...

Los Ancelesdə erməni lobbisinin azərbaycanlıların tədbirinə mane olmaq cəhdləri boşa çıxıb (FOTO)

Siyasət Materials 9 May 2017 10:21 (UTC +04:00)
Los Ancelesdə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş geniş konsert keçirilib. Erməni lobbisinin konsertə mane olmaq cəhdləri boşa çıxıb.
Los Ancelesdə erməni lobbisinin azərbaycanlıların tədbirinə mane olmaq cəhdləri boşa çıxıb (FOTO)

Bakı. Trend:

Mayın 6-da ABŞ-ın Los Anceles şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar geniş konsert keçirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşkilatçılığı və Bakı şəhəri, Nəsimi rayonu İcra Hakimiyyətinin dəstəyi ilə Los Ancelesin qədim və əzəmətli Orfeum Teatrında təşkil olunan konsert, 2 minə yaxın amerikalı tamaşaçı tərəfindən böyük rəğbət və ayaqüstü alqışlarla qarşılanıb.

Konsulluqdan Trend-ə verilən məlumata görə, Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev tədbiri açaraq, çoxsaylı tamaşaçı kütləsini salamlayıb, bu əlamətdar günün önəmindən bəhs edib. Diplomat Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlət quruculuğunda göstərdiyi müstəsna tarixi xidmətlər barədə danışaraq qeyd edib ki, dahi dövlət xadimi Heydər Əliyev 1993-cü ildə xalqın israrlı çağırışlarından sonra Bakıya qayıtmış, qısa müddət ərzində ölkədə sabitliyin yaradılmasına nail olaraq və önəmli siyasi və iqtisadi islahatlara, eləcə də milli maraqlarımıza əsaslanan xarici siyasətin həyata keçirilməsinə start verərək, çağdaş Azərbaycanın sürətli inkişafının əsasını qoyub. N.Ağayev həmçinin bildirib ki, Ümummilli Liderin Azərbaycanın inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və nəticədə, ölkəmiz bütün sahələrdə günü-gündən daha da qüdrətlənir, həm bölgədə, həm də bütün dünyada nüfuzlu dövlət kimi qəbul olunur.

Sonra çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, Ulu Öndərin müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyəti özünün əzəmətli ifadəsini öncə ölkəmizin və xalqımızın nicata qovuşmasında, geniş mənada isə, müasir dövlət quruculuğu siyasətinin həyatımızın bütün sahə və istiqamətlərini əhatə etməsində tapıb. Sonra Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən hazırlanmış, Heydər Əliyevin ömür yolunu əks etdirən video-material tamaşaçıların diqqətinə təqdim olunub.

Daha sonra konsert proqramı başlayıb. Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, professor Siyavuş Kəriminin rəhbərliyi altında nümayiş etdirilən proqramda Azərbaycan musiqisinin müxtəlif janrları təqdim olunub. Xalq artistləri Mənsum İbrahimov, Samir Cəfərov, Azər Zeynalov, əməkdar artist Aygün Zeynalova, gənc müğənni Arzu Əliyeva, əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Şirzad Fətəliyev (nəfəsli alətlər), tanınmış ifaçılar Aydın Əliyev (qarmon), Elşən Qasımov (nağara) və Nərgiz Əliyeva (royal) tərəfindən yüksək məharətlə ifa edilən rəngarəng mahnı və muğam təsnifləri, simfonik musiqi əsərləri, ariyalar, eləcə də gənc rəqqasə Röyalə Əliyevanın təqdim etdiyi rəngarəng rəqslər bütün tamaşaçıları valeh edib.

Həmçinin, Qara Qarayevin “Yeddi Gözəl” baletindən valsın Kaliforniyanın San Dieqo Baleti tərəfindən ifası böyük maraq doğurub. Konsert tamaşaçıların ayaqüstü və gurultulu alqışları ilə qarşılanıb.

Qeyd edək ki, Los Ancelesdəki radikal və aqressiv erməni lobbisi konsertdən öncə müxtəlif vasitələrlə konsertin keçirilməsinə mane olmağa çalışıblar. Məqsədlərinə nail olmadıqlarını görən erməni lobbi təşkilatları, tədbir günü Orfeum Teatrının qarşısında etiraz aksiyası keçiriblər. Ancaq etiraz aksiyası konsertə gələn tamaşaçıların geniş etinasızlığı ilə üzləşərək, erməni lobbisinin növbəti uğursuzluğu ilə nəticələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti