Bakı. Trend:
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardini qəbul edib.
Ombudsman Aparatından Trend-ə bildirilib ki, Ombudsman UNICEF-lə səmərəli əməkdaşlığın əhəmiyyətini, birgə tədbirlərin və mühüm layihələrin həyata keçirildiyini diqqətə çatdırıb, gələcək fəaliyyətin yeni müstəvidə davam etdiriləcəyinə əminliyini ifadə edib.
Səbinə Əliyeva Milli İnsan Hüquqları Təsisatı olaraq uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən tədbirlər, o cümlədən müstəqil monitorinq mexanizmi kimi əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi istiqamətində görülən işlərdən və əməkdaşlıq imkanlarından danışıb.
E.Karvardin Azərbaycan Ombudsmanının əhalinin müxtəlif qruplarının, o cümlədən uşaqların hüquqlarının müdafiəsi sahəsində fəaliyyətini, dövlət uşaq müəssisələrində Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində həyata keçirilən birgə işləri yüksək qiymətləndirib.
Görüşdə fəaliyyət planı çərçivəsində Milli Preventiv Mexanizmin uşaq komponentinə dəstək məqsədilə əlavə sosial işçi və hüquqşünas mütəxəsislərin bu proseslərə cəlb olunması, ölkədə qanunla ziddiyyətdə olan uşaqların hüquqlarının təmini vəziyyətinə dair hesabatların hazırlanması, habelə Ombudsmanın fəaliyyəti ilə bağlı məlumatlılığın artırılması, uşaqlara ünvanlanan zəruri sosial xidmətlər əsas müzakirə mövzusu olub.
Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planında əksini tapmış və uşaq hüquqları ilə bağlı müraciətləri də nəzərə alacaq Ombudsmanın vahid Qaynar Xətt xidmətinin yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb, imzalanan fəaliyyət planı üzrə gələcək əməkdaşlığın prioritetləri müzakirə olunub.
Qeyd olunub ki, sosial xidmətlərdən istifadə imkanlarının, habelə uşaq müdafiəsi sisteminə təkliflər baxımından dövlət qurumlarının, hüquq-mühafizə və yerli icra hakimiyyəti orqanlarının ehtiyaclarının qiymətləndirilməsi və monitorinqi də əsas hədəflərdəndir.
Səmimi qəbula və səmərəli fikir mübadiləsinə görə Ombudsmana öz minnətdarlığını bildirən qonaq bir çox istiqamətlərdə gələcək əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.
Yekunda Ombudsman təsisatı ilə UNICEF arasında birgə əməkdaşlığa dair fəaliyyət planı imzalanıb.