Bakı. Trend:
Bu gün Azərbaycanda keçirilən prezident seçkiləri ilə əlaqədar Ankaradakı səfirliyimizdə fəaliyyət göstərən 17 saylı Yasamal üçüncü seçki dairəsi 30 saylı məntəqəsində səsvermə uğurla başa çatıb.
Trend AZƏRTAC-a istinadən xəbər verir ki, səsvermə Türkiyə vaxtı ilə saat 8.00-dan 19.00-dək keçirilib.
Səsvermə seçki haqqında sənədlər əsasında, eləcə də Mərkəzi Seçki Komissiyasının bütün tələb və təlimatlarına uyğun şəkildə təşkil olunub. Seçki prosesinə müdaxilə və yaxud digər qanun pozuntusu qeydə alınmayıb.
Türkiyənin Ankara, Adana, Mersin, Kayseri və səfirliyimizin konsulluq şöbəsinin fəaliyyət dairəsində olan digər bölgələrdə yaşayan, işləyən və konsulluq qeydiyyatında olan vətəndaşlarımız səsvermədə iştirak ediblər.
Məntəqə seçki komissiyasının məlumatına görə, səsvermə hüququ olan vətəndaşlarımızın 90 faizdən çoxu səsvermədə iştirak edib.
Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.
Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.
Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.
Saat 19:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 74.51 faizi, yəni 3 959 553 seçici səs verib.