...

Azərbaycan və “İpək Yolu” Vaşinqtonun diqqət mərkəzində (FOTO)

Siyasət Materials 29 Aprel 2016 08:05 (UTC +04:00)
Amerika paytaxtının tanınmış təhsil və elm ocaqlarından olan Cons Hopkins Universitetində müasir İpək Yoluna həsr olunmuş geniş tərkibli konfrans keçirilmişdir
Azərbaycan və “İpək Yolu” Vaşinqtonun diqqət mərkəzində (FOTO)

Bakı. Trend:

Amerika paytaxtının tanınmış təhsil və elm ocaqlarından olan Cons Hopkins Universitetində müasir İpək Yoluna həsr olunmuş geniş tərkibli konfrans keçirilmişdir.

Azərbaycan, Türkiyə, Qazaxıstan və Gürcüstanın Vaşinqtondakı Səfirliklərinin Dünya Bankı, ABŞ Ticarət Palatası, Boeinq şirkəti, ABŞ-Azərbaycan Ticarət Palatası, AmCham Azərbaycan və ABŞ Ticarət Palatasının digər regional nümayəndəliklərinin birgə təşkilatçılığı ilə keçirilmiş "Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi" forumuna 200-dən çox qonaq, o cümlədən ABŞ Hökuməti, ticarət palataları, yerli və beynəlxalq maliyyə və sərmayə təşkilatları, düşüncə mərkəzləri və 50-dən artıq ABŞ şirkəti qatılmışdır. Konfransın aparıcısı Cons Hopkins Universitetinin Orta Asiya-Qafqaz İnstitutunun və İpək Yolu proqramının rəhbəri, tanınmış professor Frederik Starr olmuşdur.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirə əsas natiq qismində qatılmış ABŞ dövlət katibinin köməkçisinin baş müavini Kurt Tonq çıxış edərək, regionun ticarət və tranzit potensialının təbliği, eləcə də bu sahədə ABŞ şirkətləri ilə əməkdaşlığın təşviqi baxımından forumun əhəmiyyətini vurğulamışdır.

Bu yaxınlarda regiona səfər etdiyini söyləyən K.Tonq, Ələt qəsəbəsində inşa edilən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanını ziyarət etdiyini və burada yaradılmış şəraitin onda yüksək təəssürat buraxdığını bildirmişdir. O, region ölkələrinin nəqliyyat və tranzit imkanlarının genişləndirilməsi istiqamətində böyük infrastruktur layihələrinin reallaşdırıldığını və bunun regionumuzdan keçən nəqliyyat dəhlizlərindən istifadə və bu bazarlara sərmayə qoyuluşu ilə bağlı ABŞ şirkətləri üçün əlverişli fürsət yaratdığını qeyd etmişdir. O, bu yaxınlarda Azərbaycan, Gürcüstan və Qazaxıstanın birgə nəqliyyat konsorsiumu yaratması və gömrük-tranzit imkanların artırılması məqsədilə aparılan harmonizasiya işləri hər üç ölkə rəhbərinin siyasi iradəsi və tranzit layihələrə dəstək verməsi kimi qiymətləndirmişdir. K.Tonq regionumuzda sülhün üstün gələcəyinə inandığını və məhz regional və iqtisadi inkişafın sülh üçün şərait yaradacağını söyləmişdir.

Tədbir region ölkələrinin səfirlərinin çıxışları ilə davam etmişdir. Foruma maraq göstərən və qatılan şirkətlərə və digər qonaqlara minnətdarlığını ifadə edən səfir Elin Süleymanov Azərbaycanın aparıcı rolu ilə regionda həyata keçirilən əhəmiyyətli infrastruktur layihələri barədə danışmış, eyni zamanda regional təhlükəsizlik mühitinə də toxunmuşdur. O, ticarət və qarşılıqlı iqtisadi bağlılığın sülhün və təhlükəsizliyin təminatçısı olduğunu bildirmişdir. Azərbaycanın hər zaman nəinki öz rifahını, eləcə də regionun ümumi inkişafını özünə vacib məqsəd kimi gördüyünü qeyd edən səfir, bu xüsusda Azərbaycanın regionda öz tərəfdaşları ilə əldə etdiyi nailiyyətlərlə fəxr etdiyini və gələcəkdə də regional əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulamışdır. Tarixi İpək Yolunun yalnız ticarət və nəqliyyat dəhlizi kimi yox, eyni zamanda mədəniyyətlər mübadiləsi məkanı olduğunu deyən E.Süleymanov, bu həftə məhz Azərbaycanda BMT-nin Sivilizasiyalar Alyansının forumunun keçirilməsini xatırlatmış və bu qlobal yanaşmanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin baxışını əks etdirdiyini bildirmişdir. O, son günlərdə Ermənistanla Azərbaycan arasında yaşanan hərbi gərginliyə istinad edərək, Azərbaycanın və ölkəmizin tərəfdaşlarının müsbət, konstruktiv və əməkdaşlığa yönəlik yanaşmasını münaqişə, etnik təmizləmə və iqtisadi böhrana aparan siyasətlərlə kontrastını vurğulamışdır. Regionumuzun rifahlı gələcəyi yalnız Azərbaycanın və onun tərəfdaşlarının bölüşdüyü baxışlar əsasında mümkündür.

Çıxış edən Türkiyənin səfiri Sərdar Kılıç, Qazaxıstan səfiri Kairat Umarov və Gürcüstan səfirinin müavini Giorgi Xelaşvili Trans-Xəzər yolunun ölkələri üçün olduqca önəmli layihə olduğunu və bu dövlətlərin Azərbaycanla bu istiqamətdə əməkdaşlığı daha da dərinləşdirilməsi niyyətində olduğunu bildirmişlər.

Tədbirin açılış hissəsi özündə 3 milyon irili-xırdalı şirkəti birləşdirən və bununla dünyanın ən böyük ticarət palatası olan ABŞ Ticarət Palatasının Vitse-Prezidenti Qari Litman çıxış etmişdir. Regionun dərin ticarət tarixi olduğunu qeyd edən Q.Litman region ölkələrinin yüksək insan kapitalına və dinamik cəmiyyətlərə malik olduğunu vurğulamışdır.

"Trans-Cənubi Qafqaz gömrük və ticarətin inkişafı", "Dənizdən Dənizə inteqrə edilmiş regional tranzit və loqistika infrastrukturu", "Sərmayə imkanları" mövzularına həsr edilmiş panellər ABŞ ticarət nazirinin köməkçisinin müavini Maykl Lalli, Dünya Bankının regionumuz üzrə İcraçı Direktoru Yorq Friden və Cons Hopkins Universitetinin professoru, İpək Yolu üzrə tanınmış ekspert Frederik Star tərəfindən idarə edilmişdir. Panel müzakirələrində Dünya Bankının nümayəndələri ilə yanaşı beynəlxalq loqistika və yükdaşımalar üzrə tanınmış ekspert Maykl Profit, eləcə də Azərbaycan Respublikasının Tranzit Yüklər üzrə koordinasiya Şurasının ofis rəhbəri Elçin Əhmədov, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Baş Direktoru Taleh Ziyadov, "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədr müavini Fərhad Quliyev, Azərbaycan Dəmiryolları QSC-nin sədrinin müşaviri Vüsal Aslanov və digər region ölkələrinin nümayəndələri iştirak etmişlər.

Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi" forumu ABŞ Hökuməti və biznes dairələrində marağa səbəb olmaqla yanaşı, eyni zaman sosial şəbəkələrdə də müzakirələr yaratmışdır.

Azərbaycanın "Silk Way Airlines" avia-şirkəti dünyanın aparıcı beynəlxalq şirkətləri ilə yanaşı tədbirə dəstək verən tərəfdaşlar sırasında olmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti