...

2016-cı il nə ilə yadda qaldı? - Rəylər

Siyasət Materials 30 Dekabr 2016 08:00 (UTC +04:00)
Artıq 2016-cı il bitmək üzrədir. Bu ili həm dünya üçün, həm də ölkəmiz üçün fəal və bir çox hadəslərlə yadda qalan bir il kimi səciyyələndirmək olar.
2016-cı il nə ilə yadda qaldı? - Rəylər

Bakı. Elçin Mehdiyev - Trend:

Artıq 2016-cı il bitmək üzrədir. Bu ili həm dünya, həm də ölkəmiz üçün fəal və bir çox hadisələrlə yadda qalan bir il kimi səciyyələndirmək olar.

Bu ilin yekunları haqqında Trend-ə açıqlama verən Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, 2016-cı il ölkəmiz üçün çox uğurlu illərdən biri olub:

"2016-cı ildə baş verən hadisələrə nəzər salsaq görərik ki, bir sıra dövlətlərin tarixində 10 il ərzində görülən işlər Azərbaycanda bir ilin içərisində həyata keçirilib. Xüsusi olaraq ilk növbədə aprel döyüşlərini xatırlatmaq istəyirəm. Bu hadisələr bir daha Azərbaycan Prezidentinin, xalqının qətiyyətini, Milli Ordumuzun gücünü, xalqımızın birliyini, dövlət başçısının ətrafında birləşdiyini göstərdi. Ermənilər Dağlıq Qarabağ münaqişəsini uzatmaqla belə bir fikir ortaya atmışdılar ki, münaqişə uzandıqca, yeni nəsil yetişəcək və torpaqlar unudulacaq və beləliklə, ötən əsrin əvvəllərində olduğu kimi onlar növbəti dəfə də Azərbaycanın ərazisinin bir hissəsinə sahib çıxacaqlar. Ancaq aprel döyüşlərinin gedişi ermənilərin bu yalanını ifşa etdi və göstərdi ki, Azərbaycan xalqı ordusu ilə bir yerdədir. Bu hadisələr zamanı beynəlxalq təşkilatlar da ermənilərə dəstək vermədilər və bəyan etdilər ki, bu torpaqlar Azərbaycan ərazisidir və ölkəmiz öz ərazisində müharibə aparır. Bu da Azərbaycanın böyük bir uğuru idi".

S.Novruzov bildirib ki, Azərbaycanın ikinci böyük uğuru Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçirilən referendum, dövlət strukturunun təkmilləşdirilməsi oldu:

"Referendum çox uğurla həyata keçdi. Azərbaycan Prezidenti öz səlahiyyətlərindən istifadə edərək referendumla bağlı Konstitusiya Məhkəməsinə müraciət etmişdi və xalq yekdilliklə dövlət başçısı tərəfindən irəli sürülən təkliflərə səs verdi. Çünki xalq öz Prezidentinə inanır və bilir ki, bu düzəlişlər Azərbaycanın inkişafına xidmət edəcək. Bundan əlavə, Azərbaycanda bir sıra mötəbər beynəlxalq tədbirlər, o cümlədən Formula 1 yarışı keçirilib ki, dünyada yarim milyarddan çox insan onu izləyib. Həmçinin, ölkəmizdə beynəlxalq forumlar keçirilib ki, dünyanın çoxsaylı tanınmış siyasətçiləri həmin tədbirlərdə iştirak ediblər. Bu il Azərbaycanda multikulturalizm ili olub və ölkəmiz dünyaya multikultural dəyərlərini nümayiş etdirdi. Azərbaycan bütün dünyaya göstərdi ki, bəşəriyyətin xilası multikultural dəyərlərdə, dinlərarası, mədəniyyətlərarası münasibətlərdədir".

Komitə sədri vurğulayıb ki, iqtisadi inkişaf, sahibkarlığa dəstək sahəsində də bu il mühüm addımlar atılıb:

"Milli Məclisdə iqtisadiyyatın inkişafı, həmçinin vergi sisteminin təkmilləşdirilməsi, sosial sahənin inkişafı ilə bağlı qanunlar qəbul olunub. Bütün bunlar sahibkarlığın inkişaf etməsinə şərait yaradacaq. Prezident tərəfindən vergi amnistiyası ilə bağlı Milli Məclisə müraciət edilməsi xüsusi qeyd edilməlidir. Özəl sektorun 600 milyon manatdan çox vergi borcları dövlət hesabına silinəcək ki, bu da dünyada heç bir dövlət tərəfindən atılmayan bir addımdır. Ümumi götürdükdə 2016-cı il Azərbaycan xalqı, dövləti üçün uğirlu illərdən biri olub".

S.Novruzov əlavə edib ki, 2016-cı il həmçinin xarici əlaqələrin inkişaf etdirilməsi baxımından da uğurlu olub:

"Hər ay ərzində bir neçə ölkənin prezidentləri, baş nazirləri, hökumət nümayəndələri Azərbaycana səfər ediblər, ölkəmizdə taleyüklü və dünya üçün vacib olan müxtəlif qərarlar qəbul olunub".

Siyasi ekspert Arzu Nağıyev də hesab edir ki, 2016-cı il Azərbaycan üçün həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan uğurlu bir il olub:

"İlk növbədə, Azərbaycanın hərbi uğuru haqqında onu demək olar ki, aprel hadisələrindən sonra Dağlıq Qarabağ münaqişəsinin həllində dönüş yarandı. Ermənilərin özləri haqqında yaratdığı mif sındı, orduları haqqında şişirdilmiş məlumatlar fiaskoya uğradı".

Ekspertin sözlərinə görə, təbii ki, neftin qiymətinin dünya bazarında ucuzlaşması Azərbaycan iqtisadiyyatına təsir edən ən mühüm addımlardan biri oldu:

"Lakin ölkədə qeyri-neft sektorunda, o cümlədən kənd təsərrüfatı, turizm və digər sahələrdə islahatlara və inkişafa təkan verildi".

A.Nağıyev bildirib ki, Azərbaycanın xarici siyasətindən danışarkən qeyd edilməlidir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bir sıra müsbət məqamlar oldu:

"Eyni zamanda, Azərbaycanda qlobal forumların və digər beynəlxalq tədbirlərin keçirilməsi bir ənənə şəklini aldı. Ölkəmiz mötəbər idman yarışlarına ev sahibliyi etdi. Formula 1 yarışmasının Bakıda keçirilməsi həm də ölkəmizin siyasi bir uğuru idi. Ümumilikdə, 2016-cı ildə Azərbaycanda baş verən proseslər, siyasi və iqtisadi islahatlar gələcəkdə daha böyük addımlar atmaq üçün bir təməl qoydu. Düşünürəm ki, dolların məzənnəsinin yüksəlməsi iqtisadi proseslərə müəyyən təsirlər göstərsə də, digər dövlətlərlə müqayisədə Azərbaycanda böyük bir təlatüm yaşanmadı. 2017-ci il isə ölkədə islahatların nəticə verəcəyi bir il kimi yadda qalacaq".

Milli Məclisin deputatı Bəxtiyar Əliyev də hesab edir ki, 2016-cı il Azərbaycan üçün uğurlu bir il olub. Millət vəkili Trend-ə bildirib ki, 2016-cı ildən danışarkən ilk növbədə aprel döyüşlərini xatırlatmaq yerinə düşərdi:

"Bu döyüşlər göstərdi ki, Azərbaycan qüdrətli bir dövlətə çevrilib, regionda söz sahibidir, istədiyi an öz torpaqlarını erməni işğalından azad etməyə qadirdir".

B.Əliyev əlavə edib ki, baxmayaraq ki, bu il ərzində dünyada baş verən böhran ölkəmizə də müəyyən təsirini göstərdi, amma Azərbaycan bu proseslərdən çox az itkilərlə çıxdı:

"Bu böhranların Azərbaycana az təsir göstərməsi üçün cənab Prezident tərəfindən aparılan islahatlar, o cümlədən iqtisadiyyatın inkişafı ilə bağlı imzalanan strateji yol xəritəsi gələcəkdə də ölkəmizin güclü bir dövlət kimi inkişafının təminatı olacaq".

Deputat bildirib ki, 2016-cı il xarici əlaqələrin inkişafı baxımından da ölkəmiz üçün çox səmərəli bir il olub:

"Azərbaycan artıq çoxdan beynəlxalq tədbirlərin keçirilməsi məkanına çevrilib. Çünki Azərbaycan özünü artıq dünyada bir güc mərkəzi kimi təsdiq edə bilib. Bu il ərzində cənab Prezident çoxlu sayda xarici səfərlər edib, mühüm beynəlxalq tədbirlərə qatılıb, vacib əhəmiyyət kəsb edən görüşlər keçirib. Eyni zamanda, müxtəlif böyük dövlətlərin başçılarının, baş nazirlərinin, hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların rəsmilərinin Azərbaycana çoxlu sayda səfərləri reallaşıb, ikitərəfli sazişlər, yeni layihələrlə bağlı müqavilələr imzalanıb, dünya üçün vacib qərarlar qəbul edilib. Bütün bunları nəzərə alaraq 2016-cı ili çox uğurlu bir il hesab etmək olar".

Milli Məclisin deputatı Aydın Mirzəzadə isə Trend-ə bildirib ki, 2016-cı il Azərbaycan üçün islahatlar ili kimi tarixdə qaldı:

"Hesab edirəm ki, Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə bağlı referendumun keçirilməsi, ölkənin idarəetmə mexanizminin təkmilləşdirilməsi, əsas qanunda insan hüquq və azadlıqları ilə bağlı fikirlərin daha dəqiq yer alması 2016-cı ilin ən vacib hadisəsi hesab edilə bilər".

Deputatın sözlərinə görə, 2016-cı il eyni zamanda aprel hadisələri ilə yadda qaldı:

"Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttində aprel ayının əvvəlində baş verən hərbi əməliyyatlarda Azərbaycan böyük uğurlar əldə etdi, strateji əhəmiyyətli yüksəklikləri azad etdi, Ermənistan silahlı qüvvələri üzərində həm hərbi, həm də mənəvi qələbə qazandı. Bunun özü Dağlıq Qarabağ məsələsinin həllində Azərbaycanın öz gücünə arxalandığını, bu istiqamətdə böyük işlər görmək əzmində olduğunu göstərdi".

A.Mirzəzadə hesab edir ki, həmçinin 2016-cı ildə iqtisadi sahədə də bir sıra islahatlar həyata keçirildi ki, bunun müsbət nəticələri artıq hiss edilməkdədir və növbəti illərdə də iqtisadi inkişafa dəstək olacaq:

"Bunlardan birincisi, maliyyə-bank sektorunda bir sıra ciddi dəyişikliklərin edilməsi, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasıdır. Bu islahatlar bank sektorunun günün tələblərinə cavab verən formada fəaliyyət göstərməsinə böyük zəmin yaratdı. Eyni zamanda, sahibkarlığın inkişafı üçün bir sıra ciddi addımların atılması, vergi borcu olan hüquqi və fiziki şəxslərin borclarının amnistiyası ilə bağlı Prezident tərəfindən Milli Məclisə müraciət edilməsi, pambıqçılığın inkişafı ilə bağlı dövlət başçısı tərəfindən dəstək verilməsi, regionların inkişafına böyük sərmayələrin yatırılması vacib məsələlərdən hesab edilə bilər".

A.Mirzəzadənin fikrincə, ümumilikdə 2016-cı il Azərbaycan üçün bir mərhələdən digər mərhələyə uğurlu keçid kimi qiymətləndirilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti