Bakı. Elçin Mehdiyev - Trend:
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Elm haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Trend-in məlumatına görə, layihə barədə məlumat verən Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, magistratura təhsilinin iki istiqamət (ixtisas və tədqiqat magistraturası) üzrə aparılması ilə bağlı maddə "Elm haqqında" qanun layihəsindən çıxarılıb.
İ.Həbibbəyli əlavə edib ki, II oxunuş üçün yenidən müzakirələr zamanı həmin maddənin layihədən çıxarılmasına qərar verilib: "Bu maddə "Təhsil haqqında" qanuna üçün daha əhəmiyyətlidir. Ona görə maddəni "Təhsil haqqında" qanuna əlavə və düzəlişlər kimi etmək fikrindəyik".
Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi də "Elm haqqında" qanun layihəsindən çıxarılıb.
İ.Həbibbəyli deyib ki, Azərbaycanda müharibə şəraiti bitənə, sülh sazişi imzalanana qədər gənclər hərbi xidmətdən kənarda qala bilməzlər: "Bakalavrlar yalnız hərbi xidmət keçdikdən sonra magistraturada təhsillərini davam etdirə bilərlər".
Komitə sədri deyib ki, təhsil kreditlərinin verilməsini və təhsil alanın borcunu əmək fəaliyyətinə başlayarkən ödəməsi də qanun layihəsində əksini tapıb: "Bu, doktorantura üçün nəzərdə tutulub, gələcəkdə magistratura üçün də tətbiq edilə bilər".
Qanun layihəsinə münasibət bildirən deputat Qüdrət Həsənquliyev isə bildirib ki, Azərbaycanda magistraturaya qəbul olanlara hərbi möhlət hüququ verilməlidir.
Onun sözlərinə görə, dövlətin əsas vəzifələrindən biri də elmi fəaliyyətdə olduğu kimi təhsildə də fasiləsizlik təmin olsun: "Bu ilin aprel ayının əvvəlində cəbhə xəttində baş verən döyüşlərdə ordumuz düşmənə ağır zərbələr vurdu. Ancaq bu döyüşlərdə 700 bal toplamış azərbaycanlı gəncimiz də şəhid oldu. Doğrudur, Vətəni qorumaq hər bir azərbaycanlının borcudur. Amma vətəni tək səngərdə deyil, hər kəs öz sahəsində də müdafiə edə bilər. Düşünürəm ki, o gənc ölkəmizə elmi sahədə böyük töhfələr verərdi. Təklif edirəm ki, elmi fəaliyyətini davam etdirən magistratura və doktoranturaya qəbul olmuş şəxslər hərbi vəzifədən azad olunmalıdır. Həmçinin fəlsəfə doktorları orduya çağırılmamalıdır. Ermənilərə üstün gəlməyimizin bir yolu da elmin üstün olmasından keçir".