...

Cəmiyyət Əli İnsanovu yarımçıq siyasi ambisiyaların qisasını almağa çalışan intiqamçı fiqur kimi tanıyır - Siyasi ekspert

Siyasət Materials 25 Noyabr 2019 20:31
Əli İnsanov və onun tanınmayanlardan ibarət azsaylı komandası Azərbaycanın daxili siyasətində son 15 ilin ən uğursuz addımını atdı.
Cəmiyyət Əli İnsanovu yarımçıq siyasi ambisiyaların qisasını almağa çalışan intiqamçı fiqur kimi tanıyır - Siyasi ekspert

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Əli İnsanov və onun tanınmayan azsaylı komandası Azərbaycanın daxili siyasətində son 15 ilin ən uğursuz addımını atdı.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, ölkədə sosial sifarişin tamamilə olmadığı bir şəraitdə yeni siyasi partiyanın yaradılması barədə qərar vermək reallıqdan və obyektivlikdən uzaq olmaqla mübahisəsiz risqli addım sayılır: "Əli İnsanov Haqq və Ədalət kimi gurultulu terminlərin hay-küyü altında siyasi səhnəyə qədəm basmağı böyük uğurların ilk şərti saysa da, bu ümidlər bir sıra ciddi məqamlara görə əsası olmayan eyforiyadan başqa bir şey deyil. Ciddi və təsirli beynəlxalq dairələrin hazırda Azərbaycanla iri regional və ölkədaxili layihələrin icra prosesinin içində olması yeni siyasi partiyaya dünya miqyasında da önəmli bir marağın olmadığını bu başdan inamla iddia etmək mümkündür. Yeni siyasi partiyanın təsis qərarı artıq indidən Azərbaycan cəmiyyətində sərt ittihamedici və şübhəyaradıcı suallar doğurmağa başlayıb. Cəmiyyətimizdə baş qaldıran suallar, əsasən, Əli İnsanovun nazir olduğu dövrlə, yeni partiya üçün nəyə görə qeyri-siyasi terminlərdən ibarət ad seçməsi ilə, nazir olanda rüşvət və korrupsiyaya qarşı heç bir prinsipial mübarizə jesti etməməsi ilə, vaxtilə rəhbərlik etdiyi sahədə hər hansı islahatçılıq səyləri göstərməməsi ilə, partiyanın adındakı haqq və ədalət terminlərinin onun şəxsi həyat və fəaliyyət fəlsəfəsinə uyğun olub-olmaması və sairlə bağlıdır. Razılaşaq ki, bunların hər biri ictimaiyyətin nəzərində Əli İnsanovla bağlı kifayət qədər dərin və geniş ittihamlar doğuran mövzulardır.

Ən ciddi məqamlardan biri odur ki, cəmiyyət Əli İnsanovu ölkə miqyaslı sosial-iqtisadi dəyişikliklər yaratmaq gücündə olan siyasi intellektual kimi yox, sadəcə gerçəkləşdirə bilmədiyi yarımçıq siyasi ambisiyaların qisasını almağa çalışan intiqamçı fiqur kimi tanıyır. Daha dəqiq desək, Haqq və Ədalət partiyası kimi təqdim olunan qrup sadəcə qisas mexanizmidir".

Ekspert bildirib ki, Əli İnsanovun özünü zorən sitasətə gətirməsinə baxmayaraq, dünyanın və ictimaiyyətin onu qeyri-siyasi, bir sıra keçmiş fəaliyyətlərə görə mafioz, yalnız maddi dəyərlər üçün işləyən şəxs kimi tanıması da olduqca ciddi faktordur və yeni partiyanı bu başdan qaçılmaz iflasa məhkum edir: "Əli İnsanovun və məhdud komandasının yeni partiyanın siyasi-ideoloji platformasını yaratmaq gücündə və potensialında olmadığı da müzakirə olunan məqamlar sırasındadır. Əli İnsanov son 15 il ərzində ölkənin hər hansı sosial-iqtisadi məsələləri ilə bağlı konseptual və siyasi intellektual yükü olan açıqlama ilə çıxış etməyib. Əsasən, ittihamçı, intriqaçı və atmaca xarakterli açıqlamalarla gündəmdə qalan eks nazirin insanların düşüncəsini özünə cəlb edən heç bir siyasi lider keyfiyyətinə malik olmadığını Azərbaycan auditoriyası yaxşı bilir. Bir dövlət məmuru kimi uğursuz olmuş Əli İnsanovu cəmiyyət hətta yaxşı həkim və yaxşı insan kimi də tanımır. Eks nazirin normal siyasi dialoq və siyasi mükalimə aparmaq, böyük auditoriyalar qarşısında kütləvi emosional nitqlər söyləmək qabiliyyətinin yoxluğunu hər kəs bilir və görür".

A.Quliyev qeyd edib ki, əvvala, Əli İnsanovun özünün cəmiyyətdə perspektivli, cəlbedici və xarizmatik imici yoxdur: "İkincisi, Azərbaycanda yeni siyasi partiyaya hazırda heç bir siyasi və sosial sifariş yoxdur. Üçüncüsü, siyasi lider imici olmayan eks nazirin siyasətə qisasçı - məişət düşüncələri ilə gəldiyini ictimaiyyətə sübut etməyə gərək qalmayıb. Dördüncüsü, nazir olduğu dövrdən insanların yaddaşında qeyri-siyasi və qeyri humanist obrazla qalıb. Beşincisi, mühüm sosial paketlər kursunun həyata keçirildiyi indiki dövrdə hər hansı radikal qüvvənin, o cümlədən Əli İnsanovun sosial baza toplaya biləcəyi qətiyyən inandırıcı deyil. Altıncısı, Əli İnsanovun çox ümid etdiyi və ənənəvi olaraq Qərbi Azərbaycan elektoratı adlandırılan kəsimin ona azacıq da olsa meyl edəcəyinin heç bir əlaməti yoxdur. Yeddincisi, onun partiyasının hər hansı beynəlxalq dəstəyə nail ola biləcəyi ümumiyyətlə düşünülmür. Nəhayət, siyasi partiya quruculuğunda çox həlledici faktor sayılan maliyyə qaynaqları məsələsində Əli İnsanov ictimaiyyətlə heç bir manevr etmək imkanında deyil və hara tərpənsə "korrupsiya pulları ilə hərəkət edir" kimi ağır ictimai qınaqla üzləşəcək. Tərəfdaş kimi təqdim etdiyi kadrlar vitrininin personal tərkibi isə onun ümumiyyətlə komandaya malik olmadığını əyani şəkildə göstərir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti