...

Nazir: Azərbaycan-Pakistan əlaqələri ən yüksək səviyyədədir (FOTO)

Siyasət Materials 1 Noyabr 2016 10:57 (UTC +04:00)
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistanın Baş nazirinin xarici işlər üzrə məsləhətçisi, xarici işlər naziri vəzifəsini icra edən Sərtac Əzizlə görüşüb.
Nazir: Azərbaycan-Pakistan əlaqələri ən yüksək səviyyədədir (FOTO)

Bakı. Trend:

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistanın Baş nazirinin xarici işlər üzrə məsləhətçisi, xarici işlər naziri vəzifəsini icra edən Sərtac Əzizlə görüşüb.

Bu barədə Trend-ə Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.

Azərbaycan xarici işlər nazirinin salam və ehtiramlarını S.Əzizə çatdıran səfir Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu xüsusi önəm verdiyini qeyd edib. Səfir ölkələr arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini, beynəlxalq məsələlərdə hər iki ölkənin bir-birini dəstəklədiklərini qeyd ədərək, Pakistanın Dağlıq Qarabağ məsələsində Azərbaycanın daim yanında olmasının, Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı bir dövlət kimi tanımamasının Azərbaycan dövləti və xalqı tərəfindən daim yüksək qiymətləndirildiyini qeyd edib.

Səfir Pakistanla bütün sahələrdə mövcud qarşılıqlı əməkdaşlığın, iqtisadi, ticari əlaqələrin inkişafı üçün səylərin daha da artırıldığını, mədəni əlaqələrin gücləndirilməsi və xalqlarımız arasında münasibətlərin daha da istiləşməsi istiqamətində işlərin davam etdiyini vurğulayıb.
S.Əziz hörmət ve ehtiramlarını Azərbaycanın xarici işlər nazirinə göndərərək, Azərbaycan-Pakistan səmimi dövlətlərarası əlaqələrinin, həmçinin iki xalq arasında mövcud olan qardaşlıq münasibətlərinin ən yüksək səviyyəyə çatdığını bildirib. Ötən il Pakistan Prezidentinin, cari il isə Pakistanın Baş nazirinin Azərbaycana həyata keçirilmiş uğurlu səfərlərini xatırladan S.Əziz bu səfərlərin qarşılıqlı əlaqələrin daha da inkişafına müsbət təsirini göstərəcəyini vurğulayıb. Pakistanın və Azərbaycanın daim bir-birinə göstərdiyi dəstəyin önəmini qeyd edən S.Əziz iki ölkə arasındakı möhkəm siyasi münasibətlərlə yanaşı iqtisadi, ticari, mədəni, elmi, hərbi-texniki və digər əlaqələrin daha da inkişaf etdirilməsi, birbaşa hava reyslərinin yaradılması üçün geniş potensial və imkanların olduğunu bildirib.

Görüşdə həmçinin, gələcəkdə nəzərdə tutulan qarşılıqlı səfərlər, görüşlər və keçiriləcək sərgilər haqqında da fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti