...

Milli Məclis yeni Baş prokurorun təyin edilməsinə razılıq verdi

Siyasət Materials 1 May 2020 11:19 (UTC +04:00)
Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Milli Məclis yeni Baş prokurorun təyin edilməsinə razılıq verdi

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən, Baş prokuror vəzifəsinə Baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb.

Məsələ barəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA) Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev məlumat verib.

Ə.Vəliyev qeyd edib ki, Kamran Əliyevin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilir.

Müzakirələrdən sonra məsələ səsə qoyularaq təsdiq edilib.

Qeyd edək ki, Kamran Əliyev 1990-1993-cü illərdə keçmiş SSRİ Baş Prokurorluğunun Elmi-Tədqiqat İnstitutunda əyani şöbə üzrə aspirantura təhsili alıb, paralel olaraq həmin müəssisədə elmi işçi vəzifəsində işləyib.

1993-cü ildə həmin İnstitutda disertasiya işini müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsini alıb. Daha sonra K.Əliyev köçürülmə qaydasında Azərbaycan Respublikası Prokurorluğu orqanlarına işə qəbul olunmaqla Kadrlar idarəsinin prokuroru, Elm-Tədris Mərkəzinin rəisi, Baş Prokurorluğun İstintaq və ağır cinayətlərə dair işlər üzrə istintaq idarələrində müstəntiq və böyük müstəntiq, Baş prokurorun köməkçisi və böyük köməkçisi, Baş Prokurorluğun Dövlət İttihamının müdafiəsi idarəsinin rəisi vəzifələrində işləyib.

06.08.2007-ci il tarixdən isə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 05.08.2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilib.

II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Hüquq elmləri üzrə fəlsəfə doktorudur.

K.Əliyev Azərbaycan Respublikasının Baş Prokurorluğu Kollegiyasının üzvüdür. O həmçinin Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin, Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunda (GRECO) Azərbaycan nümayəndə heyətinin üzvüdür, habelə ölkəmizin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı üzrə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (OECD) Milli Koordinatorudur. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti