...

Laos və Azərbaycan XİN anlaşma və əməkdaşlıq haqqında Memorandum imzalayıblar (FOTO)

Siyasət Materials 15 Sentyabr 2017 15:51 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Laosun xarici işlər naziri Salımsay Kommasitlə görüşüb.
Laos və Azərbaycan XİN anlaşma və əməkdaşlıq haqqında Memorandum imzalayıblar (FOTO)

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Laosun xarici işlər naziri Salımsay Kommasitlə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov həmkarının 18-20 iyun 2017-ci il tarixində Azərbaycana rəsmi səfərini məmnunluqla xatırlayaraq, qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin, xüsusilə də siyasi dialoqun inkişaf etdirilməsində əhəmiyyətli rol oynadığını qeyd edib. Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılmasının vacib platforma olacağına ümidvar olduğunu əlavə edib.

E.Məmmədyarov iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq imkanlarını dəyərləndirərək, nəqliyyat, enerji, kənd təsərrüfatı sahəsini xüsusilə qeyd edib. Azərbaycanın iştirakçısı və təşəbbüskarı olduğu irimiqyaslı enerji, infrastruktur və nəqliyyat layihələri barəsində danışan nazir Laos tərəfinə Şimal-Cənub dəhlizinin potensialının nəzərdən keçirilməsini təklif edib.

E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və münaqişə üzrə danışıqlar prosesinin son statusu barəsində həmkarını məlumatlandırıb və S.Kommasitin Azərbaycana səfəri zamanı imzalanmış birgə mətbuat açıqlamasında da qeyd edildiyi kimi, münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri, eləcə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həll edilməli olduğunu bir daha bəyan edib.

Nazir Salımsay Kommasit Azərbaycana rəsmi səfəri və ölkəmiz haqqında xoş təəssüratlarını bölüşərək, Laosun Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində, xüsusilə enerji sahəsində Azərbaycanın zəngin təcrübəsindən faydalanmaqda maraqlı olduğunu bildirib.

Təhsil sahəsində iki ölkə arasında əməkdaşlıq ənənələrinin mövcud olduğunu bildirən S.Kommasit bu sahədə əlaqələrin davam etdirilməsinin arzuolunan olduğunu vurğulayıb.

Görüşdə həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, müqavilə-hüquq bazasının genişləndirilməsi və digər məsələlər barəsində geniş fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcəyini və 2019-cu ildə QH-nın XVIII zirvə toplantısının Bakıda keçiriləcəyini qeyd edərək bu çərçivədə də iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.

Nazirlər “Laos Xalq Demokratik Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandum”u imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti