...

Sosial Tədqiqatlar Mərkəzi: Azərbaycanda seçkiləri boykot etmək üçün heç bir səbəb yoxdur

Siyasət Materials 4 Dekabr 2019 15:43 (UTC +04:00)
Ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərindən öncə Milli Şura seçkiləri boykot edə biləcəyi ilə bağlı mesajlar verir.
Sosial Tədqiqatlar Mərkəzi: Azərbaycanda seçkiləri boykot etmək üçün heç bir səbəb yoxdur

Bakı. Elçin Mehdiyev - Trend:

Ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərindən öncə "Milli Şura" seçkiləri boykot edə biləcəyi ilə bağlı mesajlar verir.

Məsələni Trend-ə şərh edən siyasi şərhçi, Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Tural İsmayılov qeyd edib ki, boykot adətən siyasi deqradasiyanın göstəricisi olur:

“Boykot sözü özlüyündə etiraz kultunu ifadə edir. Anlayışın semantikası və fəlsəfəsi də fərdi etiraz hüququnun və toplum haqlarının razılaşmamaq meyarlarını özündə ehtiva edir. Amma necə? Siyasi partiyaların birinci funksiyası seçkilərdə iştirak etməkdir. Xüsusən, müxalif partiya iqtidara gəlmək, yaxud qanunverici orqanda təmsil olunmaq üçün bütün seçkilərdə aktiv iştirak etməlidir. Siyasi fəaliyyətin ana qayəsi, təməl bazası budur. Buna baxmayaraq, dünya tarixində qalmaqallı siyasi boykotlar olub. Hazırda Əlcəzairdə prezident seçkiləri öncəsi boykot çağırışları səslənir. 2018-ci ildə Venesuelada müxalifətin seçkiləri boykot etməsi beynəlxalq imperiya maraqları tərəfindən məqsədli şəkildə sıxışdırılan ölkəni daha da xaosa bürüdü. Yaxud da Güney Afrikada və Nigerdə daha öncə seçkilərlə bağlı boykot qərarları siyasi təlatümlərə rəvac vermişdi”.

Siyasi şərhçi bildirib ki, Azərbaycanda seçkiləri boykot etmək üçün heç bir səbəb yoxdur. Onun sözlərinə görə, daha öncəki seçkiləri "boykot edən" radikal müxalifətin ənənəvi addımının bir neçə səbəbləri var;

- İctimai rəy sorğuları göstərir ki, Azərbaycanda iqtidar partiyası bütün seçkilərdə yenə qalib olacaq.

- Prezidentin sosial və kadr islahatları ilə bağlı ölkəboyu aparılan sorğu və oktyabrda həyata keçirilən “İnam İndeksi” sorğuları da göstərdi ki, Azərbaycan əhalisi ölkədəki islahatları dəstəkləyir, Prezident İlham Əliyevin nüfuzu yüksəkdir.

- Müxalifətin sosial dayaqları həddən artıq zəifdir, seçkilərdə uğur üçün yetərsay nisbəti kifayət deyil.

- Əli Kərimli və ətrafının uzun illərdir dəyişməyən ritorikası seçkilərə qatılmaq üçün heç bir perspektiv vəd etmir...

T.İsmayılov əlavə edib ki, radikallar bu dəfə də seçkiləri "boykot" etsə, iki böyük dilemma ilə qarşı-qarşıya qalacaq:

"Birincisi, azsayılı tərəfdarları da siyasi sükutdan qopacaq və sıraları laxlayacaq. ikincisi, radikal müxalifətin sadəcə qanunsuz aksiyalar və meydan aurasından başqa heç nəyə yaramadığı fikri ictimaiyyətdə daha da möhkəmlənəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti