...

Peru Azərbaycanla bu sahələrdə əməkdaşlıq qurmaq istəyir (ÖZƏL)

Siyasət Materials 22 Avqust 2017 08:33 (UTC +04:00)
Peru Azərbaycanın neft-qaz sahəsindəki təcrübəsindən istifadə etməyə maraqlıdır.
Peru Azərbaycanla bu sahələrdə əməkdaşlıq qurmaq istəyir (ÖZƏL)

Bakı. Ləman Zeynalova - Trend:

Peru Azərbaycanın neft-qaz sahəsindəki təcrübəsindən istifadə etməyə maraqlıdır.

Bunu Trend-ə müsahibəsində Perunun Azərbaycanda müvəqqəti işlər vəkili Luis Çanq Boldrini deyib.

Diplomat qeyd edib ki, Peru öz neft-qaz sektorunu inkişaf etdirmək niyyətindədir: "Azərbaycanın bu sahədə, xüsusilə də qaz nəqli sahəsində təcrübəsi olan şirkətlərinin Peruda investisiya yatırmaq üçün böyük imkanları var. Belə layihələrdən biri qazı Amazoniyadakı yataqdan ölkənin qərb sahillərinə çatdıracaq boru kəməridir".

O əlavə edib ki, iki ölkə arasında ticarətin və investisiyaların artımı üçün nəhəng imkanlar var:

"Hazırda biz Peruda istehsal olunan qida malları və aqrar sənaye kompleksinin digər məhsullarının Azərbaycana ixrac imkanlarını öyrənirik. Həmçinin Azərbaycanın ərzaq məhsulları ixracatçılarını Peruda keçiriləcək EXPOALIMENTARIA aqrar sənaye və ərzaq yarmarkasında iştirak etməyə dəvət edirik".

L.Ç.Boldrini bildirib ki, Peru kakao, avokado, kofe, üzüm, qoz, şəkər, naringi, banan, manqo, krevet və digər qida mallarının mühüm istehsalçısıdır: "Azərbaycan bu məhsulların bir hissəsini digər ölkələrdən idxal edir. Peru malları Azərbaycana üçüncü ölkələr vasitəsilə gəlir".

Diplomat xatırladıb ki, hazırda iki ölkə arasında turizm, mədəniyyət və narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizə sahələrində əməkdaşlıq haqqında sazişlərin imzalanması ilə bağlı danışıqlar aparılır: "Biz Azərbaycanla təhsil və müdafiə sahələrində də əməkdaşlıq qurmaq istəyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti