Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/
"Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında imzalanan fərman əhalinin rifahının yaxşılaşmasına yönəlmiş məsələlərdir". Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.
B.Əliyev qeyd edib ki, bütün bu tədbirlər, o cümlədən Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanun ölkənin həm iqtisadi inkişafına, həm demokratik təsisatların möhkəmləndirilməsinə xidmət edir: "Azərbaycan bazar iqtisadiyyatı siyasətini uğurla həyata keçirir. Prezident İlham Əliyev tərəfindən atılan bu addımlar bilavasitə ölkənin iqtisadi inkişafına xidmət edəcək və əhalinin sosial rifahının yaxşılaşmasına təsir göstərəcək".
B.Əliyev vurğulayıb ki, gömrük sahəsində yoxlamaların sadələşdirilməsi vergi sistemində və digər sahələrdə sadələşdirmənin məntiqi davamıdır.