...

Ramil Usubov Türkiyə Jandarm Qüvvələrinin baş komandanı ilə görüşüb (FOTO)

Siyasət Materials 4 May 2016 15:35 (UTC +04:00)

Bakı. Trend:

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Türkiyə Jandarm Qüvvələrinin baş komandanı, ordu generalı Qalip Mendinin başçılıq etdiyi nümayəndə heyəti mayın 3-də ölkəmizə rəsmi səfərə gəlib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 4-də səhər Q.Mendi və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoyub, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə tər çiçəklər düzülüb.

Daha sonra qardaş ölkənin təmsilçiləri Şəhidlər xiyabanında müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda həyatlarını qurban vermiş mərd mübarizlərin şərəfinə ucaldılmış "Əbədi məşəl" kompleksini, Daxili Qoşunların şəhid olmuş hərbi qulluqçularının Qardaşlıq məzarını, həmçinin Türk əsgərlərinin məzarlarını ziyarət ediblər.

Həmin gün daxili işlər naziri, general-polkovnik R.Usubov ordu generalı Q.Mendinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları səmimiyyətlə salamlayan nazir müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın Türkiyə ilə əlaqələrinin hər zaman yüksələn xətlə inkişaf etdiyini, dövlət rəhbərlərinin siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu məmnunluqla xatırladıb.

R.Usubov rəhbərlik etdiyi qurumun qardaş Türkiyənin Daxili İşlər Nazirliyi, o cümlədən Jandarm Komandanlığı ilə münasibətləri daha da inkişaf etdirməsinə böyük önəm verdiyini, ordu quruculuğunda, o cümlədən Daxili Qoşunların formalaşmasında, ən müasir tələblərə cavab verən silahlı birləşməyə çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə Silahlı Qüvvələrinin, həmçinin Jandarm Komandanlığının böyük zəhməti olduğunu xüsusi vurğulayaraq buna görə minnətdarlığını bildirib.

Daha sonra mövcud kriminogen durum, müstəqilliyin ilk illərində qarşılaşdığımız problemlər, Ermənistanın təcavüzkarlıq siyasəti nəticəsində ərazi bütövlüyümüzün pozulması, torpaqlarımızın işğalı, 1 milyondan artıq soydaşımızın doğma yurdlarından qaçqın düşməsi, ölkəmizdə cərəyan edən gərgin ictimai-siyasi proseslər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ali hakimiyyətə tarixi qayıdışından sonra onun rəhbərliyi altında cəmiyyət həyatının bütün sahələrində, o cümlədən cinayətkarlıqla mübarizə, ictimai qayda və ictimai təhlükəsizliyin təmini sahəsində həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində Azərbaycanda sabitlik, əmin-amanlıq bərpa edilib, kriminogen durum nəzarətə götürülüb. Bildirilib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin son illərdəki sürətli inkişafını şərtləndirən əsas amillərdən olan dönməz sabitlik yaradılıb.

Problemlərə toxunan R.Usubov transmilli mütəşəkkil cinayətkarlığın beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qeyri-qanuni miqrasiya kimi ağır növləri ilə mübarizənin ölkəmizdə də diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.

Nazir Türkiyə Jandarm Quvvələri Baş Komandanının ölkəmizə səfərinin əlaqələrimizin inkişafına və daha da dərinləşməsinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.

Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən ordu generalı Q.Mendi Azərbaycana ilk dəfə səfər etdiyini nəzərə çatdırıb və Bakının ən gözəl paytaxt şəhərlərindən biri olmasından, ölkəmizin dinamik inkişafından məmnunluğunu bildirib.

Jandarm Qüvvələrinin baş komandanı iki ölkənin müvafiq qurumları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, "bir millət, iki dövlət" olaraq Türkiyənin hər zaman Azərbaycanın yanında yer alacağını, ordusunun, Daxili Qoşunlarının güclənməsindən qürur duyduqlarını, onların inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, əməkdaşlığın, təcrübə mübadiləsinin qardaş xalqlarımızın mənafelərinə xidmət etdiyini vurğulayıb.

Dostluq və mehribanlıq şəraitində keçən görüşdə bir sıra digər məsələlər də müzakirə edilib.

Qəbulda Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun da iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti