...

Deputat: “Terror pisdir” deməklə terrorizm bəlasından qurtarmaq olmaz

Siyasət Materials 2 Dekabr 2015 13:06 (UTC +04:00)
Noyabrın 13-də Fransanın paytaxtı Parisdə baş vermiş terror aktı hazırda dünyanın aparıcı KİV-nin gündəmindən düşmür. Hər kəs bu terror aktını lənətləyir, günahsız qurbanlar yad edilir. Ancaq az-az hallarda bu terror aktının, ümumiyyətlə son illər baş verən terror aktlarının səbəbləri, onların mahiyyəti barədə söhbət açılır.
Deputat: “Terror pisdir” deməklə terrorizm bəlasından qurtarmaq olmaz

Bakı. Trend:

Noyabrın 13-də Fransanın paytaxtı Parisdə baş vermiş terror aktı hazırda dünyanın aparıcı KİV-nin gündəmindən düşmür. Hər kəs bu terror aktını lənətləyir, günahsız qurbanlar yad edilir. Ancaq az-az hallarda bu terror aktının, ümumiyyətlə son illər baş verən terror aktlarının səbəbləri, onların mahiyyəti barədə söhbət açılır.

Bunu Parisdə baş vermiş qanlı terror aktına münasibətini bildirərkən Milli Məclisin deputatı Rauf Əliyev Trend-ə deyib.

R.Əliyev qeyd edib ki, müasir terrorizmin tarixi eramızın I əsrində indiki İsrail ərazisində Roma işğalçılarına qarşı yəhudi dini sektası olan "Zealotos"ların keçirdiyi terror aktından başlayır: "XIX əsrin ikinci yarısından bəri terrorizm ictimai həyatın daimi faktoruna çevrilib. Əksər mütəxəssislərin gəldiyi qənaət budur ki, "Terrorizim" siyasi, dini, ideoloji, iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni zorun, gücün, hədənin tətbiq olunması formasıdır. Terrorizm ekstrimizmin təzahürlərindən biri olmasına baxmayaraq, ekstrimizmin digər formalarından onunla fərqlənir ki, cinayətkarlığın ən təhlükəli formalarından biridir".

Deputat qeyd edib ki, terrorun mənası qorxu, dəhşət saçan şey, qorxunc şey, qorxutma deməkdir: "Terror cəmiyyətdə şəxs və ya bir qurup şəxsin digər bir qurup şəxsi ödürmək məqsədi ilə silah və ya başqa vasitələrlə həyata keçirdiyi bir əməldir. Terrorçu üçün ilk hədəf şəxs və ya şəxsləri öldürməkdir. İkinci hədəf bu ölümcül hücumla cəmiyyətdə qorxu və təlaş yaratmaqdır. Üçüncü hədəf bu əməllə cəmiyyətə qorxu üzərindən bir mesaj verməkdir. Terrorizim insana aid bir əməldir. Şüurlu insanın özünü ifadə üçün və ya kimlərəsə hədə qorxu gəlmək üçün başqalarının həyatına qəsd etməyə heç bir haqqı yoxdur. İnsan olaraq terrora heç cürə haqq qazandırmaq mümkün deyildir".

R.Əliyev bildirib ki, terror aktı geniş anlamda isə bir qurupun başqa bir qrupa və ya başqa bir ölkəyə xəbərdarlıq, təhdid vasitəsidir: "Mürahibə terrorizimin daha geniş formasıdır. Burada hədəf insanların toplum olaraq məhv edilməsidir. Bir ölkənin insanlarının digər ölkənin insanlarını məhv etməyə yönəldilməsidir. Müasir dövrdə buna Ermənistan Respublikasının Azərbaycana qarşı təcavüzünü misal göstərmək olar. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları noyabrın 15-də Türkiyədə "Böyük İyirmiliyin" samitində "Terrorizmə qarşı mübarizə və qaçqınlar böhranı" mövzusunda müzakirələrdə çıxış edərək bildirmişdir ki, Azərbaycan özü terrorizmdən əziyyət çəkən ölkələrdəndir. Ermənistan terror təşkilatları tərəfindən Azərbaycanda törədilən terror aktları zamanı 2 mindən çox Azərbaycanlı vətəndaş həlak olmuşdur. Ermənistan Azərbaycan torpaqlarının 20%-dən çoxunu işğal etmiş 1,0 milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarını tərk etmişlər".

Depuat sonra deyib ki, terrorizmin heç bir haqlı səbəbi ola bilməz: "Bəs onda müharibənin haqlı səbəbi ola bilərmi? Hamının cavabı yəqin ki, yox olacaq. Bəs onda hər gün baş verən müharibələrdə yüzlərlə, minlərlə insan həlak olur. Ancaq terrora qarşı olan etiraz burda hiss olunmur. Bu barədə bir qədər düşünmək lazımdır".

R.Əliyev qeyd edib ki, insanları terrorist fəaliyyətinə yönəldən ən mühüm amillərdən biri dünyada ədalətin saxlanılmaması, haqsızlıq və güclünün gücsüzü əzməsidir: "İnsanı terrora cəlb etməyin ən vacib yolu onu edəcəyi işə inandırmaqdır. Terror inamla və cəhalətlə qaynaqlanır".

Millət vəkili vurğulayıb ki, "Terror pisdir" deməklə terrorizm bəlasından qurtarmaq olmaz: "Terrorun səbəbləri aydınlaşdırılmalıdır. Nə qədər ki, dünyada ikili standartlar davam edəcək o qədər də terror davam edəcək. Terrorizm də müharibələr kimi can almaqda davam edəcək, ya terrorla yaşamağa alışacağıq, ya da terrora səbəb olan amilləri müəyyənləşdirib aradan qaldırmalıyıq".

R.Əliyevin sözlərinə görə, terrorizmin qarşısının alınmamasının mühüm səbəblərindən biri də cəmiyyətlərdə bilik, savad səviyyəsinin müxtəlifliyidir: "Bilik səviyyəsi yüksək olan cəmiyyətlərdə terrorun hansısa bir məsələnin həllində rol oynayacağını qəbul etmirlər. Ancaq belə cəmiyyətdə yüksək bilik və savad olmasına baxmayaraq, terror bu cəmiyyətlərin özlərinə həmlə edənə qədər, digər yerlərdə baş verən terror aktlarına elə də ciddi münasibət göstərmirlər. Buna misal olaraq 2001-ci ildə 11 sentyabrda ABŞ-da və bu il 13 noyabrda Parisdə baş verən terror aktlarını göstərmək olar. Bu hadisələrə qədər dünyanın bir çox bölgələrində terror aktları, müharibələr hər gün minlərlə günahsız insanların həyatına son qoyanda bu ölkələr - dünyanın aparıcı, inkişaf etmiş ölkələri baş verənlərə biganə qalırdılar. Ancaq öz ölkələrində bu hadisələr baş verəndə bütün dünyada aparıcı KİV-in, dövlət rəsmilərinin diqqəti bu hadisələrə yönəlmişdir".

Deputat vurğulayıb ki, bu bir daha dünyada ikili standartların mövcud olduğunu subut edir: "Rəsmi məlumatlara görə, terrorizm qurbanlarının sayı 2000-ci ilə nisbətən 2015-ci ildə 9 dəfə artmışdır. Terrorizim öz-özünə fəaliyyət göstərmir. Dövlətlər öz hökmranlıqlarını saxlamaq, daha da gücləndirmək üçün terrorizmdən istifadə edirlər. Bütün bunlar insan hüquqlarının və milli azlıqların hüquqlarının müdafiəsi adı ilə pərdələnir. Müasir dövrdə beynəlxalq münasibətlərin normal gedişinə təhlükə yaradan, beynəlxalq hüquq normalrına dağıdıcı təsir göstərən qorxulu hallardan biri də beynəlxalq terrorizmdir. Neçə illər bundan öncə Azərbaycan xalqının Ümumimilli Lideri Heydər Əliyev beynəlxalq terrorun bəşəriyyət üçün nə qədər təhlükə yaratdığını bildirərək demişdir: "Dünya son dərəcə mürəkkəb bir dövr yaşayır. Beynəlxalq terrorizm bəzi dövlətlərin dəstəyindən istifadə edərək dünya nizamına qarşı həmlələr edir, ekstremizim, təcavüzkar millətçilik və davakar separatizim idealogiyası əsasında qarşıdurma xətti yaratmağa çalışır, sərhədləri yenidən bölməyə və dəyişməyə cəhd göstərir". Hal-hazırda dünyada baş verənlər Ulu öndərin vaxtilə beynəlxalq terrorizim barəsində dediklərini bir daha sübut edir".

Depuatat R.Əliyev sonda bildirib: "Belə bir nəticəyə gəlmək olar ki, ümumiyyətlə dünyada terrorizmin qarşısını təmamilə kəsmək mümkün deyil. Ancaq azaldılması üçün müvafiq tədbirlər görülə bilər. Bunun üçün dünyada sülh və ədalət bərqərar olmalı, dünya içtimayyiəti, birinci növbədə dünyanın aparıcı dövlətləri terrorizmə qarşı birgə mübarizə aparmalıdırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti