...

Azərbaycan Prezidenti: Harada ki, məsuliyyət və nəzarət yoxdur, heç bir iş getməyəcək

Siyasət Materials 10 Mart 2020 21:11 (UTC +04:00)
Harada ki, məsuliyyət və nəzarət yoxdur, heç bir iş getməyəcək
Azərbaycan Prezidenti: Harada ki, məsuliyyət və nəzarət yoxdur, heç bir iş getməyəcək

Bakı. Trend:

Harada ki, məsuliyyət və nəzarət yoxdur, heç bir iş getməyəcək.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirib.

Dövlət başçısı deyib:

"Əlbəttə ki, parlamentin iqtisadi sahədə görülən işlərlə bağlı rolu artmalıdır. Mən hesab edirəm ki, hökumət üzvləri də daha sıx təmasda olmalıdırlar, parlamentdə daim ünsiyyətdə olmalıdırlar, onlara suallar verilməlidir, onlar gördükləri işlər haqqında məruzə etməlidirlər, çıxış etməlidirlər və bunu da biz sistemə salmalıyıq. Çünki bu, həm hökumət üzvlərinin məsuliyyətini artıracaq, həm parlamentin rolu artacaq, - mən istəyirəm ki, Azərbaycanda parlamentin rolu və təsir imkanları artsın, - həm də ümumi işimizə müsbət təsir göstərəcək. Çünki məsuliyyət ən vacib məsələlərdən biridir. Məsuliyyət və nəzarət. Harada ki, bu, yoxdur, heç bir iş getməyəcək. Əksinə, çox mənfi mənzərə ilə üzləşə bilərik. Ona görə bu da bir nəzarət mexanizmi olmalıdır.

Mən indi vətəndaşlara ictimai nəzarət haqqında daim müraciət edirəm ki, bu proses yavaş gedir, hələ öyrəşməmişik. Hələ hesab edirik ki, bəli, orada hansısa icra başçısı bir ağadır, xandır, istədiyini edə bilər, insanları qul kimi işlədə bilər, insanlar da buna dözməlidirlər. Deyirəm ki, verin bu məlumatı, göndərin məktubları. İndi Prezident Administrasiyasında tam başqa bir vəziyyət var. O məktubları əvvəllər bəziləri gizlədirdilər. Əvvəllər kimdən ki, şikayət edirdilər, ona göndərirdilər. O da sonra həmin şikayətçini əzirdi orada. İndi buna son qoyulur. Düzdür, vaxt lazımdır, amma bu, artıq meyildir. Ona görə camaat da ictimai nəzarət işində daha fəal olmalıdır. Bir çox məsələlər haqqında məlumatı əvvəllər mən mətbuatdan alırdım, mənə çatmırdı, gizlədirdilər, malalayırdılar və demək olar ki, bu, böyük çətinliklər yaradırdı. Ona görə hesab edirəm ki, hökumət üzvləri ilə daim təmas olmalıdır, Prezident Administrasiyasında parlamentlə iş üzrə xüsusi şöbə yaradılıb. Bu, əlbəttə, bir daha onu göstərir ki, biz parlamentin işinə böyük əhəmiyyət veririk.

O ki qaldı, iqtisadi islahatlara, onlar da göz qabağındadır. Təkcə şəffaflıq hesabına keçən il biz büdcəyə proqnozdan 1 milyard manat çox vəsait daxil etdik və bu proses davam etdirilir. Bu ilin iki ayında vergi orqanları proqnozdan əlavə 181 milyon manat, gömrük orqanları isə 71 milyon manat çox vəsait yığıblar, məhz şəffaflığa görə, məhz kölgə iqtisadiyyatına qarşı mübarizəyə görə. Kölgə iqtisadiyyatına qarşı mübarizə öz nəticəsini verməkdədir və getdikcə kölgə iqtisadiyyatının əhatə dairəsi daralacaq. Əlbəttə, bunu bir gündə etmək mümkün deyil, bu, bir prosesdir, amma indi bütün hökumət qurumları səfərbər edilib və bu işdə fəaldırlar. İki ayın iqtisadi göstəriciləri də çox müsbətdir. Ümumi daxili məhsul 2,8 faiz artıb, qeyri-neft sektorunda isə yanvar-fevral aylarında 6,7 faiz artıb, biz əsas göstərici bunu sayırıq. Qeyri-neft sənaye istehsalı sahəsində artım 21,7 faizdir. Bu da son illər qeyri-neft sektorunun inkişafına görədir. Çünki neft sektorunda bu artım yoxdur, əksinə, hasilat düşür, qiymətlər də dünən tamamilə çökdü. Deməli, əhalinin gəlirləri iki ayda 9 faiz artıb, inflyasiya cəmi 2,8 faizdir. Bu tendensiya əminəm ki, gedəcək. Düzdür, indi koronavirusla bağlı dünyada gedən ajiotaj istər-istəməz bizə də təsir edir. Ancaq hesab edirəm ki, biz bütün səyləri ortaya qoyub bu vəziyyətdən də şərəflə çıxacağıq. Halbuki indi bir çox ölkələr bundan ciddi əziyyət çəkir. Azərbaycanda isə operativ qərargah yaradıldı və bu gün səhər mənə verilən məlumata görə, artıq xəstələnmiş vətəndaşların sağalması prosesi də uğurla gedir. Karantində olanlar da artıq karantin müddətini başa çatdırırlar və evlərə buraxılırlar. Yəni, vəziyyətə tam nəzarət edilir. Sərhədlərdə də vəziyyət nəzarət altındadır və yük maşınlarının Azərbaycan ərazisindən keçməsi üçün polis müşayiəti ilə xüsusi kalonlar formalaşdırılır. Yolda sürücülərə yemək verilir ki, onlar maşınlarından tez-tez çıxmasınlar. Yəni, bütün lazımi tədbirlər görülür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti