...

Azərbaycan Prezidenti: Builki Dövlət İnvestisiya Proqramına əsasən yüzlərlə kəndin yolları abadlaşdırılacaq, magistral yolların tikintisi təmin ediləcək

Siyasət Materials 29 Yanvar 2019 22:06 (UTC +04:00)
Builki Dövlət İnvestisiya Proqramına əsasən yüzlərlə kəndin yolları abadlaşdırılacaq, magistral yolların tikintisi təmin ediləcək.
Azərbaycan Prezidenti: Builki Dövlət İnvestisiya Proqramına əsasən yüzlərlə kəndin yolları abadlaşdırılacaq, magistral yolların tikintisi təmin ediləcək

Bakı. Trend:

Builki Dövlət İnvestisiya Proqramına əsasən yüzlərlə kəndin yolları abadlaşdırılacaq, magistral yolların tikintisi təmin ediləcək.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda yekun nitqində deyib.

Dövlətimizin başçısı içməli su layihələrinin davam etdirildiyini qeyd edib: "Giriş sözümdə qeyd etdiyim kimi, təminat 70 faizə çatıb. Hazırda 38 şəhərdə içməli su layihələrinin icrası başa çatıb, bu il 5 şəhərdə başa çatacaqdır və 12 şəhərdə işlər artıq başlanıb, gedir və bir neçə şəhərdə hələ ki, başlanmayıb. Bu məsələlər daim gündəlikdədir və qəbul ediləcək dördüncü proqramda da öz əksini tapacaq”.

İlham Əliyev bildirib ki, meliorativ tədbirlərin görülməsi prosesi davam etdiriləcək: “Son iki il ərzində biz hər il 100 min hektar torpağa suyun verilməsini təmin etmişik. Bunların böyük hissəsi o torpaqlardır ki, heç vaxt suvarılmayıb, bir hissəsində suvarma olub, amma lazımi səviyyədə olmayıb. İlkin hesablamalara görə, bu il 80 min hektarda bu işlər aparılacaq. Bu, bizə imkan verəcək ki, məhsuldarlığı və suvarılan torpaqların həcmini artıraq. Bu, çox böyük rəqəmdir və fermerlər, əminəm ki, bunu hiss edirlər. Son illərdə dörd böyük su anbarı tikilmişdir - Taxtakörpü, Şəmkirçay, Göytəpə, Tovuzçay. Onların tutumu 470 milyon kubmetrdir. Bir neçə anbarda tikinti və bərpa işləri aparılmışdır. Kiçik su anbarlarının tikintisi də gündəlikdə duran məsələlərdən biridir”.

Prezident əlavə edib ki, hər il dövlət vəsaiti ilə minimum 300 subartezian quyusu qazılır, bunun da çox böyük səmərəsi var:

“Giriş sözümdə qeyd etdiyim kimi, 15 ildə 15 min kilometr avtomobil yolu çəkilmişdir və bu proses davam etdirilir. Builki Dövlət İnvestisiya Proqramına əsasən yüzlərlə kəndin yolları abadlaşdırılacaq, o cümlədən magistral yolların tikintisi təmin ediləcək. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir”.

İlham Əliyev vurğulayıb ki, sosial infrastrukturun yaradılması prosesi davam etdiriləcək: “Baxmayaraq ki, 3272 məktəb tikilib və təmir edilib. Bu məktəblər mövcud məktəb fondunun 73 faizi deməkdir. Ancaq təmirə ehtiyacı olan məktəblər var və bu işlər də növbəti dövlət proqramında nəzərdə tutulacaq. Həmçinin xəstəxanaların, Olimpiya komplekslərinin tikintisi davam etdiriləcək. Təkcə bu il üç Olimpiya Kompleksinin açılışı gözlənilir. Bu da bölgələrdə idmanın inkişafına xidmət göstərir.

Bildiyiniz kimi, hər il 5 milyondan çox insan pulsuz tibbi müayinədən keçir. Bu da bizim təşəbbüsümüzdür, çox müsbət təşəbbüsdür. Hazırda bizdə vətəndaşların tibbi müayinədən keçmələri üçün hər bir yerdə müasir avadanlıq quraşdırılmış xəstəxanalar var. Bu da çox ciddi sosial layihədir və Azərbaycan bu sahədə də gözəl nümunə göstərir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti