...

İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Siyasət Materials 14 İyun 2016 16:58
İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paulo Centiloni Azərbaycana səfər edəcək.
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Trend-i buradan izləyin

Bakı. Trend:

İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paulo Centiloni Azərbaycana səfər edəcək. Trend İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə P.Centiloni iyunun 13-də Roma şəhərində keçirilmiş Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclasında çıxış edərkən deyib.

İtaliya xarici işləri Azərbaycanı İtaliya üçün Cənubi Qafqazda istinad ölkəsi kimi xarakterizə edərək, Azərbaycanın geosiyasi baxımdan strateji mövqeyə və böyük iqtisadi potensiala malik, Asiya ilə Avropanı birləşdirən açar ölkə, İtaliyanın isə təbii tərəfdaşı olduğunu vurğulayıb.

P.Centiloni ölkəsi ilə Azərbaycan arasında münasibətlərin son illərdə müntəzəm olaraq həm keyfiyyət, həm də həcm nöqteyi-nəzərdən artdığını, qarşılıqlı çoxsaylı səfərlərin, xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyevin 2014 və 2015-ci illərdə İtaliyaya həyata keçirilmiş səfərlərini qeyd edərək, İtaliya tərəfinin Azərbaycana rəsmi səfərləri artırmaq istəyini bəyan edərək növbəti aylarda özünün Azərbaycana səfər edəcəyini bildirib.

İtaliya-Azərbaycan tərəfdaşlığının gücləndirilməsində Transadriatik qaz boru kəməri (TAP) layihəsinin əhəmiyyətinə toxunun nazir P.Centiloni bu layihənin İtaliya milli iqtisadiyyatı üçün strateji dəyərə malik olduğunu və bu qaz kəməri ilə 2020-ci ildə Azərbaycan qazının İtaliyaya çatdırılacağını deyib.

Ötən il qarşılıqlı ticarət dövriyyəsinin 5 milyard avro olduğunu bildirən italyan nazir Azərbaycanda italyan məhsullarına tələbatın artdığını, İtaliyanın Azərbaycana öz ixracatını artırmaq, bununla da ticarət dövriyyəsindəki qeyri-tarazlığı aradan götürmək istəyini bildirib. İki ölkə arasında iqtisadi əməkdaşlığın yalnız enerji sektoru ilə məhdudlaşmamalı olduğunu, müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu deyən nazir P.Centiloni növbəti illərdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və ölkənin iqtisadi inkişafında yeni dinamikanın təmin olunması üçün Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı son sərəncamlar və müəyyən etdiyi yol xəritəsini xüsusi qeyd edib.

İki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin inkişafının da əhəmiyyətinə toxunan nazir P.Centiloni bu sahəyə Azərbaycan tərəfindən, xüsusilə də Heydər Əliyev Fondu tərəfindən göstərilən diqqəti də vurğulayıb.

Qafqazda sülh və sabitliyin bərqərar olması və Azərbaycanla Avropa İttifaqı arasında konstruktiv və səmərəli əməkdaşlıq üçün İtaliyanın çalışmalı olduğunu da qeyd edən nazir P.Centiloni Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün ölkəsinin Almaniyanın ATƏT-ə sədri kimi səylərini dəstəklədiyini və İtaliyanın 2018-ci ildə ATƏT-ə sədr seçiləcəyi təqdirdə münaqişənin həlli üçün öz səylərini əsirgəməyəcəyinə əmin edib.

"Şərq Tərəfdaşlığı" ölkələri, o cümlədən Azərbaycanla Aİ arasında yeni və dinamik münasibətlərin qurulmasının əhəmiyyətli olduğunu vurğulayan italiyalı nazir əlavə edib: "Biz heç bir modellər yeritmək istəmirik, geniş potensiala malik gənc demokratiya üçün özünü doğrultmuş və etibarlı seçim ola biləcək inkişaf, demokratik yüksəliş və iqtisadi əməkdaşlıq variantları təqdim etmək istəyirik".

Qeyd olunduğu kimi, iyunun 13-də Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib. İclasda Komissiyanın həmsədri, Azərbaycanın energetika naziri Natiq Əliyevin rəhbərliyi ilə Azərbaycanın müxtəlif dövlət qurumlarını təmsil edən heyət iştirak edib. Komissiyanın iclası ilə yanaşı, həmin gün hər iki ölkənin aparıcı şirkətlərinin də qatıldığı Azərbaycan-İtaliya biznes-forumu da keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti