...

Türk Şurası: Seçki tam qanunauyğun şəkildə keçirilib

Siyasət Materials 10 Fevral 2020 12:02 (UTC +04:00)
Fevralın 10-da Türk Şurasının Müşahidə Missiyası Azərbaycanda keçirilən Parlament seçkilərindəki müşahidələrinin nəticələrini açıqlayıb.
Türk Şurası: Seçki tam qanunauyğun şəkildə keçirilib

Bakı. Samir Əli - Trend:

Fevralın 10-da Türk Şurasının Müşahidə Missiyası Azərbaycanda keçirilən Parlament seçkilərindəki müşahidələrinin nəticələrini açıqlayıb.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən təşkilatın Baş katibin müavini Ömər Kocaman parlament seçkilərinin heç bir qanun pozuntusu olmadan keçirildiyini bildirib: "Müşahidələr Bakı və Mingəçevir şəhərlərində aparıldı. Fevralın 4-də Bakıya gəldik və seçki prosesinə hazırlıqla bağlı araşdırmalar apardıq.

Seçki tam qanunauyğun şəkildə aparılıb. Namizədlər üçün əlverişli şərait yaradılmışdı. Bununla yanaşı, siyasi partiyalar da çoxluq təşkil edirdi. Bu da seçkilərin ədalətli və şəffaf keçirildiyini təsdiqləyir. Məntəqələrdə seçicilər heç bir təsirə məruz qalmadan azad şəkildə seçimlərini edirdilər. Müşahidə apardığımız seçki məntəqələrində texniki tərəfdən və insan amili nöqteyi-nəzərindən səsvermə prosesində hər hansı pozuntu görmədik. İnsanların məntəqələrə yüksək əhval-ruhiyyə ilə səs verməyə gəlmələrini görmək çox maraqlı idi. Bundan başqa, qadın namizədlərin də sayı çoxluq təşkil edirdi".

O, nümayəndə heyətinə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan əməkdaşların daxil olduğunu bildirib və əlavə edib ki, seçki prosesini 2 missiyaya bölünərək müşahidə ediblər: "Seçki məntəqələrində bizə hər cür məlumat verildi, müşahidəmiz üçün lazımi şərait yaradıldı. Namizədlərin sayının çox olması seçkiyə inamın artdığından xəbər verir".

Ömər Kocaman seçkinin uğurla başa çatdığına görə, Azərbaycan xalqını təbrik edib: "Sevindirici haldır ki, bu seçkilərdə gənclər daha fəal idilər. Namizədlərin hər 100 nəfərindən 50-si 20-40 yaş həddində olanlar di. Bu da Milli Məclisin yenilənməsinə, gəncləşməsinə işarədir.

Siyasi partiyaların normal sayda namizədlərlə prosesdə iştirakı qürurvericidir.

Mərkəzi Seçki Komissiyası ölkədə olan 341 min məcburi köçkün üçün 573 seçki məntəqəsi təşkil etdi və onların səs verməsi üçün hər cür şərait yaradılmışdı. 24 məntəqədə müşahidə apardıq. Müşahidəçilərimiz sona qədər prosesi müşahidə edib. Heç bir pozuntu aşkarlamadı. Azərbaycanda parlament seçkilərinin tam demokratik keçirildiyini əminliklə deyirik. Azərbaycan xalqı üçün xeyirli və uğurlu olsun.

Azərbaycanın son 20 ildəki inkişafı artıq göz qabağındadır. Bütün dünya bu inkişafı və nəticəni görür".

Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib. Seçkilərdə 1314 nəfər namizəd iştirak edib.

Səsvermə hüququna malik 5 212 902 nəfər seçicidən 2 547 982 seçici səs verib. Seçici fəallığı 47.81 faiz təşkil edib.

Ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsi olub ki, burada seçici fəallığı 76,1 faiz (37 min 970 seçicidən 29 419 nəfər), ən passiv dairə olan 17 saylı Yasamal 3-cü Seçki Dairəsində isə seçici fəallığı 17,84 faiz (30 min 534 seçicidən 5 min 447 nəfər) təşkil edib.
Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləri olub. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti