...

Qaçqınlar üzrə birinci Qlobal Forumun vaxtı açıqlanıb

Siyasət Materials 26 İyun 2019 10:15 (UTC +04:00)

Bakı. Trend:

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) Qaçqınlar üzrə birinci Qlobal Forumun 17-18 dekabr 2019-cu il tarixlərində Cenevrədə (İsveçrə) keçiriləcəyini bəyan edir.

QAK-dan Trend-ə verilən məlumata görə, nazirlər səviyyəsində keçiriləcək tədbir Türkiyə, Almaniya, Efiopiya və Kosta-Rikanın müştərək çağırışı ilə təşkil ediləcək və tədbirin təşkilatçılığı İsveçrə ilə birgə həyata keçiriləcək. Əlavə təşkilati tədbirlər nəzərdən keçiriləcək və bu barədə müvafiq vaxtlarda ictimaiyyətə məlumatlandırılacaq. Tədbirdə Birləşmiş Millətlər Təşkilatının Baş katibinin iştirakı gözlənilir.

On milyonlarla insanın müharibə, münaqişə və təqiblərin təsirinə məruz qaldığı bir vaxtda Qaçqınlar üzrə Qlobal Forum ölkələrin bugünkü durumu nəzərdən keçirməsi və beynəlxalq reaksiyaların gücləndirilməsi üçün fürsət olacaq. Tədbir ötən ilin dekabrında BMT-nin Baş Assambleyası ilə razılaşdırılmış Qaçqınlar haqqında yeni qlobal sazişin qəbulundan sonra keçirilir və onun icrasının tərkib hissəsidir.

Qaçqınlar haqqında Qlobal Saziş (vəzifələrin bərabər bölgüsü və məsuliyyətin paylaşılması prinsipinə uyğun olaraq) qaçqınları qəbul edən ölkələrə və icmalara daha güclü dəstək verməklə və eyni zamanda qaçqınları öz maddi təminatlarını yaxşılaşdırmağa imkan yaradan vasitələrlə təmin etməklə qaçqınlıq hallarına qlobal reaksiyaların təkmilləşdirilməsi məqsədini daşıyır. Sənəd həmçinin ən müdafiəsiz durumda olan qaçqınların köçürülə biləcəyi yerlərin sayının və onların təhlükəsiz üçüncü ölkələrdə qəbul edilməsinin digər hüquqi yollarının artırılması və qaçqınların mənşə ölkələrində şəraitinin yaxşılaşdırılması məqsədini daşıyır.

Qaçqınlar üzrə Qlobal Forum dövlətlərin və digər subyektlərin bir araya gəlməsi və qaçqın qəbul edən ölkələrin üzərinə düşən yükün azaldılması, qaçqınların öz maddi təminatlarını qarşılaya bilmələrinə dəstək göstərilməsi və müvafiq həll yollarının axtarılması üçün yeni, cəsarətli tədbirlərin görülməsi üçün unikal fürsətdir.

Forum hökumətləri, beynəlxalq təşkilatları, yerli hakimiyyət orqanlarını, vətəndaş cəmiyyətini, özəl sektoru, yerli icmaların üzvlərini və qaçqınların özlərini bir araya gətirəcək. Forum zamanı və ondan sonra yuxarıdakı məqsədlərə nail olmağa yönələn yeni töhfələrin və təkliflərin veriləcəyi gözlənilir.

Qaçqınlar haqqında Qlobal Saziş qaçqın qəbul edən ölkələrin və icmaların vaxtında təqdim edilən, proqnozlaşdırıla bilən və dayanıqlı dəstək alması üçün əsas təşkil edir. O, qəbul edən ölkələrin, davamlı humanitar yardımlarla yanaşı və onlara əlavə olaraq, inkişaf məqsədləri üçün əlavə əməkdaşlıqdan yararlanmalarına imkan verir. Saziş həm də başlıca diqqətin həll yollarının tapılmasına yönəldilməsini təmin edir.
"Qaçqınlıq situasiyaları bütövlükdə regionlara və kənar ərazilərə təsir göstərir. Didərginlik problemləri təkbaşına həll edilə bilməz və bütün ölkələr arasında həmin problemlərlə bağlı vahid baxış və istəklərin olması, real və konkret addımların atılması tələb olunur. Bu, Qaçqınlar haqqında Qlobal Sazişin məqsədidir və Qaçqınlar üzrə Qlobal Forum çərçivəsində biz bu istiqamətdə işləyəcəyik", - BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib.

Forum həm də dövlətlərə və digər subyektlərə istər konkret qaçqınlıq situasiyalarında, istərsə də qlobal səviyyədə müsbət təcrübələrini nümayiş etdirmək imkanı yaradır. Bu təcrübələr hərtərəfli reaksiyaların dünyanın bir çox bölgələrində qaçqınların və yerli icmaların həyatını artıq necə dəyişdiyini əyani şəkildə nümayiş etdirir. Onlar həm də beynəlxalq birliyi gələcəkdə Qlobal Sazişin inkişafına təkan verəcək təsirli töhfələrini hazırlamağa ruhlandırmaq üçün önəmlidir.

Qaçqınlar üzrə birinci Qlobal Forumun diqqət mərkəzində aşağıdakı altı sahə duracaq: vəzifə və məsuliyyətlərin bölüşdürülməsi mexanizmləri; təhsil; iş və dolanışıq vasitələri; enerji və infrastruktur; həll yolları; və himayə imkanları.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti