...

Elman Nəsirov: Bu il Azərbaycanın atdığı bir sıra mühüm addımlar beynəlxalq aləmdə mövqeyini daha da gücləndirib (VİDEO)

Siyasət Materials 27 Dekabr 2016 08:09 (UTC +04:00)
2016-cı ildə Azərbaycanın atdığı bir sıra mühüm addımlar bizim beynəlxalq aləmdəki mövqelərimizi daha da gücləndirib.
Elman Nəsirov: Bu il Azərbaycanın atdığı bir sıra mühüm addımlar beynəlxalq aləmdə mövqeyini daha da gücləndirib (VİDEO)

Bakı. Samir Əli - Trend:

Bu il Azərbaycanın atdığı bir sıra mühüm addımlar ölkəmizin beynəlxalq aləmdəki mövqelərini daha da gücləndirib.

Trend-in məlumatına görə, bunu "Baku Network" Ekspert Şurasında 2016-cı ilin yekunlarına həsr edilmiş müzakirələr zamanı millət vəkili Elman Nəsirov deyib.

Onun sözlərinə görə, 2016-cı il dünyada mürəkkəb proseslərin baş verdiyi dövr kimi yadda qalıb:

"Dünyada həm maliyyə, həm hərbi, həm də dövlətlərarası etimadsızlıq böhranı yaşanmaqdadır və təəssüf ki, 2016-cı ildə bu proses daha da dərinləşdi. Biz dünyada dəhşətli bir miqrant böhranının şahidi olduq. Milyonlarla insan öz ev-eşiyindən didərgin düşdü. Eyni zamanda Yaxın Şərqdə, xüsusilə də Suriyada hadisələrin nə qədər mürəkkəb inkişaf etdiyinin gördük. Bu reallıqlar fonunda Azərbaycan dövləti öz inkişaf tempini saxlaya bilib. Eyni zamanda biz dünyanın tərkib hissəsiyik və bu proseslər bizdən də yan keçməyib".

E.Nəsirov bildirib ki, 2016-cı il dünyada əsasən gərgin proseslərlə yadda qalsa da, Azərbaycanın bir sıra nailiyyətləri olub:

"Fevral ayında Cənub Qaz Dəhlizi ilə bağlı məşvərət şurası keçirildi. Orda çox mühüm razılaşmalar və müzakirələr oldu. Eyni zamanda aprel ayında prezident İlham Əliyevin Vaşinqtona Nüvə Sammitinə səfəri oldu və orda danışıqlar keçirdi. İyul ayında Bakıda "Formula-1" yarışı baş tutdu. Dünyada 500 milyondan artıq tamaşaçı həmin yarışı izlədi. Bu da çox vacib tədbirlərdən biri idi. Eyni zamanda sentyabrın 29-da V Beynəlxalq Bakı Forumunu, aprel ayında BMT Sivilizasiya Alyansının 7-ci Qlobal Forumunu qeyd etmək istərdim. Aprel döyüşləri isə tarixi bir hadisə idi. Bu hadisə tariximizin şanlı səhifəsinə çevrildi".

Rio Olimpiadasında Azərbaycanın mühüm yerlərdən birinə sahib olduğunu deyən millət vəkili qeyd edib ki, həmin oyunlarda Azərbaycan medallarının sayına görə, Avropa ölkələri arasında 7-ci, keçmiş Sovet İttifaqı respublikaları arasında 2-ci, müsəlman ölkələri arasında isə 1-ci yerdə qərar tutdu:

"Azərbaycan bu gün dünyanı narahat edən ən mürəkkəb məsələlərlə bağlı öz tənqidi mövqeyini bildirib. Azərbaycan Prezidenti dəfələrlə ən yüksək kürsülərdən həyəcan təbili çalıb və deyib ki, bu gün elə qorxulu proseslər gedir ki, 5-10 ildən sonra bizim sivil dünyamızı nə gözlədiyini düşünəndə insan vahiməyə gəlir. Yəni 10 il bundan əvvəl kimin ağlına gələrdi ki, bu gün neofaşizm baş qaldıracaq. Kimin ağlına gələrdi ki, Drezdenin küçələrində bu gün neofaşist gənclər 20-25 minlik mitinqlər keçirəcək".

E.Nəsirov 2016-cı ildə Azərbaycanda keçirilən referendumu da mühüm hadisə adlandırıb:

"Buna təkcə referendum kimi baxmaq olmaz. Bu dövlət başçısının yeritdiyi siyasətə xalqın razılığıdır. 2015-2016-cı illər ərzində Avropa Parlamenti, Avropa İttifaqı ilə Azərbaycanın münasibətləri məhz onların tutduğu qərəzli mövqeyə görə çox korlanmışdı. Amma bu ilin sentyabr ayının 20-də Avropa Parlamentinin 15 nəfərlik təmsilçisi Bakıya gəlib Azərbaycan Prezidenti ilə görüşdülər. Təmsilçilər ona görə Bakıya səfər etmişdilər ki, yəni bu olub, bunu bağışlayın. Bunlar hamısı onu göstərir ki, Azərbaycanın mövqeyi Avropa İttifaqında da, Avropa Parlamentində də möhkəmlənməkdədir və nəzərə alınmaqdadır. Bu bizi əlbəttə ki sevindirir".

Millət vəkili ilin yekunlarına nəzər salarkən regionda Şimal-Cənub, Şərq-Qərb layihəsinin önəmindən də danışıb:

"Azərbaycan-Rusiya-İran üçlüyü Şimal-Cənub layihəsinin, Azərbaycan-Gürcüstan-Türkiyə üçlüyü isə Şərq-Qərb dəhlizinin yaranmasına şərait yaratdı. Yəni, bunlar onu göstərdi ki, Azərbaycan 2016-cı ildə qeyri-neft sektorunun inkişafı yolunda çox ciddi addımlar atdı. Biz 2017-ci ildə bunun bəhrəsini daha çox hiss edəcəyik".

E.Nəsirov 2016-cı ildə də Azərbaycanda ictimai-siyasi sabitliyin hökm sürdüyünü bildirib:

"28 may - Respublika günü ilə bağlı Buta sarayında keçirilən tədbirdə dövlət başçısı çox maraqlı bir tezis səsləndirdi. Qeyd etdi ki, ictimai-siyasi sabitlik olmayan yerdə təhlükəsizlik və davamlı inkişaf olmur, təhlükəsizlik olmayan yerdə ictimai-siyasi sabitlik və davamlı inkişaf olmur. Bunlar bir-biri ilə çox sıx bağlı məsələlərdir. Prezident vurguladı ki, bütün bu illər ərzində qarşıya qoyduğumuz hədəflərdən çata bilmədiyimiz yeganə məsələ münaqişənin həlli ilə bağlı məsələdir. Dövlət başçısı oktyabr ayının 7-də Nazirlər Kabinetinin 9 ayın yekunları ilə bağlı iclasındakı çıxışında da qeyd etdi ki, həllini tapa bilməyən bu münaqişə təkcə Ermənistanın işi deyil. Bu onun hesabına baş verib ki, biri Ermənistana silah verir, ikincisi pul verir, bir başqası ona havadarlıq edir, bir başqası da təbliğini edir. Bax buna görə də bu münaqişə həllini tapa bilmir".

Millət vəkili bu ilin aprel ayında cəbhə bölgəsində qısamüddətli döyüşlərdə Azərbaycanın nailiyyətlərini tarixi səhifə adlandırıb:

"Aprel ayındakı döyüşlərdə Azərbaycan öz hərbi gücünün cüzi bir hissəsini göstərdi. Bu kifayət etdi ki, Ermənistan ordusunun inamı qırılsın. Bu gün artıq Ermənistan çox gözəl bilir ki, əgər müharibə başlasa, Ermənistanın məğlubiyyəti labüddür. Bu gün Ermənistandakı miqrasiyanın ən əsas səbəbi budur ki, sabahkı günə ümidləri yoxdur. Müharibə başlasa, növbəti məğlubiyyət baş verəcək. Ona görə də onlar indidən övladlarının gələcəyini təmin etməyə çalışır".

Azərbaycanda 2016-cı ilin multikulturalizm ili elan olunması məsələsinə toxunan E.Nəsirov deyib ki, Azərbaycan multikulturalizm dəyərlərini paylaşır:

"Multikulturalizm Azərbaycanda bir dövlət siyasətidir, ictimai sifarişdir. O bizim zənginliyimizdir, o bizim gələcəyin təminatçısıdır. Biz dərk edərək bu siyasəti həyata keçiririk. Dünyada bizi dəstəkləyənlərin sayı da artıb və hesab edirəm ki, 2017-ci ildə Azərbaycanın inkişaf xətti qorunub saxlanacaq. Azərbaycanın növbəti 10 il ərzində hədəfi inkişaf etmiş dövlətlər sırasına daxil olmaqdır. 2015-ci ildə İstanbulda Böyük 20-liyin toplantısında Azərbaycan Prezidenti dünyanın 20 nəhəng ölkəsinin rəhbərlərinin yanında dayanmışdı. Bunun simvolik mənası budur ki, Azərbaycan qarşısına yeni hədəf qoyub".

Millət vəkili qeyd edib ki, 2016-cı ildə həm də Azərbaycan dövlətinin əsası Heydər Əliyevin qoyduğu balanslı, tarazlaşdırılmış xarici siyasət kursu davam etdirilib: "Bu siyasətə çeviklik, hücum taktikası da əlavə edilib və nəticədə Azərbaycan 2016-cı ildə o ənənəvi müstəqil xarici siyasət kursunu həyata keçirməkdədir. Bizim hər hansı bir dövlət ilə ikitərəfli əlaqələrimiz heç bir halda üçüncü tərəfin əleyhinə yönəlməyib. Bəzən müəyyən dövlətlər tapılır ki, bizim hər hansısa bir dövlətlə münasibətlərimizə qısqanclıqla yanaşır, bunu özünün əleyhinə hesab edir. Halbuki, hamı bilir ki, Azərbaycan Prezidenti müstəqil siyasət aparır və bu siyasət xalqın, millətin mənafeyinə söykənir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti