...

Siyavuş Novruzov: Əfv sərəncamının imzalanması xarici qüvvələri, ermənipərəst dairələri ciddi şəkildə narahat edir

Siyasət Materials 18 Mart 2019 16:32 (UTC +04:00)
Əfv sərəncamının imzalanması xarici qüvvələri, ermənipərəst dairələri ciddi şəkildə narahat edir.
Siyavuş Novruzov: Əfv sərəncamının imzalanması xarici qüvvələri, ermənipərəst dairələri ciddi şəkildə narahat edir

Bakı. Trend:

Hüquqi və demokratik dövlət olan Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin olunub. Bununla yanaşı, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində vətəndaş amili dayanır. Yəni dövlət öz vətəndaşlarına xüsusi diqqət və qayğı göstərir, qəbul olunan bütün qərarlarda vətəndaşların mənafeyi əsas götürülür. Eyni zamanda, Azərbaycan dövləti öz vətəndaşlarına qarşı humanist mövqe nümayiş etdirir, onların cəmiyyət daxilində təhlükəsiz, əmin-amanlıq şəraitində yaşaması, öz imkan və qabiliyyətlərindən səmərəli istifadə etmələrini diqqət mərkəzində saxlayır. Bu baxımdan azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin əfv edilməsi ilə bağlı dövlət başçısı tərəfindən əfv haqqında sərəncamların imzalanması, eləcə də amnistiya aktlarının qəbul olunması xüsusi əhəmiyyətə malikdir. Bu, dövlətin humanizm siyasətini və öz vətəndaşlarına münasibətini əks etdirən mühüm göstəricilərdən biridir. Azərbaycanda məhkumların əfv olunması həm ölkə Prezidentinin imzaladığı fərman və sərəncamlar, həm də Milli Məclisin qəbul etdiyi amnistiya aktları əsasında həyata keçirilir.

Humanizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasətin və müsbət ənənənin təməli isə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev hər zaman humanizm - insanpərvərlik dəyərlərinə böyük önəm verib və bunu öz fəaliyyətində daim nümayiş etdirib. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra ölüm hökmünə moratorium qoydu. O dövrdən etibarən Azərbaycanda heç kimə ölüm hökmü tətbiq olunmadı və sonradan bu cəza növü ləğv edildi. Bununla yanaşı, Ümummilli liderin ölkəmizə rəhbərliyi dövründə əfv sərəncamları imzalanıb, amnistiya aktları qəbul edilib. Ümumiyyətlə, Azərbaycanın müstəqilliyini bərpa etdiyi 18 oktyabr 1991-ci ildən Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrə qədər ölkəmizdə amnistiya və ya əfv haqqında hər hansı bir qərar və sərəncam olmayıb. Əksinə, Prezident İlham Əliyevin 16 mart tarixli “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamına kölgə salmağa çalışan, o vaxt AXC-Müsavat cütlüyünün tərkibində yüksək dövlət vəzifəsi tutmuş Əli Kərimli, eləcə də “Milli şura”da yer alan digər şəxslər 1 illik hakimiyyət dövrləri müddətində onlarla insanı ölüm hökmünə məhkum etmişdilər və həmin hökmlər icra olunmuşdu. Məhz Ümummilli liderin hakimiyyətə qayıdışından sonra 1996-cı ildən başlayaraq əfv sərəncamları imzalanıb, amnistiya haqqında qərarlar qəbul olunub. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Öz siyasətində daim yüksək humanizm prinsiplərini rəhbər tutan Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamları və fərmanlarının icrası nəticəsində minlərlə məhkum öz azadlığına qovuşub və ya cəzaları qanunvericiliyə uyğun olaraq azaldılıb.

Bu günə qədər ölkəmizdə 11 dəfə amnistiya aktı qəbul edilib, dövlət başçısı tərəfindən 70-ə yaxın əfv fərmanı və sərəncamı imzalanıb. Nəticədə 10 minlərlə insan azadlığına qovuşub. Sonuncu Amnistiya Aktı isə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Bu Amnistiya Aktı 10 mindən artıq insana şamil olunub. Bu, Heydər Əliyev siyasətinin humanist mahiyyətini əks etdirən bariz nümunələrdən biridir. Yəni ölüm hökmünün aradan qaldırılması, əfv sərəncamlarının, amnistiya aktlarının qəbul olunması ilə məhkumların yenidən azadlığa qovuşub cəmiyyət üçün yararlı şəxsiyyətə çevrilməsi imkanının verilməsi məhz Heydər Əliyev siyasətinin aparıcı istiqamətlərindən biridir. Əfv olunan vətəndaşlar dövlətin onlara olan inam və etibarını daim hiss edirlər, bu isə onları layiqli vətəndaş olmağa həvəsləndirir. Yəni Azərbaycan ictimaiyyətinin nümayəndələri humanizm nümunəsi olan bu addımları yüksək dəyərləndirirlər.

Şübhəsiz ki, ölkəmizdə mütəmadi olaraq əfv sərəncamlarının imzalanması, amnistiya aktlarının qəbul olunması dövlətin öz vətəndaşlarına verdiyi dəyərin bariz nümunəsidir. Qeyd etdiyimiz kimi, indiyə qədər ölkəmizdə 70-ə yaxın əfv sərəncamı imzalanıb. Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam da bu qəbildən olan nümunələrdəndir. Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub. Eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad edilib.

Bəhs olunan əfv sərəncamının imzalanması hüquq müdafiəçiləri, ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatlar, həmçinin ölkəmizdə milli maraqlara uyğun fəaliyyət göstərən siyasi partiyalar, QHT-lər, KİV-lər və digər ictimai təşkilatlar, bütövlükdə Azərbaycan ictimaiyyəti tərəfindən olduqca yüksək qiymətləndirilir. Əfsuslar olsun ki, yüksək humanizmi, dövlətin öz vətəndaşlarına diqqət və qayğısını əks etdirən əfv sərəncamının əhəmiyyətini azaltmağa, mahiyyətini təhrif etməyə çalışan qüvvələr də var. Ümumiyyətlə, Azərbaycanda həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar, ölkəmizin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsi, eləcə də dövlətin öz vətəndaşlarına humanist münasibətini əks etdirən əfv sərəncamının imzalanması ilk növbədə ölkəmizin hüdudlarından kənarda olan qüvvələri – ermənipərəst dairələri ciddi şəkildə narahat edir. Həm xaricdəki “sapı özümüzdən olan baltalar”, həm də ölkəmizdəki “beşinci kolon” nümayəndələri sözügedən əfv sərəncamının guya hansısa xarici qüvvələrin təzyiqi nəticəsində imzalandığını iddia etməklə ictimai rəyi çaşdırmağa çalışırlar. Halbuki elə bu fikri deyənlərin özləri, yaxınları-qohumları cənab Prezident İlham Əliyevə, hüquq müdafiəçilərinə, müraciət edərək törətdikləri əməldən peşman olduqlarını, azadlığa çıxmaq istədiklərini dəfələrlə bildirmişdilər.

Maraqlı bir məqam ondan ibarətdir ki, vaxtilə öz çıxışlarında ABŞ-ı, ümumilikdə Qərb ölkələrini erməni lobbisi ilə iş birliyi quraraq Azərbaycan müxalifətini maliyyələşdirməkdə ittiham edənlər bu gün onların demokratiyaya və insan hüquqlarına verdiyi dəyərdən ağız dolusu danışırlar. 1993-2005-ci illər arasında rəhbərlik etdiyi qrumdan yüzlərlə işçini heç bir əsas olmadan işdən çıxardan, əllərində yerli və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları olmasına baxmayaraq iş yerinə bərpa etməyən, nazirlikdə ən sərt despotik- avtoritar rejim yaratmış bəziləri bu gün demokrat imic formalaşdırmaq üçün dəridən-qabıqdan çıxırlar. Müxalifət liderlərini “genetik xəstə”, “övladları üçün xəcalət mənbəyi” adlandıran, KİV nümayəndələrinə ən təhqiramiz formada həqarət edən şəxslər bu gün qapılarının mətbuata açıq olduğunu elan edir. Qəribə işlər baş verir. Görünür, Azərbaycan penitensiar xidməti işini elə qurub ki, sanki möcüzə baş verir - ora avtoritar düşən mələk cildinə bürünüb demokrat kimi çıxır.

Digər tərəfdən, radikal – antimilli ünsürlər Azərbaycanda genişmiqyaslı islahatların, vətəndaşların mənafeyinə xidmət edən tədbirlərin guya məhz öz “mitinq”lərinin nəticəsində həyata keçirildiyini iddia edirlər. Onlar bununla ölkəmizin inkişafının, reallaşdırılan tədbirlərin, eləcə də əfv sərəncamının üzərinə kölgə salmağa çalışırlar. Radikal ünsürlər, əslində, qərəzli şəkildə “siyasi məhbus” olaraq qələmə verdikləri şəxslərin əfv olunmasını istəmirlər, çünki onların məqsədi həmin şəxslərin həbsdə qalması və bu şəxslərin adından sui-istifadə etməkdir. Azərbaycan xalqı bütün bunları görür, bu radikal – antimilli ünsürlərin anti-Azərbaycan və ermənipərəst dairələrə xidmət etdiklərini, milli maraqlara zidd mövqedə durduqlarını yaxşı bilir. O səbəbdən bu marginal qrupların sosial bazası yoxdur, onlar xalq tərəfindən dəstəklənmir.

Bütövlükdə, əfv sərəncamının imzalanması yüksək humanizm nümunəsi olmaqla yanaşı, dövlətin öz vətəndaşlarına verdiyi dəyərin ifadəsidir. Yüzlərlə ailənin, minlərlə insanın sevincinə səbəb olan bu sərəncamın imzalanmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkür edir, sonsuz minnətdarlığımızı bildiririk. Bu, Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində insan amilinin dayandığını, bu siyasətin humanizmə və ədalətə söykəndiyini göstərir.

Siyavuş Novruzov
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri,
YAP İcra katibinin müavini

Məqalədə:
Xəbər lenti

Xəbər lenti