Bakı. Trend:
Yanvarın 8-də "Henley & Partners" şirkəti dünya ölkələrinə vizasız səfər üzrə son dəyişiklikləri əks etdirən yeni pasport indeksini açıqlayıb.
Trend-in məlumatına görə, indeksin lideri Yaponiyadır. Bu ölkənin vətəndaşları 190 ölkəyə vizasız gedə bilərlər. Bir il əvvəl birinci yeri Almaniya (177 ölkəyə vizasız səfər) tuturdu. Hazırda Almaniya Fransa ilə 3-cü yeri (188 ölkə) bölüşür. İkinci mövqedə Cənubi Koreya və Sinqapur qərarlaşıb (189 ölkə).
Böyük Britaniya və ABŞ isə indeksdə 6-cı yeri (185 ölkə) bölüşürlər. Ekspertlər bu enişi (2015-ci ildə ilk sırada idilər) hər iki ölkənin "bağlı qapılar" siyasəti ilə izah edirlər.
2019-cu ilin əvvəlində Azərbaycan vətəndaşları 3 ay əvvəl olduğu kimi, 66 ölkəyə vizasız səfər etmək imkanına malikdirlər. Azərbaycan bu göstərici ilə indeksdə bir pillə irəliləyərək 104 ölkə arasında 74-cü yeri tutur. Bir il əvvəl azərbaycanlılar 63 ölkəyə vizasız səfər edə bilərdilər.
Üç ay ərzində Rusiya, Türkiyə və Qazaxıstanın mövqeləri dəyişməyib - müvafiq olaraq 119, 111 və 76 ölkəyə vizasız səfərlər. Gürcüstan 2 ölkə ilə vizasız rejim haqqında müqavilə imzalamaqla 51-ci yeri (114 ölkə) tutur.