...

Paşinyandan etiraflar: Ermənistan Azərbaycanla müharibədən qorxur, sərhədlərini də qoruya bilmir və yeganə ümidi Rusiyadır

Siyasət Materials 26 İyul 2018 18:40 (UTC +04:00)
Ermənistan Azərbaycanla müharibədən qorxur, sərhədlərini də qoruya bilmir və yeganə ümidi Rusiyadır.
Paşinyandan etiraflar: Ermənistan Azərbaycanla müharibədən qorxur, sərhədlərini də qoruya bilmir və yeganə ümidi Rusiyadır

Bəxtiyar Hacıyev – Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan “Exo Moskvı” radiosuna müsahibəsində rəhbərlik etdiyi ölkənin dolayısilə... xeyr, elə birbaşa Rusiyanın müstəmləkəsi olduğunu etiraf etdi.

Azərbaycan Ordusunun gücünə yaxşı bələd olan Paşinyan müharibə ehtimalını istisna etmir və bu anda baş nazir “çoxəsrlik qardaş və dost Rusiya”nın qoltuğu altına sığınır.

SİTAT: “İndi regionumuzda vəziyyət çox gərgindir. Müharibə ehtimalı çox böyükdür. Mən, bütün ermənilər, Ermənistanda olan hamı əmindir ki, Rusiya regionumuzda yeni eskalasiyaya imkan verməyəcək və Azərbaycanı Ermənistana və Qarabağa hücum etməyə qoymayacaq. Bunun üçün Rusiyanın bütün təsir vasitələri var. İnanıram ki, bizim strateji tərəfdaşımız, çoxəsrlik qardaşımız, çoxəsrlik dostumuz olan Rusiya müharibəyə imkan verməyəcək”.

Göründüyü kimi, Ermənistanın baş naziri ölkəsinin döyüş meydanında Azərbaycanla baş-başa gələ bilməyəcəyini anlayır və təbii ki, Ermənistanın “yeganə qoruyucu mələyi” qismində Rusiyanı görür, ondan kömək umur.

Oğlunun Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində hərbi xidmət keçməsinə gəlincə, Paşinyan deyir ki, guya oğlu Dağlıq Qarabağda hərbi xidmətdə olmağı könüllü şəkildə seçib.

SİTAT: “Bu, sülhpərvər bir jestdir. Yəni düşünürəm ki, əgər mən oğlumu Qarabağa göndərirəmsə, deməli, orada müharibə olmasını istəmirəm”.

Məsələyə daha yaxından bələd olan müxbir belə bir sual verib Paşinyanı dalana dirəyə bilərdi: “Necə olur ki, Ermənistan baş nazirinin oğlu rəsmi Yerevanın belə müstəqilliyini tanımadığı qondarma “Dağlıq Qarabağ respublikası”nda hərbi xidmət keçir?” Maraqlıdır, görəsən, məhz oğlu orada olduğu üçün (!) müharibə istəməyən ata baş nazir Ermənistanın cinayətkar rejiminin erməni gənclərini qonşu ölkənin – Azərbaycanın torpaqlarında güllə qabağına verməsinə necə haqq qazandırır?

Davam edək. Müxbirin Rusiyanın Ermənistandakı hərbi bazası ilə bağlı sualına cavabında isə Paşinyan Ermənistanın bir dövlət kimi öz sərhədlərini qorumaq iqtidarında olmadığını açıq-aşkar etiraf etdi.

SİTAT: “Rusiya sərhədçiləri Türkiyə-Ermənistan sərhədini mühafizə edir. Bu, Ermənistana çox lazımdır, bizim üçün belə çox yaxşıdır, çünki bizim silahlı qüvvələrimiz bu məsuliyyətdən faktiki olaraq azad olub. Belə uzun sərhədi qorumaq məsuliyyətini öz üzərimizə götürmək bizim üçün böyük yük olardı”.

Bəli, Paşinyan bu “tarixi kəlamı” ilə tarixə düşür. O, dünyada ilk baş nazirdir ki, ölkəsinin öz sərhədlərini qorumaq bacarığının olmadığını, bu məsuliyyətin altına girmək istəmədiyini elan edir.

Sonda Paşinyan Ermənistanın maliyyə problemi yaşadığını, bu baxımdan da Rusiyadan maliyyə yardımı umduğunu gizlətmir. Bu gün regionda məhz Azərbaycana qarşı təcavüz, işğalçılıq siyasəti yürütdüyünə görə bütün irimiqyaslı layihələrdən kənarda qalan Ermənistan müstəqil olaraq heç bir layihə həyata keçirə bilmir. Yeganə ümidləri isə sovet vaxtından qalan atom elektrik stansiyasının modernləşdirilməsidir ki, buna da pulları çatmır.

SİTAT: “Ermənistan üçün atom enerjisinə malik olmaq çox mühümdür və biz atom elektrik stansiyamızın istismar müddətinin 2040-cı ilədək uzadılmasına ümid edirik. Ümid edirəm ki, Rusiya bu məsələdə bizə kömək edəcək. Çünki, təəssüf ki, hazırda bizim bu prosesə müstəqil şəkildə başlamaq üçün kifayət qədər maliyyə vəsaitimiz yoxdur. Lakin Rusiya bizə kömək etsə, çox məmnun olardıq və bu məsələdə çox maraqlıyıq...”

Ölkəsinin öz sərhədlərini qoruya bilmədiyini, Azərbaycan ordusu ilə müharibədən isə qorxduğunu gizlətməyən “müstəqil ölkə”nin baş naziri Paşinyana əslində bu səmimi etiraflarına görə təşəkkür düşür. Vəssalam.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti