...

ATƏT-in Media azadlığı üzrə nümayəndəsi Aleksandr Lapşin və Mehman Əliyevin azad edilməsi ilə bağlı qərarı alqışlayıb (YENİLƏNİB)

Siyasət Materials 11 Sentyabr 2017 19:53 (UTC +04:00)

Bakı. Trend:

ATƏT-in Media azadlığı məsələləri üzrə nümayəndəsi Arlem Dezir Azərbaycan Prezidentinin bloqer Aleksandr Lapşinin əfv edilməsi barədə qərarını müsbət qarşılayıb.

Trend-in məlumatına görə, bu barədə A.Dezir "Twitter" hesabında yazıb.

Eyni zamanda A.Dezir “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin azad edilməsi ilə bağlı qərarı alqışlayıb.

Trend təşkilatın saytına istinadən xəbər verir ki, A.Dezir bununla bağlı bəyanatında bildirib: "Mən hakimiyyət tərəfindən atılmış bu müsbət addımı alqışlayıram və onları Mehman Əliyevə qarşı bütün ittihamları aradan qaldırmağa çağırıram".

Həmçinin A.Dezir bu məsələ ilə bağlı Azərbaycanla dialoqun yüksək qiymətləndirildiyini bildirib.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev “Turan” İnformasiya Agentliyinin direktoru barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması məsələsinə baxılması üçün aidiyyəti orqanlara tapşırıq verib.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd edib ki, bu qərar Azərbaycanda demokratik prinsiplərin, söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin müstəqilliyinin və jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsinə dair Azərbaycan Prezidentinin dəyişməz mövqeyi və ali iradəsinin təcəssümüdür.

Ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuşdu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Lapşin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilimişdi.

Mehman Əliyev 2017-ci il avqustun 24-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti