...

Xarici işlər nazirinin müavini Ramiz Həsənov Laos nümayəndə heyəti ilə görüşüb

Siyasət Materials 22 May 2018 15:32 (UTC +04:00)

Bakı. Trend:

Xarici işlər nazirinin müavini Ramiz Həsənov Laos Xalq İnqilab Partiyasının Mərkəzi Komitəsinin üzvü, Mərkəzi Komitənin xarici əlaqələr komitəsinin sədri xanım Sounton Sayaçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, nümayəndə heyətini salamlayan nazir müavini R.Həsənov Azərbaycanda təhsil alması səbəbindən ölkəmizin xanım S.Sayaçak üçün heç də yad ölkə olmadığını diqqətə çatdırıb. Azərbaycan və Laos arasındakı münasibətlərin tarixi köklərə əsaslandığını qeyd edən nazir müavini iki ölkənin keçmiş Sovet İttifaqı dönəmindən müxtəlif sahələrdə sıx əməkdaşlıq etdiyini bildirdi və ikitərəfli və çoxtərəfli münasibətlərin cari vəziyyətini yüksək qiymətləndirib.

Azərbaycan və Laosun xarici işlər nazirlərinin qarşılıqlı səfər mübadiləsinə toxunan R.Həsənov bunun münasibətlərin inkişafına güclü təkan verdiyini vurğulayıb. Nazir müavini xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılmasının əməkdaşlıq imkanlarının öyrənilməsi baxımından vacib platforma olacağına ümidvar olduğunu əlavə edib. O, Azərbaycan-Laos əlaqələrinin genişləndirilməsi baxımından hər iki ölkənin qanunverici orqanında dostluq qruplarının yaradılmasının vacibliyini diqqətə çatdırıb.

Görüş əsnasında R.Həsənov Azərbaycanın təşəbbüsü və bilavasitə iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Şimal-Cənub nəqliyyat marşrutları haqqında həmsöhbətinə məlumat verərək Laosun da sözügedən layihələrdən yararlana biləcəyini qeyd edib.

Habelə, ASAN xidmət konsepsiyası haqqında danışan R.Həsənov Azərbaycanın bu uğurlu təcrübəni Laos ilə bölüşməyə hazır olduğunu bildirib. R.Həsənov təhsil sahəsində hələ Sovet İttifaqı dövründən başlayan uğurlu əməkdaşlığın genişləndirilməsinin, tələbə və tədqiqatçıların mübadiləsinin davam etdirilməsinin vacibliyini vurğulayb və bu xüsusda ADA Universitetinin xətti ilə tələbə mübadilə proqramlarına toxunub.

Səmimi qəbula görə təşəkkürünü bildirən S.Sayaçak ikitərəfli münasibətlərin cari vəziyyətini yüksək qiymətləndirərək Laos və Azərbaycan arasında beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlığın mövcudluğunu diqqətə çatdırıb.

Təhsil sahəsində iki ölkə arasında əməkdaşlıq ənənələrinin mövcud olduğunu bildirən S.Sayaçak bu sahədə əlaqələrin davam etdirilməsinin və daha da genişləndirilməsinin vacibliyini vurğuladı. S.Sayaçak Laosda Azərbaycanda təhsil almış laoslu məzunlardan ibarət cəmiyyətin təsis olunduğunu qeyd edərək sözügedən cəmiyyətin münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini diqqətə çatdırıb.

Tərəflər iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu vurğulayaraq, Azərbaycan və Laosun işgüzar dairələri arasında birbaşa təmasların yaradılmasının qarşılıqlı investisiyaların təşviqi baxımından əhəmiyyətini vurğulayıblar.

Görüşdə iki ölkə arasında humanitar, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq, eləcə də müqavilə-hüquq bazasının genişləndirilməsi məsələlərinə toxunulub.

Həmçinin, görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti