Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycanda prezident seçkiləri tamamilə demokratik keçdi.
Trend-in məlumatına görə, bunu prezident seçkilərinin yekunlarına həsr olunmuş mətbuat konfransında Slovakiya parlamentinin müşahidəçilər qrupunun nümayəndəsi, Azərbaycan-Slovakiya dostluq qrupunun rəhbəri Peter Marçek deyib.
P.Marçek vurğulayıb ki, xalq demokratik şəkildə öz namizədinə səs verib: "Qalibi tamamilə demokratik qaydada seçilməsi münasibəti ilə təbrik etmək istəyirəm. Qalibə verilən səslər onu ifadə edir ki, müxalifət Azərbaycan xalqının iradəsinə tabe olmalıdır".
Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.
Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.
Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.
Saat 19:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 74.51 faizi, yəni 3 959 553 seçici səs verib.