...

Dövlətə külli miqdarda zərər vurulması ehtimalı var

Siyasət Materials 15 İyul 2015 18:41 (UTC +04:00)
Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.
Dövlətə külli miqdarda zərər vurulması ehtimalı var

Azərbaycan, Bakı, 15 iyul /Trend/

Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.

Trend Palatanın saytına istinadən məlumat veir ki, Kollegiya iclasında aşağıdakı nəzarət tədbirlərinin nəticələri üzrə hesabatlar müzakirə edilib:

- dövlət büdcəsindən və büdcədənkənar daxilolmalardan Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlərin istifadəsinə dair;
- dövlət büdcəsindən Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə və dövlət rüsumlarının tutulmasına dair;
- dövlət büdcəsindən Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyinin (Strasburq) saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə dair.

Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarlarının Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, Azərbaycan Xarici İşlər Nazirliyinə və Azərbaycanın Niderland Krallığındakı səfirliyinə göndərilməsi qərara alınıb.

Dövlət büdcəsindən 2007-2012-ci illərdə Azərbaycanın Avropa Şurası yanında Daimi nümayəndəliyinin (Strasburq) saxlanılmasına ayrılan vəsaitlərin istifadəsi zamanı büdcə vəsaitlərindən qanunsuz istifadə, rəsmi sənədlərə yalan məlumatların daxil edilməsi, dövlət sirrinin qorunmaması, hesabatlılığın təmin edilməməsi halları və bir sıra ciddi nöqsan və çatışmazlıqlara yol verilməklə dövlətə külli miqdarda zərər vurulması ehtimalı nəzərə alınaraq müvafiq yoxlama materiallarının "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin on ikinci abzasının və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 iyun tarixli 103 nömrəli Fərmanının 7-ci bəndinin tələblərinə uyğun olaraq Azərbaycan Baş Prokurorluğuna göndərilməsi qərara alınıb.

Nəticələri ilə bağlı qərar qəbul edilmiş audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim edilməsi qərara alınıb.

Kollegiya iclasında, həmçinin iş planı ilə nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri üzrə audit proqramları təsdiq edilib.

Bir sıra cari məsələlər, o cümlədən Hesablama Palatasının 2015-ci ilin 6 ay üzrə fəaliyyətinin nəticələri ilə bağlı məlumat Kollegiya iclasında müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti