...

Millət vəkili: Beynəlxalq qurumlar Azərbaycan Prezidentinin sözlərindən nəticə çıxarmalıdırlar

Siyasət Materials 26 Sentyabr 2018 12:05 (UTC +04:00)
Beynəlxalq qurumlar Azərbaycan Prezidentinin sözlərindən nəticə çıxarmalıdırlar.
Millət vəkili: Beynəlxalq qurumlar Azərbaycan Prezidentinin sözlərindən nəticə çıxarmalıdırlar

Bakı. Elçin Mehdiyev - Trend:

Beynəlxalq qurumlar Azərbaycan Prezidentinin sözlərindən nəticə çıxarmalıdırlar.

Trend-in məlumatına görə, bunu AMEA Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyeva deyib.

G.Baxşəliyeva qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik ənənələrimizin möhkəmlənməsi və zənginləşməsi baxımından müstəsna əhəmiyyət daşıyır: "Təsadüfi deyil ki, bugünkü müstəqil Azərbaycan AXC-nin varisi hesab olunur. Azərbaycanın bir sıra dövlət atributları məhz Cümhuriyyət dövründə təsis edilib. Qürurverici haldır ki, 100 il bundan əvvəl nəinki müsəlman aləmində, hətta bütün dünyada demokratik dəyərlərə sadiqlik nümayiş etdirən, o cümlədən qadınlara seçib-seçilmək hüququ verən dövlətlərdən biri məhz Azərbaycan Xalq Cümhuriyyəti olub. Bu kimi amilləri nəzərə alan Prezident İlham Əliyev sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasdakı nitqində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını tarixi hadisə kimi səciyyələndirib".

Millət vəkili bildirib ki, Azərbaycan parlamentinin yaranmasının 100 illiyinə həsr edilmiş təntənəli iclasın keçirilməsi önəmli hadisədir: "Təbii ki, Azərbaycanın siyasi, iqtisadi, hərbi sahələrdə həyata keçirdiyi islahatlar, əldə etdiyi uğurlar dostları sevindirir, düşməni isə narahat edir. Bu təntənəli iclas Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçirilən tədbirlərin davamıdır. Belə tədbirlər Azərbaycan dövlətinin keçdiyi şərəfli tarixin göstəricisidir. Təntənəli və xüsusi iclasda 50-yə yaxın ölkənin və beynəlxalq qurumun rəsmilərinin, deputatlarının iştirakı, səsləndirilən fikirlər Azərbaycanın dünyada böyük nüfuza sahib olduğunu bir daha təsdiqləyir".

O əlavə edib ki, şərq-müsəlman aləminin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti fəaliyyət göstərdiyi qısa müddət ərzində mühüm sənədlər qəbul etdi. Bu sənədlər, qanunvericilik aktları o zaman üçün ən demokratik prinsipləri özündə ehtiva edirdi: "Hazırda da müasir Azərbaycan parlamenti demokratik ənənələri davam etdirir. Ölkəmiz 1991-ci il 18 oktyabrda dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edərək ikinci dəfə müstəqilliyini bərpa etdi. Daha sonra Milli Məclis müstəqilliyimizin möhkəmləndirilməsində, yeni qanunvericiliyin hazırlanması və qəbul edilməsində müstəsna rol oynadı və bu gün də bu missiyanı yerinə yetirməkdədir".

Bu prosesin daha çox Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlişindən sonra başladığını deyən akademik bildirib ki, Milli Məclis bu dövrdən etibarən beynəlxalq standartlara, müasir demokratik prinsiplərə uyğun qanunlar qəbul edib: "Bütövlükdə parlament ölkəmizin bütün sahələrini əhatə edən mükəmməl qanunlar qəbul edib ki, bu da dinamik inkişaf prosesində hüquqi baza rolunu oynayır. Eyni zamanda, parlament ölkəmizdəki islahatlar prosesinin, o cümlədən parlament diplomatiyasının uğurla həyata keçirilməsinə də öz töhfələrini verib və verməkdə davam edir. Bunu 100 illik yubiley tədbirində cənab Prezident İlham Əliyev özü də bəyan etdi. Dövlətimizin başçısı qeyd etdi ki, parlament diplomatiyası Azərbaycanda diplomatik sahədə önəmli rol oynayır".

Ümumiyyətlə, Milli Məclisin fəaliyyətində beynəlxalq əlaqələrin də mühüm rol oynadığını deyən millət vəkili qeyd edib ki, bu gün ölkə parlamenti geniş beynəlxalq əlaqələrə malikdir: "Milli Məclis ayrı-ayrı dövlətlərin parlamentləri ilə yüksək münasibətlərə malikdir. 80-dən artıq ölkə ilə Milli Məclisin parlamentlərarası dostluq qrupları mövcuddur. Eyni zamanda, parlamentimiz beynəlxalq təşkilatlar - AŞ PA, ATƏT PA, NATO PA, MDB PA, İƏT PM və digər qurumlar çərçıvəsində uğurla fəaliyyət göstərir. Bütövlükdə bu fəaliyyətlər də Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun artmasına özünün əhəmiyyətli töhfələrini verir".

Deputat yubiley tədbirində ölkə prezidentinin çıxışında Ermənistan-Azərbaycan münaqişəsinə də geniş yer ayrıldığını vurğulayıb: "Dövlət başçısı bir daha Azərbaycanın qətiyyətli mövqeyini ifadə etdi və bildirdi ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq. Yəni qeyd olundu ki, heç vaxt Azərbaycan xalqı və dövləti imkan verməyəcək ki, onun əzəli, tarixi, hüquqi torpağı ondan ayrılsın. Dövlət başçısı qeyd etdi ki, Ermənistan xülyalarla yaşamamalıdır. "Biz bütün imkanlardan istifadə edirik və edəcəyik ki, ərazi bütövlüyümüzü bərpa edək və bu istiqamətdə çox önəmli addımlar atılmışdır", - deyən cənab Prezident beynəlxalq hüququn bizim tərəfimizdə olduğunu deyərək qəbul olunmuş sənədləri xatırlatdı. Dövlət başçısının qeyd etdiyi kimi, Ermənistan öz gələcəyini düşünürsə, işğalçılıq siyasətinə son qoymalıdır. Çünki Ermənistanın başqa yolu yoxdur. Bir sözlə, Azərbaycan Prezidenti parlamentin 100 illiyi münasibətilə keçirilən iclasda ciddi mesajlar verdi".

G.Baxşəliyeva bununla yanaşı, dövlət başçısının çıxışında dünyada mövcud olan və hələ də ölkəmizə qarşı davam etdirilən ikili standartlarla bağlı sərt mövqeyinin ifadə olunduğunu xatırladıb: "İkili standartlar olmasaydı və davam etməsəydi, Ermənistanın təcavüzkarlığına və işğalına çoxdan son qoyulardı. "Sual olunur, nəyə görə Ermənistanda gedən bu təhlükəli proseslərə beynəlxalq təşkilatlar reaksiya vermir? Bunun arxasında hansı səbəblər var?" - deyən ölkə Prezidenti qətiyyətli şəkildə bildirdi ki, bu, çox ciddi araşdırılmalıdır. Artıq nəticə çıxarmaq həmin beynəlxalq qurumların özlərinə qalıb. Onlar gərək bundan ciddi nəticə çıxarsınlar və Azərbaycana qarşı mövqelərini dəyişsinlər. Bu, bizdən daha çox, onların xeyrinə olardı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti