...

Ekspert: Prezident İlham Əliyevin əfv sərəncamı ulu öndər Heydər Əliyevin humanizm siyasətinin uğurla davam etdirilməsinin təsdiqidir

Siyasət Materials 18 Mart 2019 17:58 (UTC +04:00)
Prezident İlham Əliyevin növbəti əfv sərəncamı humanizmin daha bir təzahürüdür.
Ekspert: Prezident İlham Əliyevin əfv sərəncamı ulu öndər Heydər Əliyevin humanizm siyasətinin uğurla davam etdirilməsinin təsdiqidir

Bakı. Samir Əli - Trend:

Prezident İlham Əliyevin növbəti əfv sərəncamı humanizmin daha bir təzahürüdür. Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində imzaladığı əfv sərəncamını şərh edərkən deyib.

V.Rəhimzadə bildirib ki, demokratik dəyərlərə sadiqlik, insan hüquq və azadlıqlarının qorunması üçün mükəmməl qanunvericilik bazasının yaradılması hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolunda inamla irəliləyən dövlətimizin siyasətinin prioritetləri sırasındadır: "Demokratiya təcrübəsi dünyaya nümunə olan Azərbaycanın humanizm prinsiplərinə sadiqliyi beynəlxalq aləmdə də yüksək dəyərləndirilir, 1995-ci ildən bəri imzalanan əfv sərəncamları və qəbul olunan amnistiya aktları demokratiyanın inkişafına xidmət edən mühüm addım kimi şərh olunur. Ümumilikdə atılan hər bir addım insan amilinə verilən dəyərin aydın ifadəsidir”.

O qeyd edib ki, son 15 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin insan hüquqlarının qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində atdığı addımlar göz önündədir: "Təkcə bu faktı qeyd etmək kifayətdir ki, Milli Konstitusiyamızın qəbulundan ötən 24 ilə yaxın müddət ərzində sənədə əlavə və dəyişikliklərin edilməsi məqsədilə keçirilən 2002, 2009 və 2016-cı illər ümumxalq səsverməsinə çıxarılan dəyişikliklərin bir qismi idarəetmə sistemində təkmilləşməyə xidmət edirsə, digər əsas hissəsi insan hüquq və azadlıqlarının qorunmasına yönəlib. "Dövlətin ali məqsədi" maddəsinə edilən əlavə insan amilinə verilən dəyərin bariz nümunəsidir. Belə ki, həmin əlavədə bildirilir ki, dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının qorunması, həmçinin onların yüksək həyat səviyyəsinin təmin edilməsidir. Dövlətimizin başçısı İlham Əliyevin sərəncamı ilə 18 iyun tarixinin ölkəmizdə İnsan Hüquqları Günü kimi təsis edilməsi də deyilənlərin bariz nümunədir".

Baş redaktor bildirib ki, ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin əsas tərkib hissəsi olan humanizm prinsiplərinə hörmət və dəyər Prezident İlham Əliyevin siyasətində də öz prioritetliyini saxlayır: "Cənab Prezident İlham Əliyevin əlamətdar günlər ərəfəsində əfv sərəncamları imzalaması əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan humanizm siyasətinin uğurla davam etdirilməsinin təsdiqidir. 1995-ci ildən bu günə 60-dan çox əfv sərəncamı imzalanıb və 11 amnistiya aktı qəbul olunub. Nəticədə on minlərlə insan azadlığa qovuşub. Qeyd edək ki, 32 əfv sərəncamı və 7 amnistiya aktı 1995-2003-cü illərdə həyata keçirilib. Ölüm hökmünün ləğv olunması, əfv sərəncamlarının imzalanması və amnistiya aktlarının qəbulu ilə məhkumların azadlığa qovuşub cəmiyyət üçün faydalı şəxsiyyətə çevrilmələrinə şəraitin yaradılması Heydər Əliyev siyasətinin mühüm istiqamətlərindən biridir. Onu da xüsusilə qeyd etməliyik ki, son amnistiya aktlarından 4-nün təşəbbüsçüsü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevadır".

YAP rəsmisi bildirib ki, 16 mart 2019-cu il tarixli "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamla yüzlərlə məhkumun əfv olunması dövlətimizin başçısı İlham Əliyevin humanizm prinsiplərinə sadiqliyinin bir daha təsdiqidir: “Məlum olduğu kimi, bu sərəncam 431 nəfər məhkuma şamil olunub. Onlardan 399-u cəzasının çəkilməmiş hissəsindən azad edilib, həmçinin ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bir neçə nəfərin cəzası yüngülləşdirilib. Bu mühüm məqamı da unutmayaq ki, əfv sərəncamı təkcə 431 nəfərə deyil, həmin şəxslərin hər birinin ailəsinə, övladlarına, valideynlərinə bəxş olunan sevincdir ki, bu da ümumilikdə yüzlərlə insanın sevinci deməkdir".

Ekspert əlavə edib ki, bütün hüquqlarımız dövlət tərəfindən qorunur: “Hüquqlarımızla yanaşı, vəzifələrimizin də olduğunu unutmamalıyıq. Dövlətimiz üzərinə düşən məsuliyyəti qəbul etdiyi mühüm əhəmiyyətli dövlət proqramları, qanunlar, imzalanan fərman və sərəncamlarla gerçəkləşdirirsə, ölkə vətəndaşları da bunu onların icrasına verdikləri töhfələrlə cavablandırmalıdırlar. Azərbaycan demokratiya yolunda inamla irəliləyir. Demokratik dəyərləri dünəni, bu günü və sabahının əsası kimi dəyərləndirən Azərbaycan davamlı addımları ilə bu reallığı da diqqətə çatdırır ki, atılan addımlar hansısa dövlətə, təşkilata xoş gəlmək deyil, uğurlu gələcək üçündür".

Qeyd edək ki, martın 16-da Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

Əfv sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Əfv sərəncamı, o cümlədən, 14 xarici vətəndaşa şamil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti