Bakı. Elçin Mehdiyev – Trend:
Bu gün bütün dünya koronavirus pandemiyası ilə mübarizə aparmaqdadır. Azərbaycanda insanların bu infeksiyaya yoluxmaması və sağlamlığının təmin edilməsi üçün dövlət tərəfindən ardıcıl və təqdirəlayiq tədbirlər həyata keçirilir.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
A.Həsənova bildirib ki, ölkəmizdə virusun yayılmasının qarşısının alınmasında görülən ən mühüm tədbirlərdən biri də virusla bağlı çoxlu sayda tibbi testlərin keçirilməsidir.
Deputat qeyd edib ki, Azərbaycanda bu günə qədər 60 minə yaxın test keçirilib ki, bu da dünya üzrə ən qabaqcıl göstəricilərdən biridir:
"Bu qədər testin keçirilməsi vətəndaşların sağlamlığına dövlətimizin göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Ümumilikdə, bu çətin vəziyyətdə pandemiya ilə mübarizə aparmaq üçün iqtisadi güc əsasdır. Ölkəmizdə yüksək səviyyəli mübarizə tədbirlərinin təməlində ölkə rəhbərliyinin vətəndaşlarına münasibəti və bu işlərin lazımi səviyyədə həyata keçirilməsi üçün tələb olunan güclü iqtisadiyyat durur.
Çoxsaylı testlərin keçirilməsi yoluxmanın ilkin olaraq yerlərdə müəyyən edilərək digər bölgələrə yayılmasının qarşısının alınması baxımından olduqca vacib tədbirdir".
A.Həsənova vurğulayıb ki, ölkəmizdə tətbiq edilən karantin rejimi, xüsusilə aprelin 5-dən qüvvəyə minmiş yeni karantin qaydalarının xəstəliyin geniş yayılmasının qarşının alınmasında çox mühüm rolu var:
"Bildiyiniz kimi, bu virusun yoluxma qabiliyyəti çox yüksəkdir. Bundan əlavə, bəzi vətəndaşların sosial şəbəkələrdə yaydığı, o cümlədən bəzi KİV-lərdə yayılan qeyri-rəsmi məlumatlar və digər səbəblərdən xəstəlik barədə yalnış bilginin və inamsızlığın yaranması da təsirli amildir. Bununla yanaşı, bəzi insanların xəstəliyə laqeyd yanaşaraq rəsmi tövsiyələrə və ya gigiyenik qaydalara əməl etməmələri yoluxmanın yayılmasına münbit şərait yaradır.
Bu kimi neqativ halların qarşısını almaq üçün vaxtında düşünülmüş və tətbiq edilmiş yeni karantin qaydaları xüsusi əhəmiyyət daşıyır. Əks təqdirdə, bizi gözləyən nəticə məlumdur. Pandemiyanın bəzi inkişaf etmiş ölkələrdə yol açdığı qorxunc fəsadlar göz qabağındadır".