...

"Nüvə materialının fiziki mühafizəsi haqqında" Konvensiyaya düzəliş təsdiq edilib

Siyasət Materials 18 Mart 2016 12:46 (UTC +04:00)
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Nüvə materialının fiziki mühafizəsi haqqında” Konvensiyaya Düzəlişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
"Nüvə materialının fiziki mühafizəsi haqqında" Konvensiyaya düzəliş təsdiq edilib

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Nüvə materialının fiziki mühafizəsi haqqında" Konvensiyaya Düzəlişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, qanun layihəsi barədə məlumat verən Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib ki, bu konvensiya 1966-cı ildə qəbul olunub, 1980-cı ildən isə dövlətlərin qoşulması üçün açıqdır.

Onun sözlərinə görə, Azərbaycan 2003-cü ildən bu konvensiyaya qoşulub: "2005-ci ildən isə bu konvensiyaya düzəliş edilib. Odur ki, biz həmin konvensiyaya düzəlişi ratifkasiya etməliyik".

Millət vəkili Azay Quliyev isə qeyd edib ki, yaxın günlərdə ABŞ-da beynəlxalq nüvə sammiti keçiriləcək: "Bildiyiniz kimi, bir müddət öncə ABŞ Prezidenti Barak Obama tərəfindən Azərbaycan Prezidenti İlham Əliyev həmin sammitə dəvət edilib. Hesab edirəm ki, bizim bu konvensiyaya düzəlişi ratifkasiya etməyimiz də həmin sammitə ölkəmizin töhfəsi olardı".

Deputat Bəxtiyar Əliyev də Azərbaycanın bu konvensiyaya qoşulmasını, eləcə də bu sənədə düzəlişin ratifkasiya edilməsini müsbət addım kimi qiymətləndirib: "Azərbaycan bu sənədə qoşulub. Ancaq yaxşı olar ki, dünya birliyi də beynəlxalq konvensiyaların tələblərindən irəli gələrək, Azərbaycanın problemlərinin həllinə diqqət yetirərdi. Çünki 20 ildən çoxdur ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, bu gün də ölkəmiz və region üçün təhdidlər yaradır. Konkret olaraq deyim ki, bu gün Ermənistan "Metsamor" atom elektrik stansiyasının tullantılarını Araz və digər çaylarımıza axıdır. Bütün bunlar nəinki Azərbaycan üçün, bütün bölgə üçün böyük təhlükədir".

Digər millət vəkilləri də Azərbaycanın bu konvensiyaya düzəlişin ratifkasiya edilməsini müsbət qiymətləndiriblər.

Müzakirələrdən sonra konvensiyaya düzəliş təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti