Bakı. Samir Əli - Trend:
Azərbaycanda koronavirusla mübarizə çərçivəsində qəbul edilən son qərarlar bütün dünyada pandemiyanın yayılma templərinin artmasına və ölkəmizdə sırf vətəndaş məsuliyyətsizliyi üzündən yeni dalğa təhlükəsinin özünü real olaraq göstərməsinə tam adekvat və zəruri xarakter daşıyır.
Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, karantin müddətinin uzadılması və xüsusi karantin məhdudiyyətlərinin yenidən bərpası zəruri olmaqla xalqımızın təhlükəsizliyinə və sağlamlığına daha möhkəm əsaslar yaratmaq məqsədindən irəli gəlir: "Xüsusi karantin məhdudiyyətlərinin bərpası cəmiyyətimizə və hər bir vətəndaşa qlobal bəla ilə mübarizəyə öz şəxsi töhfələrini verə bilmək üçün yeni şans kimi dəyərləndirilə bilər. Vətəndaşlarımız bu şansdan maksimum səmərəli istifadə edərək lazımi məsuliyyəti nümayiş etdirə bilsə, dünya ölkələrində nəyin baş verməsindən asılı olmayaraq Azərbaycanı koronavirusdan həqiqətən tam və etibarlı mühafizə olunan ölkəyə çevirə biləcəyik.
Heç kimə sirr deyil ki, koronavirusla mübarizə mövzusunda ölkəmiz ilk əvvəldən yaxşı mənada öncüllər sırasında olub. Pandemiyanın nəzarət altına alınmasında, sistemli mübarizə modeli yaradılmasında və pandemiya şəraitində insanların rifahının ən səmərəli müfafiə mexanizmlərinin tətbiqində əksər ölkələri qabaqlaya bildik. Hətta hamıdan əvvəl olaraq yoluxanlarla sağalanların say nisbətindəki müsbət dinamikanı ikincinin xeyrinə dəyişə bildik. Elə günlər var idi ki, sağalanlar virusa yoluxanlarln sayını hətta iki-üç dəfə üstələyirdi. Bunlar sözsüz ki, koronavirusla mübarizə tarixində xalqımıza, dövlətimizə və hər bir məsuliyyətli vətəndaşa qürur verən faktlardır. Koronavirusla mübarizədə bütün uğurlar şəxsən Prezident İlham Əliyevin bu mövzuda da gündəlik və sistemli düşüncə və fəaliyyətlərinin praktik təcəssümü ilə bağlıdır".
A.Quliyev deyib ki, ölkəmizin fədakar tibb personalının səyləri və məsuliyyətli vətəndaşların davranışları da öz həlledici rolunu oynadı: "Lakin bu gün karantin müddətinin uzadılması qərarı hər bir vətəndaşı düşündürməlidir və hər kəs qəbul etməlidir ki, koronavirusla mübarizədə dövlət başçısının və dövlət orqanlarının nümayiş etdirdiyi məsuliyyət və fədakarlıq qədər cəmiyətimiz fədəkar və məsuliyyətli ola bilmədi. Əgər cəmiyyətimizdə məsuliyyət hissi bütöv və kollektiv xarakter daşısaydı, bəlkə də xüsusi qaydaları uzatmağa bu qədər ehtiyac yaranmazdı.
Karantin qaydalarının uzadılması qərarı bir daha Azərbaycan dövlətinin qlobal təhlükəsizlik ideyasına və öz xalqımızın mənafelərinə nə qədər bağlı olduğunu göstərir. Həm də onun ifadəsidir ki, pandemiya üzərində son və qəti qələbəmiz hər bir Azərbaycan vətəndaşının anlaşıqlı və məsuliyyətli davranışları ilə birbaşa bağlıdır".