...

Prezident İlham Əliyev: Biz Serbiyanı Bakı-Tbilisi-Qars dəmir yolunun fəal iştirakçısı kimi görürük

Siyasət Materials 21 May 2018 17:02 (UTC +04:00)
Biz Serbiyanı Bakı-Tbilisi-Qars dəmir yolunun fəal iştirakçısı kimi görürük
Prezident İlham Əliyev: Biz Serbiyanı Bakı-Tbilisi-Qars dəmir yolunun fəal iştirakçısı kimi görürük

Bakı. Trend:

Biz Serbiyanı Bakı-Tbilisi-Qars dəmir yolunun fəal iştirakçısı kimi görürük.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda Serbiya Prezidenti Aleksandr Vuçiçlə mətbuata bəyanatlarla çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib: "Bu gün müzakirə olunan məsələlər arasında bizim iqtisadi əməkdaşlıq məsələləri də geniş yer almışdır. Biz bu istiqamətdə atılan addımları yüksək qiymətləndiririk. Ancaq, eyni zamanda, tam əminik ki, mövcud ticarət dövriyyəsi bizim iqtisadi potensialımızı əks etdirmir. Artım var, ancaq mütləq rəqəmlər hələ də çox aşağıdır. Ona görə əminəm ki, səfər zamanı müzakirə olunan və olunacaq məsələlər gələcəkdə ticarət dövriyyəsinin artırılmasına gətirib çıxaracaq, bunun üçün yaxşı imkanlar var".

Prezident İlham Əliyev deyib ki, energetika sahəsində əməkdaşlıq üçün perspektivlər ümidvericidir:

"Bu məsələ imzalanan Fəaliyyət Planında öz əksini tapmışdır. Azərbaycan nəhəng enerji layihələrinin təşəbbüskarıdır və fəal iştirakçısıdır. Onların arasında “Cənub Qaz Dəhlizi” layihəsi xüsusi yer tutur. Gələn günlər ərzində biz artıq “Şahdəniz-2” layihəsinin başa çatmasını qeyd edəcəyik. Gələn ay TANAP layihəsi istismara verilməlidir. Beləliklə, Cənub Qaz Dəhlizinin əsas layihələri artıq başa çatmış olacaqdır. Bu, enerji təhlükəsizliyi məsələlərinə Azərbaycanın növbəti töhfəsidir. Bu nəhəng enerji layihəsi geniş beynəlxalq əməkdaşlıq məsələlərinin həllinə də öz müsbət təsirini göstərmişdir. Hazırda bizim regionumuzda enerji sahəsində əməkdaşlıq yeni səviyyəyə qalxır".

Dövlət başçısı qeyd edib ki, ötən ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi ilə bağlı Bakıda mərasim keçirilib. Bu yol da çox böyük əhəmiyyətə malikdir:

"Bu yolun fəaliyyətə başlaması nəticəsində Asiya ilə Avropa Azərbaycan və digər ölkələr üzərindən bir-biri ilə bağlanır. Bu, Asiyadan Avropaya və əks istiqamətə ən qısa yoldur. Yüklər artıq bu yol vasitəsilə daşınır və yüklərin həcmi getdikcə daha da artacaq. Əlbəttə ki, biz Serbiyanı bu dəmir yolunun fəal iştirakçısı kimi görürük. Hesab edirəm, bizim müvafiq qurumlarımız bu məsələ ilə bağlı artıq danışıqlara başlaya bilərlər ki, biz yükdaşımalarını artıra bilək. Beləliklə, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələri geniş əməkdaşlıq üçün yeni imkanlar açır. Bu, turizmin inkişafına təkan verəcək, qarşılıqlı ticarət dövriyyəsini artıracaq və beləliklə, bölgəmizdə, Avrasiya məkanında sabitliyi möhkəmləndirəcək, təhlükəsizliyi təmin edəcəkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti