Bakı. Trend:
Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) beynəlxalq hüquq norma və prinsiplərinin hər hansı qaydada pozulmasını, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə xələl gətirən işğal altında olan Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “seçkiləri” şiddətlə qınayır.
Trend-in məlumatına görə, bu barədə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) martın 31-də Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"lə bağlı yaydığı bəyanatda qeyd olunub:
"TÜRKPA, bəyannamələrində dəfələrlə təsbit edildiyi kimi Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həllində qətiyyətli şəkildə dəstəyini bir daha vurğulayır".