən irəli gəlir".
Siyavuş Novruzov: Emin Hüseynov kimilərinin "qəhrəman"a çevrilməsi bəzi qüvvələrin antiazərbaycan mövqeyindən irəli gəlir

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Emin Hüseynov kimi cinayət törətmiş şəxsin Avropanın nüfuzlu media qurumunda "qəhrəman"a çevrilməsi bəzi qüvvələrin antiazərbaycan mövqeyindən irəli gəlir". Bunu Trend-ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

S.Novruzovun sözlərinə görə, E.Hüseynov 10 aydır ki, İsveçrə səfirliyində idi: "İndiyə qədər onun oradan çıxarılması, getməsi ilə bağlı o qədər tələsmirdilər. Ancaq ilk Avropa Oyunları zamanı onun İsveçrəyə aparılması, aparılan kimi onun dərhal müxtəlif Avropa kanallarına çıxarılması Oyunların gedişatına kölgə salmağa xidmət edir. Guya Azərbaycanda insan hüquqlarının pozulduğunu nümayiş etdirməklə ilk Avropa Oyunlarının uğurunu ört-basdır etmək istəyirlər".

YAP rəsmisi hesab edir ki, E.Hüseynov kimi cinayət törətmiş adamlar mütləq məsuliyyətə cəlb olunmalıdırlar: "Görürsünüz, Avropadakı bəzi qüvvələrin Azərbaycanla davası hər hansı bir qaçqınla, hər hansı şəhid ailəsi ilə bağlı deyil, bu və ya digər şəkildə bunların təhriki ilə cinayət törətmiş şəxslərdir. Onların bir qismi də bu gün hüquq-mühafizə orqanları tərəfindən saxlanılır, Azərbaycanın dövlət sirrinin yayılması, vergidən yayınma və digər məsələlərlə bağlı istintaq işləri gedir".

Millət vəkili qeyd edib ki, bütün bunlar bəzi dairələrin antiazərbaycan mövqeyindən irəli gəlir: "Təsəvvür edin ki, Azərbaycanda keçirilən Avropa Oyunlarına 6000-dən artıq idmançı gəlib. Açılışda onların məşqçiləri, 30-a yaxın ölkənin dövlət rəhbərləri, dövlət nümayəndələri iştirak etdi. Onların 10-u birbaşa prezident, digərləri parlament sədrləri, baş nazirlər, yüksək rütbəli dövlət məmurları idi. Belə böyük açılış mərasimi keçirildi, Avropanın 50 ölkəsi burada təmsil olunur. BBC, CNN, "Euronews" bununla bağlı bir xəbər vermədilər. Ondan bir gün sonra Gürcüstanda daşqın baş verdi, heyvanxananı sel apardı. Həmin kanallar ardıcıl olaraq 3 gün həmin təbiət hadisəsinə verilişlər həsr etdilər. Lakin Azərbaycanda keçirilən irimiqyaslı idman yarışına çox qısqanclıqla yanaşdılar, baxmayaraq ki, neçə müddətdir ki, həmin kanalların əməkdaşları Azərbaycanda akkreditasiya olunublar".

S.Novruzov əlavə edib ki, həmin kanallar belə irimiqyaslı idman tədbirini işıqlandırmaq əvəzinə, hansısa bir dələduzun fikirlərinə, cinayət törətmiş, vergidən yayınmış, gizli yolla Azərbaycandan çıxarılmış bir şəxsin antiazərbaycan mövqeyinə geniş yer ayırırlar: "Bunların tərəfsizliyi budur? Görünür ki, bu kanallar, onları himayə edən şəxslər və dövlətlər entik, milli, dini ayrı-seçkiliklə məşğuldurlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti