...

Gəncədə heç bir vəchlə ikinci Nardaran hadisələri yaşana bilməz və yaşanmayacaq

Siyasət Materials 11 İyul 2018 10:54 (UTC +04:00)
Sabitliyə, təhlükəsizliyə düşmən kəsilən istənilən qüvvə qarşısında məhz Azərbaycan xalqını görəcək.
Gəncədə heç bir vəchlə ikinci Nardaran hadisələri yaşana bilməz və yaşanmayacaq

Bəxtiyar Hacıyev – Trend:

İyulun 10-da Gəncədə faciə yaşandı. Radikal dini yönümlü bir qrup şəxs şəhər İcra Hakimiyyətinin inzibati binası qarşısındakı meydana toplaşaraq, küt və kəsici-deşici alətlərlə polis əməkdaşlarına müqavimət göstərdi, Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyevi və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovu qətlə yetirdi.

Bu, ölkənin, xalqın təhlükəsizliyinə əl uzatmaq, ölkədə sabitliyi pozmağa cəhd etmək deməkdir. Deməli, bu başıpozuqlar çox qudurublar, ölkədə ikinci Nardaran hadisələrini təkrarlamaq istəyirlər, Azərbaycanı Suriyaya çevirmək niyyətindədirlər. Xalqın asayişini təmin edən polis əməkdaşlarını qətlə yetirməkdə məqsəd elə budur. Təhlükəsizliyə uzanan əlləri isə dərhal kəsmək lazımdır!

Asayişin keşiyində dayanan polis zabitlərinin qətli bundan əvvəl Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilən terror aktının davamıdır, sifariş eyni yerdən alınıb. Bu terrorçulara qarşı amansız tədbirlər görülməlidir və görüləcək.

Ölkənin ikinci ən böyük şəhəri olan Gəncədə sakinlər də xaricdən tapşırıq alan pozucu qüvvələrə heç şübhəsiz ki, meydan verməyəcək. Gəncədə heç bir vəchlə ikinci Nardaran hadisələri yaşana bilməz və yaşanmayacaq. Belə məkrli plan heç bir zaman həyata keçə bilməz. Azərbaycan xalqı sabitliyin tərəfdarıdır və sabitliyə, təhlükəsizliyə düşmən kəsilən istənilən qüvvə qarşısında məhz Azərbaycan xalqını görəcək.

Gəncədə qanlı cinayət törətməkdə şübhəli bilinən iki nəfər axtarılır - FOTO

Gəncədə qanlı cinayət törətməkdə şübhəli bilinən iki nəfər axtarılır - FOTO

2015-ci ildə Nardaranda dini radikalların, ekstremistlərin planı iflasa uğradı. Lakin, deməli, belələri az da olsa, hələ də içimizdə hərlənir, xaricdən tapşırıqlar alır, əmr verilən kimi terror aktı həyata keçirməyə çalışırlar. Onlar bu gün sosial şəbəkələrdə də xeyli fəallaşıblar. Təsadüfi deyil ki, bir qədər əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsdlə əlaqədar sosial şəbəkələrdə terrorçuluğa çağırışlar etdiyinə görə 20 nəfər saxlanılıb. Onlar sosial şəbəkələrdə müxtəlif məzmunlu paylaşımlar etməklə insanları qanunsuz etiraz aksiyaları təşkil edərək hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırırdılar.

Gəncə tarixi-dini ənənələrimizin bu gün də qorunduğu böyük şəhərdir. Burada heç bir zaman dini ibadətə maneçilik törətməyib. Hazırda şəhərdə 6 məscid və İmamzadə ziyarətgahı fəaliyyət göstərir. O İmamzadə ziyarətgahı ki, Prezident İlham Əliyevin sərəncamı ilə yenidən qurulub və bu gün haqlı olaraq İslam aləminin möhtəşəm dini abidələrindən biri sayılır. Gəncənin məşhur “Şah Abbas” məscidi də əsaslı təmir olunaraq dindarların istifadəsinə verilib.

Deməli, özünü guya “əsl dindar, əsl müsəlman” sayan beyni yuyulmuş bir qrup şəxsin niyyəti heç də “din uğrunda mübarizə” deyil. Əslində onların hansı qüvvələrdən sifariş aldığı da məlumdur. O da məlumdur ki, ölkədə sabitliyi, təhlükəsizliyi pozmağa yönəlmiş bu sifarişlər elə sifariş olaraq qalacaq, onların bu cəhdi Azərbaycanda asayiş keşikçilərinin, təhlükəsizlik orqanları əməkdaşlarının qətiyyətli fəaliyyəti nəticəsində elə beşiyindəcə boğulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti