Bakı. Elçin Mehdiyev - Trend:
Aprelin 23-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin onlayn iclası keçirilib.
Trend-in məlumatına görə, Milli Məclis Sədrinin müavini, komitə sədri Fəzail İbrahimli iclası açaraq gündəlik barədə məlumat verib.
Komitə sədri bildirib ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Gənclər siyasəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Reklam haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirəyə təqdim olunur.
Fəzail İbrahimli diqqətə çatdırıb ki, adları çəkilən sənədlərə təklif olunan düzəlişlər “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1524-VQD nömrəli Qanununa uyğunlaşdırma məqsədi daşıyır. Dəyişikliklər gənclərin mənəvi-əxlaqi tərbiyəsinin təmin edilməsi və sağlam gəncliyin formalaşdırılması baxımından əhəmiyyətlidir.
İclasda iştirak edən komitə üzvləri Sahib Alıyev, Azər Badamov, Sevinc Fətəliyeva, Malik Həsənov, Anar İsgəndərov, Ceyhun Məmmədov, Cavanşir Paşazadə layihə barədə fikirlərini açıqlayıblar.
Müzakirələrin sonunda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.