...

Novruz Məmmədov: AŞ PA müəyyən dairələrin əlində sanki bir alətə çevrilib (YENİLƏNİB)

Siyasət Materials 23 Oktyabr 2017 15:24 (UTC +04:00)
AŞ PA müəyyən dairələrin əlində sanki bir alətə çevrilib.
Novruz Məmmədov: AŞ PA müəyyən dairələrin əlində sanki bir alətə çevrilib (YENİLƏNİB)

Bakı. Elçin Mehdiyev - Trend:

AŞ PA müəyyən dairələrin əlində sanki bir alətə çevrilib. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov qeyd edib ki, Avropa Şurası Parlament Assambleyası Azərbaycana qarşı qərəzli bir qurumdur:

"AŞ PA iki ölkəni qəbul edib, lakin onlardan biri digərinin ərazilərini bütün bu illər ərzində işğal altında saxlayır. AŞ PA-dan bunu tələb etmək lazımdır ki, əgər sən ədalətli bir qurumsansa, ədalət tərəfdarısansa, niyə bununla bağlı heç bir söz demirsən, heç bir qərar qəbul etmirsən?! AŞ PA müəyyən dairələrin əlində sanki bir alətə çevrilib. Azərbaycan isə inkişaf edir, böyük nüfuzu var, ölkənin münaqişədə olmasına baxmayaraq, sabitliyini, təhlükəsizliyini, davamlı inkişafını necə lazımdır təmin edir, regionda, beynəlxalq aləmdə nüfuzu artır".

O əlavə edib ki, Azərbaycan kiçik bir dövlət olsa da, Şimal-Cənub, Şərq-Qərb kimi mühüm dəhlizlərin yaradılmasında, yəni İpək Yolunun yenidən bərpa olunmasında həm təşəbbüskardır, həm iştirakçıdır, həm də aparıcı bir rol oynayır:

"Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP, TAP layihələri, Şimal-Cənub nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu – bütün bunların hər biri Azərbaycanın 26 ildə həyata keçirdiyi böyük işlərdir. Dünyanın ən böyük dövlətləri belə, bu cür miqyasda işlər görməyiblər. Bütün bunlar Azərbaycanın beynəlxaq aləmdə yerini, rolunu göstərir. Bu isə çox təəssüflər olsun ki, Qərbdə bəzi dairələrin xoşuna gəlmir. Axtarırlar ki, hansısa yolla bir şey desinlər, bir fikir söyləsinlər. Azərbaycan ərazilərini 25 ildən artıqdır ki, işğal altında saxlayan işğalçı Ermənistan haqqında isə bir dəfə də olsun söz demirlər, amma Azərbaycanla bağlı balaca bir söhbət olan kimi danışırlar".

Prezidentin köməkçisi bildirib ki, bu gün Myanmada Rohinca müsəlmanları ilə bağlı böyük bir insan faciəsi baş verir:

"Bir neçə gün əvvəl "Euronews" telekanalı Rohinca müsəlmanları ilə bağlı faciəni zəmanəmizin ən böyük faciələrindən biri kimi dəyərləndirdi. Bu həqiqətdir. Amma bu faciəni kimlər törədib, hansı ölkədə baş verir?! Bu faciə Qərbin uzun illər müdafiə etdiyi, həbsxanadan azad etdiyi Nobel sülh mükafatı laureatı, Myanma xarici işlər naziri və dövlət müşaviri Aun San Su Çjinin indi rəhbər olduğu ölkədə baş verir. Bu hüquq müdafiəçisi faktiki olaraq ölkənin lideri, baş naziri vəzifəsindədir. Amma Qərb Rohinca müsəlmanları ilə bağlı məsələyə sərt, qəti mövqe bildirmir. 1990-cı illərin əvvəlindən Azərbaycanda 1 milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib. Bu illər ərzində Azərbaycanda baş verənləri niyə əsrimizin ən böyük faciələrindən biri kimi qiymətləndirmirdilər? Bu, bir nümunədir. Bəli, Rohinca müsəlmanlarına qarşı törədilənlər böyük faciədir, amma Azərbaycan haqqında bir dəfə də bunu deməyiblər. "Euronews" telekanalı da susanların sırasındadır. Azərbaycanda bir insanın hüququnun pozulduğu iddia olunsa, bu barədə aylarla danışıb yazacaqlar. Amma 1 milyon qaçqın və məcburi köçkünlərlə bağlı bəzən dilucu danışan da tapılmır. Bu, qərəzli, ikili standart deməkdir. Dünyada sabitliyə, təhlükəsizliyə mane olan məhz belə hallardır. Azərbaycana qarşı belə hallara tez-tez yol verilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti