...

Cakartada 28 May - Respublika Günü qeyd edilib

Siyasət Materials 24 May 2016 13:03 (UTC +04:00)

Bakı. Trend:

28 May - Respublika Günü münasibəti ilə Azərbaycanın İndoneziyadakı səfirliyi Cakartada yerləşən "Sultan" otelində rəsmi qəbul təşkil edib.

Azərbaycanın İndoneziyadakı səfirliyindən Trend-ə verilən əmlumata görə, tədbirdə İndoneziyanın hökumət və parlament üzvləri, dövlət qurumlarının nümayəndələri, diplomatik korpusun rəhbərləri, bir sıra iri QHT-lərin, KİV-lərin nümayəndələri, iş adamları və digər qonaqlar iştirak ediblər.

Səfir T.Qarayev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi barədə məlumat verib. Bildirib ki, bu gün xalqımız 1918-ci ildə Şərqdə ilk demokratik respublikanın yaranmasının 98-ci ildönümünü qeyd edir.

Ölkəmizin müstəqilliyin bərpasının ilk dövrlərində Ermənistan tərəfindən hərbi təcavüzə məruz qaldığını qeyd edən Azərbaycan səfiri, bunun nəticəsində bir milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini və erməni təcavüzün davam etdiyini bildirdi.

Ermənistanın silahlı qüvvələrinin aprel təxribatlarına toxunaraq T.Qarayev bildirdi ki, Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə qarşı yönəldilmiş bu məqsədyönlü təxribatların nəticəsində ermənilər tərəfindən uşaqlar daxil olmaqla azərbaycanlı mülki şəxslər öldürüldü, yüzlərlə ev, məktəb, məscid, mülki infrastruktur obyektləri dağıdılaraq, böyük maddi ziyan da vuruldu.

Ermənistan artilleriyası ağ fosfor tərkibli kimyəvi sursatlardan istifadə etdi. Bütün bunlar Ermənistanın beynəlxalq humanitar, insan hüquqları qanun, norma və prinsiplərini kobudcasına pozmasıdır və hərbi cinayət təşkil edir.

Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistanı beynəlxalq hüququ nümayişkaranə pozmasına görə pisləməyə çağırır və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini həyata keçirməyə təkid edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi əsasında sülh yolu ilə həll oluna bilər.

Səfir T.Qarayev müstəqilliyimizin ilk illərində Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində iqtisadiyyatın tamamilə çökməsinə baxmayaq, Azərbaycanın inkişaf etməyi bacardığını vurğuladı. Hazırda bütün göstəricilərə görə regionda lider dövlətə çevrilən Azərbaycan öz sürətli inkişafı, qlobal inteqrasiyası, multikulturalizmi, tolerantlıq və müxtəlifliliyi ilə dünyanın diqqətini cəlb edir.

Bu istiqamətdə Azərbaycanın qazandığı uğurlardan danışan səfir bir neçə gündən sonra paytaxt Bakıda "Formula 1" yarışlarının başlayacağını, ötən ildə ölkəmizin birinci Avropa Oyunlarının qəbul etdiyini, 2017-ci ildə isə İslam Həmrəylik Oyunlarının ölkəmizdə keçirilicəyini bildirdi və qonaqları bu möhtəşəm tədbirlərə dəvət etdi.
Azərbaycan - İndoneziya əlaqələri barədə bəhs verən diplomat, ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu bildirdi və qeyd etdi ki, İndoneziya Azərbaycanın xam neft ixracında 2015-ci ildə 3-cü yerdə qərarlaşdı. Eyni zamanda, digər sahələrdə ikitərəfli əməkdaşlığımızın inkişafı üçün böyük potensialın mövcudluğunu vurğuladı.

Tədbirdə çıxış edən İndoneziyanın sənaye naziri Saleh Husin ikitərəfli əlaqələrin inkişafı ilə bağlı gələcək plan və layihələrdən danışdı. Qeyd etdi ki, Azərbaycan İndoneziya malları üçün Avropaya tranzit yolu ola bilər. O, Azərbaycan xalqını bayram münasibətilə təbrik etdi.

Rəsmi mərasimdən sonra iştirakçılara Azərbaycanın milli mətbəx nümunələri daxil olmaqla ziyafət verildi.

İştirakçılara Azərbaycan haqında müxtəlif nəşrlər, həmçinin İRS jurnalının ingilis və İndoneziya dillərinə tərcümə olunmuş versiyaları paylanıldı.

Tədbir yerli media vasitələrində geniş işıqlandırıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti