...

ABŞ Dövlət Departamenti: Nüvə sazişinin pozulması İran üçün real nəticələrə səbəb olacaq

Siyasət Materials 31 İyul 2015 17:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir Elmira Tariverdiyeva/

"Sanksiyaların təsiri azaldıqdan sonra ABŞ idealda İranın diqqətini iqtisadiyyatına, dünya ictimaiyyətinə qayıtmağa cəmlədiyini və regionda təxribatçı fəaliyyətinə son qoyduğunu görmək istərdi".

Trend-in məlumatına əsasən, bunu ABŞ Dövlət Departamentinin Yaxın Şərq üzrə Bürosunun mətbuat xidmətinin əməkdaşı Sem Verberq "Azernews" qəzetinə müsahibəsində deyib.

O, qeyd edib: "Əvvəlcədən İran və ya Yaxın Şərqin daxili dinamikası barədə nəsə deməyə çalışmırıq. Məqsədimiz İranın nüvə silahı əldə etməyəcəyinə və bununla da dünyanın ən zəif yerində nüvə silahı yarışına səbəb olmayacağına əmin olmaqdır. Həqiqətdə isə rejim Qərb və İsrailə düşmən mövqedə qalırsa, saziş daha çox əhəmiyyət kəsb edir, belə ki, məhz bu saziş yaxın bir neçə ildə İranın nüvə proqramının inkişafını məhdudlaşdıra biləcək".

S.Verberqin sözlərinə görə, İranın siyasi elitasının daxilində müxtəlif tendensiyalar var: "Elələri var ki, bizə qarşı çıxmağı daha doğru hesab edir, Suriya, Yəmən, Livan kimi ölkələrdə xaos yaratmaq üçün İsraili məhv etməyə çalışırlar. Elələri də var ki, bunun qeyri-məhsuldar olduğunu düşünürlər. Nüvə proqramını imzalayacağımız təqdirdə, ehtimal var ki, İranın daxilində daha mötədil qüvvələrin təsirini artıracağıq".

O bildirib ki, əsas məqam sazişin İranın daxilindəki dəyişikliklərdən asılı olmamasıdır: "Yəni bu dəyişikliklər olmasa belə, hər şeyə rəğmən, ABŞ üçün bu sazişin əldə edilməsi daha yaxşıdır".

İranla ABŞ-ın terrorizmlə mübarizədə tərəfdaş olub-olmayacağı ilə bağlı sualı cavablandıran məmur qeyd edib ki, nüvə sazişi ABŞ-İran əlaqələrində dəyişiklik demək deyil: "Söhbət ən böyük və ən qaçılmaz təhlükə - İranda nüvə silahının olması məsələsinin aradan qaldırılmasından gedir. İran sazişdəki öhdəliklərini yerinə yetirsə, bu, İranla əlaqəli digər ciddi problemlərin həllinə başlamaq istiqamətində atılmış addım ola bilər".

İranla ticarət əlaqələrinə gəldikdə isə S.Verberq vurğulayıb ki, ABŞ şirkətlərinə əvvəlki kimi İranla kommersiya fəaliyyətinin əksər sahələrində iştirak etmək qadağandır: "Bununla yanaşı, amerikalılar üçün müəyyən fəaliyyət növlərini lisenziyalaşdırmaqla bağlı razılığa gəlmişik. Bunlara İranda ABŞ istehsallı təyyarələrin, ehtiyat hissələrin və mülki aviasiya sahəsində xidmətlərin satışı, habelə İran xalçalarının və bəzi qida məhsullarının idxalı daxildir. ABŞ-ın xarici törəmə şirkətlərində fəaliyyətin genişlənməsini lisenziyalaşdırmaqla bağlı razılıq əldə etmişik. Nəhayət, həmişə olduğu kimi, ərzaq, dərman və tibbi avadanlığın bəzi növləri üçün istisnalar var".

Sazişin reallaşdırılması mümkün olmadığı təqdirdə, İran üçün nəticələrlə bağlı sualı cavablandıran məmur bildirib ki, saziş sanksiyaların, yoxlamaların və gələcək sanksiyalar üçün beynəlxalq ictimaiyyət tərəfindən dəstəyin ləğvi demək deyil: "İran şərtlərə əməl etməsə, bütün sanksiyalar qüvvəyə minəcək. Aydındır ki, İran sazişin şərtlərini yerinə yetirməkdə maraqlıdır, çünki öhdəliklərin pozulması ölkə üçün real nəticələrə səbəb olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti