Azərbaycan xəbərlər xidməti
Mətanət Əliyeva - Trend:
Almaniyanın Bavariya əyalətinin Noyştad-Valdnab şəhərində azərbaycanlıların da yaşadığı qaçqın düşərgəsində yanğın hadisəsi baş verdi. Yanğın olayı ilə bağlı verilən ilkin açıqlamalarda hadisə şahidləri yanğının törədilməsi ehtimalının olmasını söyləyiblər.
Bu hadisə son günlər bir sıra Avropa ölkələrində miqrantların qəbul edilməsində müsəlmanlara qarşı açıq-aşkar qadağaların qoyulduğu, diskriminasiyanın elan edildiyi vaxta təsadüf etdi. Nə təsadüf. Deyilmi? Bəlkə də yeni bir planın tərkib hissəsi olaraq reallaşdırılan "zəruri" addımlardı? Hər şey ola bilər.
Avropanın beşiyi Almaniyada müsəlmanlara, azərbaycanlılara qarşı belə bir hadisənin baş verməsi təəssüf doğurur. Azərbaycan da daxil olmaqla çoxsaylı ölkələrə öz şəxsi maraqları çərçivəsində lazım olduğu məqamlarda demokratik prinsiplərin aliliyindən "dərs keçməyə" çalışan Avropa, nədənsə, öz ölkəsində baş verən, bəzilərinin iddia etdiklərinə görə isə törədilən olaylara göz yumur, sükunət nümayiş etdirir. Bu, ədalətsizlik deyil, bəs nədir, cənablar???
Bu məqamda bir haşiyəyə çıxmaq istəyirəm. Azərbaycanda bir müddət bundan öncə jurnalist Rasim Əliyevin ölüm hadisəsi baş verdi. Hadisə baş verər-verməz Almaniya da daxil olmaqla, bir sıra Avropa ölkələri Azərbaycana qarşı hücuma keçdilər. Azərbaycanı qeyri-demokratik ölkə olmaqda ittiham edərək ölkəni əməlli-başlı top atəşinə tutdular. Məişət hadisəsini siyasiləşdirərək ölkədə demokratik dəyərlərin olmadığını iddia etdilər. Amma indi susurlar. Sual olunur. Niyə?
Yalnız müsəlman olduğuna görə, Avropaya miqrasiyada embarqo qoyulan insanların hüququnu pozmaq Avropanın qalın-qalın kitablarında demokratiyanın təntənəsi kimi tövsif edilir? Bəlkə belədir, bizim xəbərimiz yoxdur?
Siyasi diskriminasiyanı indi Avropa müsəlmanlara qarşı aparır. Qeyri-ciddi, məntiqi mahiyyəti olmayan bəhanələrlə müsəlmalara Avropa ölkələrinə miqrant etməyə qadağalar qoyulur. Demokratik dəyərlərin boğulması budur, cənab avropalı siyasətçilər, diplomatlar.
Siz kimi aldtamağa çalışırsınız? Özünüzü, yoxsa şəxsi maraqlarınızla ikili siyasət yürütdüyünüz tərəfdaşlarınızı? Görünür, avropalılar özlərini çox ağıllı hesab etdiklərindəndir ki, bu qədər ucuz və bəsit oynayırlar.
Bir insanı milli, dini, irqi, etnik baxımdan diskriminasiyaya məruz qoymaq demokratiyanın təməl prinsiplərinin çox kobud şəkildə pozulmasıdır. Avropa ölkələrinin bir çoxunda özlərini millətçi avropalı adlandıranlar tərəfindən müsəlmanlara, bir çox hallarda isə islama qarşı keçirilən etiraz aksiyalarında qabardılan mövqelər isə pərdənin görünməyən tərəfinin işartılarını təxminən bəlli edir.
Görünən odur ki, Avropa siyasi donla pərdələməyə çalışdığı şovinizmini artıq gizlətməkdə çətinlik çəkir. Yaxud da hegemonluğundan gözü ayağının altını görmədiyi üçün buna heç ehtiyac da duymur...