...

Ermənistanda tarif etirazı və ya “iqtisadi asılılığın” nəticələri

Siyasət Materials 30 İyun 2015 10:20 (UTC +04:00)

Azad Həsənli -Trend:

Ermənistandakı son hadisələr şəxsi maraqlar naminə ölkənin müstəqilliyi qurban edildikdə nələrin baş verdiyini əyani şəkildə göstərdi.

Ölkənin elektrik bazarının inhisarçısı, Rusiyanın "İnter RAO" şirkətinə məxsus olan "Elektriçeskie seti Armenii" (şirkətin sərəncamında 36 min kilometr elektrik şəbəkəsi var ki, bu da respublikanın demək olar ki, bütün şəbəkə təsərrüfatı deməkdir) elektrik enerjisi tariflərinin 17 faiz bahalaşmasını elan etdi.

Bu, ölkədə kütləvi etirazlara səbəb oldu, lakin hökumət güzəştə getməkdən imtina etdi. Ermənistan prezidenti Serj Sarkisyan bildirdi ki, bu məsələdə qarşı-qarşıya duran tərəflər, "bizlər" və "sizlər" yoxdur. Əslinə baxanda, prezident bu bəyanatı ilə etiraf etdi ki, elektrik enerjisi tariflərinin bahalaşması ilə bağlı qərar dövlət orqanlarının səlahiyyətində deyil. Yəni, qərarı Rusiya tərəfi verib, hökumət isə bu məsələdə heç nə edə bilməz.

Yeri gəlmişkən, ölkədə rusiyalı investorlar tərəfindən əldə edilən yeganə şirkət "Elektriçeskie seti Armenii" deyil. Ermənistanda fəaliyyət göstərən üç mobil operatordan ikisinin -"Armentel", "VivaCell MTS" -, "Armsberbank" və "Areximbank" banklarının, "İnqo Armeniya" və "Rosqosstrax Armeniya" sığorta şirkətlərinin, "RusAl Armenal" zərvərəq istehsalçısının, "Sevano-Razdanskiy kaskad" SES-nin, "Qazprom Armeniya" və s. şirkətlərin adını çəkmək olar. Siyahını hələ çox uzatmaq olar, ancaq əsas odur ki, ölkə iqtisadiyyatında artıq çoxdandır "rusiyalaşdırma" prosesi gedir.

Ermənistan iqtisadiyyatı artıq çoxdandır Rusiyadakı vəziyyətdən asılıdır. Təsadüfi deyil ki, neftin qiymətinin aşağı düşməsi və iqtisadi sanksiyaların tətbiq edilməsindən sonra Rusiyadakı iqtisadi vəziyyət pisləşdi və bu ən çox Ermənistana təsir etdi. Belə ki, Rusiyada vəziyyətin yaxşılaşmasına kimi Avropa Yenidənqurma və İnkişaf Bankı Ermənistanda resessiyanı 15 faiz proqnozlaşdırdı.

Ermənistan faktiki olaraq beynəlxalq donorların hesabına yaşayır. Bu donorlardan ən böyüyü isə Rusiyadır. RF Mərkəzi Bankının məlumatına əsasən, ölkənin Ermənistana yalnız 2007-2014-cü illərdə qoyduğu sərmayə təqribən 1,3 milyard dollar təşkil edib. Müqayisə üçün deyək ki, həmin dövrdə Azərbaycana qoyulan kapitalın həcmi 130 milyon dollar olub.

Dünya Bankının məlumatına görə, Ermənistan iqtisadiyyatının 21 faizi RF-dən pul köçürmələrindən asılıdır.

Avrasiya İttifaqını da qeyd etmək olar. Rusiyanın təşəbbüsü ilə yaradılan bu ittifaq hələlik Ermənistana idxal olunan məhsulların bahalaşmasından başqa heç nə vermədi.

Yekun olaraq qeyd edək ki, Ermənistanın artıq "Rusiyanın Qafqaz əyaləti" roluna öyrəşdiyini deyə bilərik. Bu asılılıq daha çox ölkənin zəif hökuməti üçün sərfəlidir. Onlar əhəmiyyətli iqtisadi və siyasi qərarların qəbul edilməsindən azaddırlar və onların qarşısında yalnız bir tapşırıq durur - bacardıqları qədər ciblərini doldurmaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti